AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİNDƏ ŞUŞA

Əvvəli ötən sayımızda

1805-ci il mayın 14-də İbrahim Xəlil xan Gəncənin yaxınlığındakı Kürəkçay sahilində Rusiya ilə müqavilə imzalayaraq ondan asılılığı qəbul edir. Sazişin şərtlərinə görə, Şuşa qalasında və xanlığın ərazisində olan digər mühüm strateji yerlərdə rus qoşunları yerləşdirilməli idi (Azərbaycan tarixi. 2-ci cild, 3-cü bölmə (Azərbaycanın Rusiyaya birləşdirilməsi. Azərbaycanda kapitalist münasibətlərinin meydana çıxması və inkişafı), Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1964, s.7).

Orta Şərqdə möhkəmlənməyə və ingilisləri oradan sıxışdırmağa çalışan Fransa imperatoru Napoleon 1805-ci ildə öz emissarları Jober və Romyeni İrana göndərməklə Rusiya ilə başlanmış müharibədə şaha öz köməyini  təklif edir və Rusiyaya birləşdirilmiş Zaqafqaziya vilayətlərinin tutulmasında ona yardım edəcəyinə söz verir. O dövrün bir sənədində deyildiyi kimi, Napoleon nümayəndələrinin əsas məqsədi Fətəli şahı Zaqafqaziyaya yeni basqına təhrik etməkdən ibarət idi. Artıq 1805-ci il iyunun 1-ci yarısında Abbas Mirzə ordusunun ön hissələri Arazı keçərək, rus qarnizonu və Qarabağ xanı dəstələrinin yerləşdiyi Şuşaya doğru hərəkət edirlər. Şuşanın sayca az olan qarnizonuna kömək məqsədi ilə Gəncədən polkovnik Karyaginin komandanlığı altında iki topla silahlanmış 500 nəfərlik dəstə göndərilir. Şuşa qalası hasarları yanındakı döyüşlərdə müvəffəqiyyətsizliyə uğrayan və Karyaginin dəstəsinə qalib gələ bilməyən Abbas Mirzə [10 min nəfərdəbn ibarət] öz qoşunları ilə Gəncəyə tərəf hərəkət edir (Azərbaycan tarixi. 2-ci cild, 3-cü bölmə (Azərbaycanın Rusiyaya birləşdirilməsi. Azərbaycanda kapitalist münasibətlərinin meydana çıxması və inkişafı), Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1964, s.9).

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində də Şuşa Qarabağın mərkəzi şəhəri olmaqla öz mövqeyi ilə yenə də düşmənlərimizin maraq dairəsinin mərkəzində dayandı. 1918-ci ilin dekabrında Cəbrayıl qəzasında başlayan və 1919-cu ilin əvvəllərində genişlənməkdə olan erməni hücumları daha dağıdıcı xarakter almağa başladı. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil aldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi (https://web.archive.org/web/20170706202536/http://karabakhinfo.com/12439).

