İranın cənubunda bir çox əyalətlərdə ərzaq qiymətlərinin yüksək olması səbəbindən nümayişlər keçirilib. Etiraz etmək üçün küçələrə çıxan nümayişçilərdən 22-si həbs edilib.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, Xuzistan, Luristan, Çaharmahal və Bəxtiyari və Buyer Əhməd əyalətlərində keçirilən etiraz aksiyaları zamanı nümayişçilər təhlükəsizlik qüvvələri ilə toqquşub.
Xuzistan vilayətinin Andimeşk şəhərində 15, Buyer Əhməd vilayətinin Kohgiluye və Yasuc şəhərlərində keçirilən nümayişlərdə isə 7 nümayişçi həbs edilib. Əndimeş şəhərində təxminən 200 nəfərin iştirak etdiyi nümayişlər zamanı bir yanğınsöndürənin yaralandığı öyrənilib.
Xuzistan əyalətindəki etirazlar zamanı bəzi bazarları qarət edən nümayişçilər İran İnqilab Keşikçiləri Ordusunun Əsas Təşkilatına aid məscidi də yandırıblar. Etirazçılar yolları bağlayaraq, təkərləri və ağacları yandıraraq, hökumətin əsas ərzaq tədarükü üçün subsidiyaları ləğv etməsinə reaksiya verərək, qiymət artımlarına dair tədbirlər görülməsini istəyiblər.
Qeyd edək ki, İranda hökumətin ərzaq tədarükü üçün subsidiyaları ləğv etməsi əsas ərzaq məhsullarının qiymətlərinin qalxmasına səbəb olub. Ərzaq məhsullarında 30 faizlik artımdan sonra hökumət un, yağ, makaron, şəkər və buğdadan başqa heç bir ərzaq məhsulunda qiymət artımının olmayacağını açıqlayıb.
Şərhlər bağlıdır.