VASİTƏÇİ ÖLKƏLƏR TƏRƏFSİZ QALA BİLMİR

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA MÜNASİBƏTLƏRİN NORMALLAŞMA PROSESI NIYƏ UZANIR?

“Azərbaycan və Ermənistan arasında dövlət səviyyəsində birbaşa danışıqların aparılması vacibdir. Çünki normallaşma prosesi iki dövlətə aid məsələdir. Ona görə də bu istiqamətdə başqa vasitəçinin olması prosesləri daha da uzada və ya hansısa tərəf üçün qıcıq yarada bilər”.

Bu sözləri Editor.az-ın əməkdaşı Gülnarə Abasova ilə söhbətində politoloq Sədrəddin Soltan deyib.

Azerbaycan-ruznamesi.org həmin söhbətin məzmununu təqdim edir.

Politoloq bildirib ki, hadisələrin gedişatı onu göstərir ki,  vasitəçilər Ermənistan və Azərbaycan arasındakı proseslərdə tərəfsiz qala bilmir:

“Bu da tərəflərin bir-birinə qarşı etimadına zərbə vurur. Odur ki, problemlərin həlli üçün ən yaxşı vasitə tərəflər arasında birbaşa ikitərəfli danışıqların təmin edilməsidir. Hal-hazırda Avropa İttifaqı bu istiqamətdə uğurlu addımlar atır. Aİ-nin vasitəçiliyi ilə rəsmi Bakı və İrəvan arasında ikitərəfli görüşlər keçirilir.  Ola bilsin ki, Azərbaycan və Ermənistan arasında etimad mühiti yarandıqdan sonra ölkə liderlərinin görüşləri daha intensiv xarakter alar. 44 günlük müharibə və ondan sonrakı mərhələdə atılan addımlar sübut etdi ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevə etimad göstərir. Çünki ölkə başçısı Ermənistanla münasibətlər, dövlət sərhədlərinin müəyyənləşməsin, Azərbaycanın ərazi bütövlüyü məsələsində yalnız dövlət maraqlarını üstün tutur. Bu da Azərbaycanda cəmiyyətin böyük hissəsinin maraqlarını təmin edir. 44 günlük müharibədə İlham Əliyevin televiziya çıxışları da bunu sübuta yetirdi”.

Müsahibimiz hesab edir ki,  Ermənistan cəmiyyəti seçkidəki fəaliyyəti ilə onlar Qarabağ məsələsində o qədər də maraqlı olmadıqlarını sübut ediblər:

“2020-ci ildə noyabrın 10-da  Ermənistan tərəfi kapitulyasiya aktını imzaladıqdan sonra Ermənistanda 2021-ci ildə növbədənkənar parlament seçkiləri keçirilib. Bu seçkilərdə erməni seçicisi baş nazir  Nikol Paşinyana etimad göstərdi. Bununla sübut etdi ki, o, keçmiş iqtidarı Koçaryan, Sarkisyanı qəbul etmir. Ermənistan cəmiyyəti daha çox regionda sabitliyə səs verdiyini göstərdi. Çünki bəzi məqamları çıxsaq, Paşinyanın atdığı bir çox addımlar da normallaşmaya hesablanıb.  Ona görə də Ermənistan cəmiyyətində əsas söz sahibi hələ ki, Paşinyan, onun komandası və arxasında duran seçicilərdir. İndiki halda Ermənistan daxilində qarışıqlıq salan, Azərbaycanla münasibətlərdə problem yaradan keçmiş prezidentlər Koçaryan, Sarkisyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan və başqalarıdır. Onlar daha çox rusyönümlüdürlər və onların dövründə Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı faciəsini törədib, habelə 2008-ci ilin martında hakimiyyət zorla ələ keçirilib, 1999-cu ilin oktyabrın 27-də terror törədilib. Bu baxımdan hesab edirəm ki, onlar dövlətə xəyanətdə mühakimə olunacaqlar. Artur Vanesyan Rusiya Federal Tədqiqat Bürosunun Ali Akademiyasının məzunudur. Bu isə bir çox mətləblərdən xəbər verir. Odur ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasına Ermənistan cəmiyyəti yox, Ermənistanda Rusiyayönlülər daha çox mane olmağa çalışırlar”.

S.Soltan qeyd edib ki, Rusiya uzun illər ATƏT-in Minsk Qrupunun həmsədri kimi Azərbaycan-Ermənistan arasındakı keçmiş münaqişədə vasitəçi rolunu oynayıb:

“Ötən 30 ildə bu, heç bir səmərə verməyib. Deməli, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında, sülhün yaranmasında maraqlı olmayıb. Əgər maraqlı olsa idi, o zaman həmsədr ölkələrdən biri kimi münaqişənin həlli üçün ciddi cəhdlə çalışardı. Hesab edirəm ki, bu məsələdə daha çox maraqlı olan tərəf ABŞ,  Avropa Birliyidir.  Son zamanlar ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda da regional sabitlik, təhlükəsizlik, Azərbaycan-Ermənistan münasibətlərinin normalaşmasından söz açması  sübut edir ki, Qərb bu məsələlərdə daha maraqlıdır. Təbii ki, həm Moskva, həm də Brüssel daha çox çalışır ki, vasitəçilikdə ipləri öz əlinə alsın. Bəs bu zaman qazanc nədir? Rusiya vasitəçilikdə öz statusu qoruyub saxlamaqla, regionda mövcudluğunu möhkəmləndirir, Qərb isə regionda güclənmək üçün əlavə dividentlər əldə edir”.

Şərhlər bağlıdır.