Bu zaman İran da yeni yaranmış müstəqil və suveren Azərbaycan Xalq Cümhuriyyətinə qarşı öz mövqeyini ortaya qoydu; Şərqdə ilk olaraq yaradılmış gənc və suveren demokratik dövlətə “Azərbaycan” adının verilməsinə qarşı ultimatum verdi, onun müstəqilliyini tanımaqda uzun müddət tərəddüd etdi. Paris Sülh Konfransı Ali Şurasının Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanınması haqqında 1920-ci il 11 yanvar tarixində qərar qəbul etməsinə baxmayaraq, İran hökuməti onun müstəqilliyini 1920-ci ilin 20 martında de-yure olaraq qəbul etməsi barədə müqavilə imzaladı. Lakin 1920-ci ilin 28 aprel tarixində  XI qızıl ordunun Bakını işğal etməsi ilə İranla Azərbaycan arasında imzalanmış bu müqavilə ratifikasiya edilmədən arxivə göndərildi (ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər), Bakı, “Şərq-Qərb”, 1017, s.14-15). İran hökuməti yeni yaranmış Sovet Rusiyası ilə də paralel olaraq siyasi danışıqlar aparırdı, ona Qafqazda yaranmış yeni müstəqil respublikaların heç birini tanımayacağı barədə vədlər verirdi. İran XİN-in Rusiya şöbəsinin 19 dekabr 1919-cu il tarixli raportunda sovet səfiri ilə keçirilən görüşün məhz bu məzmunda olduğu qeyd edilir və Tehranın yeni yaranmış Qafqaz respublikalarına münasibətdə mövqeyinin xarakteri açıqlanırdı (ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər), Bakı, “Şərq-Qərb”, 1017, s.23). İranın Azərbaycan Xalq Cümhuriyyətinin ayrı-ayrı ərazilərinə iddia etməsi, onun sərhədlərini və ərazi bütövlüyünü tanımaqdan boyun qaçırmasının məntiqi əslində bəlli idi. Belə ki, 1826-1828-ci il Rusiya-İran müharibəsinin nəticəsində bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq həmin əraziləri Rusiyanın mülkü kimi tanıyan Tehran hökumətinin Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini şübhə altına alması müsəlman qardaşlığına, qonşuluq prinsiplərinə uyğun gəlməyən bir davranış tərzi idi və belə bir davranış, belə bir münasibət Azərbaycan ərazilərinin qəsbində maraqlı olan Ermənistanın təcavüzkar mövqeyindən heç nə ilə fərqlənmirdi. İran diplomatları nə zamansa Azərbaycanın mütləq şəkildə İrana birləşəcəyinə ümid edir, Türkmənçay müqaviləsini “biabırçı” bir sənəd adlandırmaqla tarixi ədalətsizliyin bir gün bərpa olunacağına inandıqlarını bəyan edirdilər.

İran şovinistlərinin sözügedən mövqeləri bu gün də təbliğ edilməkdədir. Bu günkü şəraitdə onlar arzularına çatmayacaqlarını yəqin bilsələr də, şimalda iqtisadi, mədəni və hərbi cəhətdən inkişaf etməkdə olan, beynəlxalq aləmdə tanınan gücə çevrilən qonşusu Azərbaycan Respublikasının İranda, xüsusilə də onun şimal-qərb əyalətlərində kompakt şəkildə yaşayan azərbaycanlılara təsirindən, hətta gələcəkdə İrandan ayrıla biləcəklərindən qorxurlar. Ona görə də “separatizm”, “ərazi bütövlüyünün pozulması təhlükəsi” kimi əsassız təhlükələri əldə əsas tutaraq müstəqil Azərbaycan Respublikasına qarşı təbliğatdan, hədyanalıqdan, hədə-qorxudan əl çəkmirlər.

İslam rejimi müstəqil və suveren Azərbaycan Respublikasının yaranmasından sonra milli birlik ideologiyasına çevrilən azərbaycançılıq ideyasının güclənməsindən, özü üçün onun fəsadlarından ehtiyatlanaraq onun qarşısını almağa və bu işdə rus-erməni amilindən məharətlə istifadə etməyə başladı (Talıblı Sübhan. İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi: 1991-2005-ci illər: tarix elm. üzrə fəlsəfə dok. … dis. avtoreferatı: 07.00.03 / S. Ə. Talıblı; elmi rəh. Ş. Ə. Tağıyeva; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı-2010.- 23 s.). İran rəhbərliyi azərbaycançılığa indinin özündə belə iki ölkə ölkənin münasibətlərində gərginlik yaradan amil kimi baxır. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində İranın ermənipərəst mövqeyi də həmin təsirlərin nəticəsi kimi qiymətləndirilə bilər.

