HƏMİŞƏ TƏZƏ OLAN MÖVZU

BÖYRÜNDƏN SAKİTCƏ KEÇİLMƏMƏLİ BÖYÜK BAYRAMIMIZ

Bu əhvalat Parisdə baş verib.

2002-ci il idi, Avropa Şurasının Fransa paytaxtında keçirilən komitə iclasında iştirak etməkçün növbəti dəfə bu şəhərlər gözəlinə qonaq idim.

Axşam saatlarında şəhərin mərkəzindəki qəhvəxanalardan birində Fransadakı səfirliyimizdə çalışan dostlar və əslən Cənubi Azərbaycandan olan tanışlarımızla şam edirdik.

Çoxdan Parisdə yaşayan o cənubluların arasında bir vəkil soydaşımız da vardı.

Söhbət yaddaşın itiliyi, zəifliyiindən düşdü.

Həmin ilk dəfə görüşdüyüm, yaşı təxminən 60-dan bir az artıq kimi görünən vəkil soydaşımız hafizəsinin möhkəmliyinə əyani sübut olaraq ana dilində bir şeir dedi.

Uşaqlar üçün yazıldığı dərhal hiss edilən sadə, amma son dərəcə qəlbəyatan bir şeir  idi.

O qədər xoşuma gəldi ki, hətta xahiş elədim bir  də söyləsin, dəftərçəmdə yazım.

Dedi ki, bu şeiri 56 il əvvəl Pişəvəri zamanında məktəbdə əzbərləmişdim, dərsliyimizdə vardı, o vaxtdan bəri yadımdadır.

Elə bu şeir söhbətimizin səmtini dəyişərək ana dilinin ölkənin və millətin həyatındakı yeri və əhəmiyyəti barədə fikir bölüşməyimizçün körpüyə çevrildi.

Həmin vəkil qayıtdı ki, fars dili çox zəngin bir dildir, mənə elə ana dili kimidir, İranda yaşayan xalqların hamısı üçün də mənim kimi. Ona görə də yaxşı ki, İranda təhsil bütünlüklə fars dilindədir, pərakəndəlik yaranmır, hamı farsca oxuduğundan bu dili incəliklərinə qədər bilir. Azərbaycan türkcəsini onsuz da öz aramızda danışırıq, orta məktəbi də öz dilimizdə oxusaydıq, farscanı bəlkə də belə mükəmməl bilməzdik.

Fikirlər haçalandı, mübahisə yarandı.

Dedim ki, bayaqdan yaddaşınız qüvvətli olmasından danışırdınız, öyünürdünüz ki, 56 il əvvəl məktəbdə öyrəndiyiniz ana dilində olan şeir, onillərlə təkrarlamasınız da, yadınızdadır. Amma sizdə ana dilində təhsil, Azərbaycan türkcəsində dərsliklər yalnız bircə il olub, sonra Milli Hökumət devrilib, bu böyük  işlər yarımçıq qalıb. İndi təsəvvür edin ki, siz ana dilində 1 il deyil, azı 10 il təhsil almış olaydınız, onda bu möhkəm yaddaşınızda ana dilində bir deyil, bəlkə də yüzlərlə şeir yaşayacaqdı. O şeirlər sizi indiki tərzdə deyil, tamam ayrı bir şəkildə düşünnməyə kökləyəcəkdi. İmkan verməyəcəkdi ki, indi bizə ana dilinin təhsildə o qədər də gərəkli olmamasını sübut etməyə çalışasınız.

…Müstəqillik içərisində yaşayan dövlətin vətəndaşlarıyıq.

Ana dilimiz rəsmən dövlətimizn dilidir.

Bu dildə danışırıq, yazırıq, təhsli alırıq, şəxsi və rəsmi yazışmalarımızı aparırıq,.

Ahıl, ixtiyar insanlarsa yaxşı xatırlayırlar ki, sovet onillərinin elə vaxtları da vardı ki, ana dilimizə ögey münasibət bəslənirdi, onun uca rəsmi kürsülərdən səslənməsinə müsbət baxılmırdı, elmi dilimizi şəkilləndirməli, inkişaf etdirməli olan bütün dissertasiyalarımız son olaraq təsdiqə Moskvaya göndərildiyindən ya əvvəldən elə rusca yazılırdı, ya da sonradan hökmən ruscaya tərcümə etdirilirdi.

1918-ci ildə istiqlalımızı elan edən qurucu babaların ilk qəbul etdikləri ən mühüm qərarlardan biri ana dilimizlə bağlı olmuşdu.

