İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei region ölkələri ilə bağlı növbəti qalmaqallı bəyanat verib.
Bir müddət əvvəl Suriya prezidenti Bəşər Əsəd ilə görüşündə bəzi qonşu ölkələrin rəhbərlərini İsrail ilə yaxın münasibətlər qurmaqda günahlandırıb. Xamenei həmçinin qonşu ölkələrin xalqlarının Qüds günündə İsrailə qarşı nümayişlər keçirdiyini və şüarlar səsləndirdiyini dilə gətirib.
Bildirilir ki, İranın ali rəhbəri bu açıqlamasında Köfrəz ölkələri, Türkiyə, ən əsası Azərbaycanı nəzərdə tutur.
Digər önəmli məqam isə İran parlamentinin spikeri Məhəmmədbaqir Qalibafın Azərbaycana səfəri öncəsi belə bir bəyanatın səsləndirməsi ölkə daxilində siyasi gedişlərin haçalanmasına dəlalət edir.
Maraqlıdır, İranın dini və siyasi rəsmiləri bu kimi təzadlı addımlar atmaqla nə kimi məqsədlər güdürlər?
Politoloq Sədrəddin Soltanın Ednews – a İran hakimiyyətinin Azərbaycanla bağlı belə bəyanatlarına dəfələrlə şahid olduğunu deyib.
“İlk növbədə Ayətullah Xameneinin görüşdüyü şəxsə diqqət yetirmək lazımdır. Bəşər Əsəd bir çox dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən legitim dövlət rəhbəri kimi yox, öz xalqını qanına qətliam edən rəhbər kimi tanınır. Qaldı ki, Xameneinin açıqlamasına, İran hakimiyyətinin Azərbaycan-İsrail münasibətlərinə bu sayağı yanaşması ilk deyil. Xatırladaq ki, 44 günlük müharibə bitdikdən sonra İran tərəfi Azərbaycanı İsrail ilə müttəfiqlik etməkdə ittiham edirdi. Hətta, Azərbaycanda guya İsrail hərbiçilərinin fəaliyyət göstərməsi ilə bağlı bəyanatlar səsləndirirdilər. Bundan başqa İran 44 günlük müharibə dövründə işğalçı Ermənistana dəstək verdi. Başda Xamenei olmaqla onun rəhbərlik etdiyi rejim Qarabağ müharibəsində guya terrorçu təşkilatların təmsilçilərinin döyüşdüyünü bəyan edirdilər”.
Politoloq İranda indiyə kimi “Qarabağ günü” adlı tədbirin keçirilməməsi məsələsinə də toxunub:
“Müharibədən əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı Ararat kulubunda Qarabağ Ermənistandır şüurına İran rəhbərliyi kəskin reaksiyası bildirmədi. Bunun səbəbi isə İran hakimiyyətinin, o cümlədən Xameneinin Qarabağ məsələsinə münasibəti tərəfli olmasıdır”.
Sədrəddin Soltan hesab edir ki, Tehran rejimi fələstinlilərin maraqlarının və hüquqlarının müdafiəsi adı altında öz siyasi manefeyinə və regionda gərginlik yaratmaq üçün istifadə edir.
“Azərbaycan Fələstini dövlət kimi tanıyır, bu dövlət ilə münasibətləri var. Buna görə də İran hakimiyyətinin ölkəmizə qarşı açıqlamaları yersiz və gülüncdür. Xamenei köhnə bayatıları oxumaqla, köhnə palan iki tökməklə hər iki qonşu dövlət arasında normallaşmaqda olan əlaqələrə kölgə salır. Ali rəhbərin bu kimi açıqlamaları yalnız Azərbaycanda İrana olan etimadın azalmasına xidmət edir, ölkəmizin daxili işlərinə qarışmağa cəhd etməsini təsdiq edir”.
İran parlamentinin sədri Məmmədbaqir Qalibafın Azərbaycana rəsmi səfərinə gəlincə isə, Sədrəddin Soltan bu səfərin məqsədinin iki ölkə arasında münasibətlərin normallaşmasına, eləcədə parlamentlərarası əlaqələrin inkişafına istiqamətləndiyini bildirib.
“Qalibaf Bakıda Xameneinin tutduğu mövqeyəyə uyğun açıqlamalar da verə bilər. Çünki bu rejimin təməl prinsipləri İsrailə ölüm üzərində qurulub. Bu onların öz mövqeyidir, öz ideoloji xəttidir. Onların bu mövqeyi regionda qarşılıqlı etimadın azalmasına və qarşıdurmaların yaranmasına təkan verir. İranın Azərbaycanla bağlı fərqli və müəmmalı addımları cəmiyyətimizdə qonşu ölkəyə etimadsızlıq yaradır. Bütün bunların başında isə Seyid Əli Xamenei durur”.
Xatarladaq ki, bir müddət əvvəl də Ayətullah Xameneinin azərbaycan dilində ölkəmizə qarşı təxribat xarakterli paylaşım edib.
Yunis Abdullayev
Şərhlər bağlıdır.