8 may 1992-ci ildə Şuşa şəhəri erməni vandalları tərəfindən işğal edilərək amansız şəkildə dağıdıqdan sonra onun işğalında İranın da əli olduğu barədə bir sıra mətbuat orqanlarında və kütləvi informasiya vasitələrində xəbərlər yayılmışdı. Amma Azərbaycan Respublikası rəhbərliyi İranla qonşuluq, dinc yanaşı yaşamaq və bir-birinin ərazi bütövlüyünü tanımaq və qarşılıqlı hörmət prinsiplərini əldə əsas tutaraq bu cür fikir və mövqelərin rəvac tapmasına yol vermədi. 13 may 2017-ci il tarixində İranda nəşr olunan ermənilərə məxsus “Alik” qəzeti və eyni adlı saytda gedən yazılarda Şuşanın işğalı ilə bağlı o zaman Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovun 12 may 1992-ci il tarixində AzTV kanalındakı çıxışını yaymaqla Bakı hakimiyyətinin 25 illik anti-İran təbliğatının əsassız olduğunu sübut etməyə çalışmışdır. Bəs əsil həqiqət necə olmuşdur? Bunun üçün həmin çıxışın mətnindəki müvafiq məqamlara diqqəti çəkmək yerinə düşərdi: “…Bildiyiniz kimi [1992-ci ilin] mart ayının əvvəllərindən başlayaraq, İran İslam Respublikasının vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında və Dağlıq Qarabağda yaranmış münaqişəni danışıq yolu ilə, siyasi yolla həll etmək üçün görüşlər keçirilirdi və mükalimələr aparılırdı. Bu danışıqların yekunu olaraq, may ayının 6–da İran İslam Respublikasının prezidenti ağayi Rəfsəncaninin rəsmi dəvəti ilə Azərbaycanın nümayəndə heyəti İranda Ermənistan nümayəndə heyəti ilə üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana yola düşdü. Tehrana səfərimiz üç günə planlaşdırılmışdı . Ancaq biz respublikada yaranmış vəziyyətlə əlaqədar Iran İslam Respublikasının rəhbərliyi qarşısında məsələ qoyduq ki, bu görüş bir gündə qurtarmalıdır. Ayın 6–da İranda, Tehran şəhərində İran İslam Respublikasının rəhbərliyi ilə görüşdük. Axşam isə Ermənistanın nümayəndə heyəti İrana gəldi. Ermənistan nümayəndə heyəti ilə bizim görüşlərimiz ayın 7–nə səhər saat 9–a təyin olundu. Ayın 7–də saat 9 tamamda İran İslam Respublikası prezidentinin iqamətgahında hər üç tərəfin iştirakı ilə danışıqlar başlandı. Bu danışıqlar çox kəskin, çox gərgin, çox mübahisəli oldu. Ona görə də danışıqları həmin gün qurtara bilmədik, çünki müəyyən bir qərara gəlib, müəyyən bir sənəd imzalamaq mümkün olmadı. Ancaq İran İslam Respublikasının prezidenti ağayi Rəfsəncaninin çox böyük səyi və inadkarlığı nəticəsində görüşlər pozulmadı. Görüşlərin yenidən davam etdirilməsi qərara alındı. Nəhayət, ayın 7–də bütün günü və ayın 7–dən 8–nə keçən gecə hər iki nümayəndə heyəti İran İslam Respublikası rəhbərliyinin bilavasitə iştirakı ilə danışıqları davam etdirdi. Danışıqlar nəticəsində bizi qane edən bir sənəd hazırlandı və bu sənədə əsasən, Azərbaycan Respublikasının çox təkidlə tələb etdiyi bəzi məsələlər həll olundu və ona görə o məsələlər bu sənədə daxil oldu və belə bir sənəd imzalandı. Bu sənəddə bizi qane edən və çox təkidlə tələb etdiyimiz əsas məsələ ondan ibarət idi ki, Ermənistanla Azərbaycan arasında bütün sərhədlər boyu, o cümlədən Dağlıq Qarabağda, bütün münaqişə zonalarında atəş dayandırılsın və atəşin dayandırılmasına İran İslam Respublikasının müşahidəçiləri, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi tərəfindən göndərilmiş müşahidəçilər nəzarət etsinlər. Sənəd imzalandıqdan sonra biz təcili olaraq Tehrana, təyyarə limanına yola düşdük və Bakıya gəlməli olduq. Tehranda təyyarəyə minərkən bizə məlumat verdilər ki, Ermənistanın hərbi qüvvələri Laçın rayonu tərəfdən Azərbaycan ərazisinə hücuma keçib, Şuşa ətrafında ağır döyüşlər gedir və çox gərgin vəziyyət yaranıb. Biz elə təyyarə limanında İranın prezidenti Rəfsəncaniyə bu xəbəri çatdırdıq və qəti surətdə öz etirazımızı bildirib tələb etdik ki, təcili olaraq Rəfsəncani Ter–Petrosyanla əlaqə saxlasın və bu məsələnin həll olunmasını tələb etsin…”

