POLİTOLOQUN QEYDLƏRİ

AVROPADA DA QORXU HAKİMDİR

Zelenski NATO-dan gözlədiklərini ala bilmir, buna görə çox məyusdur

ABŞ-la Avropadakı müttəfiqləri arasında Ukraynaya əməli yardımla bağlı fikir ayrılığı var

Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nu təndiq atəşinə tutub. Ölkə rəhbəri bildirib ki, Qərbin “təhlükəsizliyə zəmanət” vədi ölü dəyərdir. Onun sözlərinə görə, NATO-nun ötən gün keçirilən sammitindən sonra Ukraynadakı ölümlərin məsuliyyəti məhz hərbi alyansın üzərində qalacaq: “4 martda NATO sammiti baş tutdu, zəif sammit idi. Sammitdən görünür ki, Avropa uğrunda mübarizəni hər kəs bir nömrəli məqsəd hesab etmir. Qərb ölkələrinin kəşfiyyatı Rusiyanın planları haqda çox gözəl bilir. Onlar da təsdiqləyiblər ki, Rusiya hücumu davam etdirmək istəyir”.

Ukrayna prezidenti hərbi blokun Ukrayna üzərində səmanı qapatmaq istəməməsinə münasibət bildirib: “Yeni zərbələr və itkilərin olacağını bilə-bilə, qəsdən Ukrayna üzərindəki səmanı bağlamamaqla bağlı qərar qəbul etdilər. Ukrayna səmasının qapadılmasının Rusiya ilə Qərb arasında toqquşmaya gətirib çıxaracağı ilə bağlı fikri NATO ölkələri özləri uydurublar. Bu, zəiflərin, özlərindən əminliyi olmayanların özünü hipnoz etməsidir. Siz insanlar haqda düşünməli idiniz. İnsanlıq haqda.

Məgər biz belə NATO istəyirdik?”. Zelenski əlavə edib ki, alyans rəhbərliyi Ukrayna üzərində uçuşsuz zonanı yaratmaqdan imtina edərək Rusiyaya “yaşıl işıq” yandırır: “Qərb ölkələri ümumi gələcək üçün tökülən “litrlərlə qanın” müqabilində “litrlərlə yanacaq” verməklə yaxa qurtara bilməyəcək”. Prezident avropalıları da küçələrə çıxmağa və Rusiya ilə müharibədə Ukraynaya dəstək nümayiş etdirməyə səsləyib: “Susmayın, küçələrə çıxın, Ukraynanı dəstəkləyin. Azadlığımızı dəstəkləyin. Çünki bu, təkcə Rusiya hərbçiləri üzərində qələbə deyil, bu, işığın qaranlığa qalib gəlməsidir. Bu, xeyirin şər üzərində qələbəsidir”.

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba da beynəlxalq ictimaiyyətə müraciət edib:

“Bizə Putini dayandırmağa kömək edin. Rusiya gəmiləri üçün bütün Avropa limanlarını bağlayın. İndi hərəkət etmək vaxtıdır”.

Politoloq Sədrəddin Soltan vurğulayıb ki, Rusiyanın hücumu zamanı Ukraynanın 2 mindən çox dinc sakini ölüb. BMT-nin martın 2-nə olan məlumatına əsasən, Ukraynanın 1,2 milyondan çox vətəndaşı ölkəni tərk edib. Analitikə görə, müharibədə Rusiyanın ədalətsiz olduğu heç kimə sirr deyil: “Kreml Ukraynanın Luqansk və Donetsk vilayətlərində yaradılan qondarma qurumları tanıyaraq onlarla təhlükəsizliyə və yardıma dair müqavilə imzalayıb. Deməli, həmin müqavilənin məntiqinə əsasən, bu savaş adıçəkilən vilayətlər istiqamətində getməli idi. Ancaq döyüş Donbassdan çox uzaqda mülki obyektlərin və yaşayış yerlərinin bombalanması ilə davam edir. Başqa sözlə, Rusiya separatçı vilayətlərin hüdudlarını aşaraq müharibəni Ukrayna daxilində davam etdirir. Bu isə məsələnin əvvəlki mahiyyətinin dəyişdiyini deməyə əsas verir. Rusiyanın apardığı bu müharibə həm də Qərb bloku üçün bir sınaqdır. Günü-gündən “Qərbə güvənmək olarmı” sualı aktuallığını daha da artırır. Onlar müttəfiqlərini qoruya bilirmi? Ukrayna Qərbə inteqrasiyaya üstünlük verən dövlətdir. Bu ölkədə son 8 ildə baş verənlər də bu istəklə bağlıdır. Həmin müddət ərzində Rusiya Krımı ilhaq elədi, Donbassda separatçılığı təşkil etdi. Fevralın 24-dən isə Rusiya apardığı müharibə nəticəsində Ukraynanın müəyyən hissəsini ələ keçirib. Ukrayna dövlətinin indiyədək atdığı addımlar qarşılığında Qərb bloku Rusiyanın hərbi əməliyyatları qarşılığında adekvat cavab verə bilib? Ötən gün Zaporojye Atom Elektrik Stansiyasını Rusiya hərbçilərinin ələ keçirməsi fonunda nəticə qaneedici deyil. Başqa sözlə, Qərb bütövlükdə Rusiyaya qarşı sanksiyalar tətbiq edib, Kremli tənqid edən bəyanatlar verməklə kifayətlənir. Öz ərazi bütövlüyü, suverenliyi, Qərbin, o cümlədən Avropa İttifaqının dəyərləri və təhlükəsizliyi uğrunda döyüşən Ukraynanın dövlət başçısı NATO-nun son addımından məyus olduğunu gizlətmir. ABŞ-la Avropadakı müttəfiqləri arasında Ukraynaya əməli yardımla bağlı fikir ayrılığı var. Avropalılar Rusiyanın onların da ərazisini vura biləcəyindən ehtiyatlanaraq, Ukraynaya əməli yardım etməkdən, o cümlədən hava məkanının bağlanmasından ehtiyatlanırlar. Amerikanın keçmiş prezidenti Donald Tramp Avropadakı müttəfiqlərini, o cümlədən Almaniyanı Rusiya ilə sıx əməkdaşlıqda qınayırdı. Bu, indi özünü təsdiqləyir. Avropa İttifaqı, eyni zamanda NATO-dakı həmin dövlətlər Rusiyadan çəkinir, açıq qarşıdurma üçün addım atmağa cəsarət etmirlər. O halda Ukraynadan Rusiyaya qarşı təzyiq vasitəsi olaraq istifadə edirlər”.

S.Soltan qeyd edib ki, NATO Avropa İttifaqına üzv dövlətlərin sərhədlərindən çox uzaqda yerləşən Suriya, İraq, Əfqanıstanda, Koreyada döyüşsə də, Ukraynada daha ciddi yardımlar üçün tərəddüd edir:

“Halbuki, Ukrayna Avropa İttifaqı və NATO-nun sərhədindədir. Ukrayna Alyansı və İttifaqı ehtimal olunan perspektiv hədə və təzyiqlərdən qoruyur. Beləliklə, Qərb müttəfiqlərini SSRİ dövründəki kimi müdafiə edə bilmir. Rusiyanın Ukraynada heç nədən çəkinmədən müharibə aparması da bunun acı nəticəsidir”.

Şərhlər bağlıdır.