Çünki o fədakar və dərin zəka sahibi olan insanlar ana dilinin dövlət üçün necə mühümdən-mühüm bir dayaq, rəmz olduğunu qəşəng anlayırdılar.

1918-ci il iyunun 27-də Azərbaycan Hökumətinin qərarı ilə ana dilimiz rəsmən dövlət dili elan edildi.

1918-ci il avqustun 28-də Azərbaycanın ibtidai və orta təhsil müəssisələrində tədrisin ana dilində aparılması haqda qərar verildi.

1918-ci ilin 27 dekabrında isə Azərbaycan Xalq Cümhuriyyətinin hərbiyyə naziri Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan türkcəsi orduda da rəsmən tətbiq edilməyə başlandı.

Bunların hər biri vacib tarixi yük daşıyan, ürəkdə riqqət oyadan şanlı tarixlər, unudulmamlı xoşbəxt hadisələrdir.

1991-ci ildən müstəqilliyini bərpa edərək istiqlal yolunu davam etdirən Azərbaycan dövləti millətin dünənindəki  bu şərəfli səhifələri unutmur.

2018-ci il uyun ayının 27-də ana dilimzin dövlət dili elan edilməsinin 100 ili tamam olur.

100 yaşlı bir millət bayramı!

Mənim nəzərimdə bu elə möhtəşəm bir ildönümü, elə müqəddəs tarixdir  ki, gərək həmin günü hər soydaşımız ailəsi ilə birgə bayram edə!

Amma qorxuram ki, çoxları bu əziz günün yanından heç onu hiss etmədən ötüb keçə.

Ona görə də gərək qəzetlərimiz, radio-televiziyalarımız bu bayramı yurdun hər sıra nəfərinə çatdırmaq üçün səy göstərsin.

Mənim gözümdə bu bayram  istisnasız olaraq  hamımızı sevindirən Novruz qədər doğma və yüksəkdir.

Həmin əziz gündə Bakıda, Azərbaycanda olmayacağam.

Amma harda olsam belə mütləq bir bayram süfrəsi arxasında oturacağam.

Mütləq Novruzdakı kimi bir neçə şam yandıracağam.

Birini ana dilimiz adına, birini millətimiz adına, birini adı bu dilin adına çevrilmiş yurdumuzun şərəfinə, birini həmin günü bizə yadigar qoyub getmiş istiqlalçı babaların pak ruhlarının xatirinə, birini də müstəqilliyinin əbədi olmasını arzuladımız Azərbaycan dövlətinin adına!

Bayramınız mübarək, əziz soydaşlarım.

27 uyun gününün yanından biganə keçməyin!..

Dünyada yüzlərlə deyil, minlərlə dil var. Hər millətə, hər xalqa, hər qəbiləyə, hər tayfaya da öz danışdığı dil əzizdir. İstər o əhalinin sayı milyardlarla ölcülsün, istər yüz milyonlarla, istərsə minlərlə, istər yüzlərlə, istərsə də bundan da az. Amma bizlərin hansı qutsal bir dilin daşıyıcısı olduğumuza mübarək peyğəmbərimiz  tanıq durur.

Ulu dədəmiz, dilimiz adına saysız xəzinələrə sığmayacaq qədər dəyəri olan kitab bağlamış Mahmud Qaşqarlı doqquz əsr öncə “”Divan-i luğat it-türk”ündə oxucusunu belə inandırırdı: “And içərək deyirəm ki, mən bunu Buxaranın mötəbər imamlarının birindən və nişapurlu başqa bir imamdan şəxsən eşitmişəm. Onlar ikisi də sənəd-sübutla bildirirdi ki, peyğəmbərimiz qiyamətin əlamətlərini, axır zamanın fitnə-fəsadlarını və oğuz türklərinin ortaya çıxacağını söylədiyi vaxt “Türk dilini öyrənin, çünki onlar üçün uzin sürəcək hökmranlıq vardır” deyə buyurmuşdur.

Vəbalı söyləyənlərin boynuna, bu hədis doğru isə türk dilini öyrənmək çox vacib işdir, əgər bu söz doğru deyilsə, o zaman türk dilini öyrənməyi ağıl əmr edir”.

Əziz vətənadşlarımız, əziz soydaşlarımız, əziz dildaşlarımız!

Dilimizi sevək, onun hər sözünü sevərək dilə gətirək ki, hər an özümüzün və dilimizin gücü artsın!

İyunun 24 də saat 21.30-da və iyunun 26-da saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişini ana dilimizin dövlət dili elan edilməsinin 100 illiyinə həsr edəcəyik.

Rafael Hüseyn
24 İyun 2018

Şərhlər bağlıdır.