(https://alikonline.ir/fa/news/political/%D8%B3%DB%8C%D8%A7%D8%B3%DB%8C/item/3011-%D8%A7%D9%86%D8%AA%D8%B4%D8%A7%D8%B1-%D9%85%D8%AA%D9%86-%DB%8C%DA%A9-%D9%86%D8%B7%D9%82-%D8%AA%D8%A7%D8%B1%DB%8C%D8%AE%DB%8C%D8%8C-%D8%AD%D9%82%D8%A7%DB%8C%D9%82-%D8%A7%D8%B4%D8%BA%D8%A7%D9%84-%D8%B4%D9%87%D8%B1-%D8%B4%D9%88%D8%B4%D8%A7-%D8%B1%D8%A7-%D8%B1%D9%88%D8%B4%D9%86-%DA%A9%D8%B1%D8%AF-%D8%AE%D8%B7-%D8%A8%D8%B7%D9%84%D8%A7%D9%86-%D8%A8%D8%B1-%D8%AA%D8%A8%D9%84%DB%8C%D8%BA%D8%A7%D8%AA-%D8%B6%D8%AF-%D8%A7%DB%8C%D8%B1%D8%A7%D9%86%DB%8C-%DB%B2%DB%B5-%D8%B3%D8%A7%D9%84%D9%87-%D9%85%D9%82%D8%A7%D9%85%D8%A7%D8%AA-%D8%A8%D8%A7%DA%A9%D9%88). Təəssüflər olsun ki, İran bir neçə saat öncə imzalanan sənədin şərtlərinə uyğun öhdəsinə götürdüyü məsuliyyəti yerinə yetirə bilmir.

Y.Məmmədov may ayının 9-da gecə saat 4 iradələrində şox böyük narahatlıq, təşviş hissi ilə İran Respublikasının prezidenti Rəfsəncaniyə, Türkiyənin Baş naziri Süleyman Dəmirələ, Rusiya hərbi naziri  Qraçova və başqalartına zəng vurub yaranmış vəziyyətlə onları tanış edir və onlardan tələb edir, xahiş edir ki, təcili tədbirlər görsünlər  və bu müharibə dayandırılsın.  Xüsusi olaraq vurğulayır ki, “Şuşanın ermənilər  tərəfindən zəbt olunması  Azərbaycan xalqı üçün çox böyük zərbə olar və bu regionda  onsuz da gərgin olan vəziyyəti  elə bir dəhşətli vəziyyətə gətirib çıxarar ki, onun qarşısını heç bir qüvvə ilə almaq mümükün olmaz” (https://strateq.az/siyaset/166136/prezident-s%C9%99lahiyy%C9%99tini-icra-etmis-yaqub-m%C9%99mm%C9%99dovun-1992-ci-ild%C9%99-susa-il%C9%99-bagli-xalqa-muraci%C9%99ti.html). Bəli, belə bir vəziyyət 30 ilə yaxın davam etdi. Müsəlman İranı isə xristian Ermənistanı ilə bütün səviyyələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrini daha yüksək səviyyələrdə qurmaqla davam etdirdi.

Azərbaycan Respublikasının 44 günlük II Qarabağ savaşında və zəfərlə başa çatan Vətən müharibəsindən sonra belə İran Ermənistanla münasibətlərində mövqeyini dəyişmədi, əksinə Azərbaycan tərəfinə iddialarından da əl çəkmədi. “İRNA” xəbər agentliyinin 30 sentyabr 2020-ci il tarixində (Vətən müharibəsinin başlanmasından 3 gün sonra) Şərqi Azərbaycanın “Avtomobil yolları və yükdaşıma idarəsi”nin Baş direktoru Orucəli Əlizadənin verdiyi məlumata istinadən təqdim etdiyi xəbərə görə, İranla Ermənistan arasındakı Nurdüz sərhəd məntəqəsindən keçən İran və xarici yük maşınların miqdarı II Qarabağ savaşının başlanmasından keçən 23 gün ərzində 77,8%, idxal və ixracın həcmi isə 78,4% artmışdı. Eyni dövr ərzində Nurdüz sərhəddindən girib çıxan tranzit malların miqdarı 31,2 min ton təşkil etmişdir. Belə ki, 68% artım olmuşdur (Bax:https://butov.az/xeber/siyaset/15725-nurduzdn-ermnistana-danan yuklrin-statistikas-ndn-xbr-verir.html?fbclid=IwAR0AyGQLHN2l-siVexylLiNdb9j6uGSYVcPjeaRv1gQ5E0EuHLgnveXl8YQ).

Tranzit mallar sırasına İranın şimalında Ənzəli limanı vasitəsilə Rusiyadan, cənubunda Bəndər-Abbas limanı vasitəsilə Fransadan gətirilən mallar daxil idi və onların da böyük bir hissəsini hərbi texnika və döyüş sursatları təşkil edirdi. Bu mallar Azərbaycanla Ermənistan arasında müharibənin başlanması ərəfəsində və onun gedişi zamanı Qarabağa erməni işğalçılarına ötürülmüşdur. Bu İran İslam Respublikasının təkzibedilməz mövqeyidir.

Bununla belə, Azərbaycan xalqının Vətənin azadlığı uğrunda apardığı ədalətli müharibədə onun iradəsi, doğma diyarına sevgisi, Ali Baş komandana inamı qalib gəldi. Azərbaycan mədəniyyətinə dühalar, tariхi şəхsiyyətlər, incəsənət хadimləri bəхş еtmiş Şuşanın 8 noyabr 2020-ci il tarixində düşməndən azad edilməsi qələbə müjdəsi oldu. Bu qələbə Azərbaycan xalqının qürurunu bərpa etdi, başını ucaltdı.

Bu şəhəri özünün adına çıхmağa çalışanların arzusları ürəklərində qaldı. Düşmənlərimiz Şuşanı müvəqqəti işğal еtsələr də, кənd-кəsəкlərinə yalançı adlar qоysalar da, оnu hеç vaхt özününкüləşdirə bilmədilər.

Bütün hallarda Azərbaycan və İran arasında əbədi maraqları şərtləndirən bir çox amillər – din, dil, mədəniyyət və xüsusilə qismətimizə düşmüş əbədi qonşuluq ilişgiləri vardır ki, bunlar əsrlər boyu davam etmiş və bu gündən sonra da edəcəkdir.

11 mart 2022-ci il tarixində Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında imzalanmış Anlaşma Memorandumu (https://sonxeber.az/251306/azerbaycanla-iran-arasinda-tarixi-anlasma-memorandumu-imzalanib) iki ölkə arasındakı münasibətlər tarixində çox böyük bir irəliləyişdir və eyni zamanda da Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisədir.

Zənnimcə, Azərbaycan və İran arasındakı münasibətləri daha müsbət və qarşılıqlı maraqlar müstəvisində daha faydalı şəkildə qurmaq, qorumaq və inkişaf etdirmək lazımdır. Regionda sülh və əmin-amanlığın qorunması naminə buna hər iki tərəf çalışmalıdır.

Səməd Bayramzadə,
18 may 2022

Şərhlər bağlıdır.