BİR FƏDAİ ÖMRÜNÜN 65 İLİ…

Bir fədai ömrü barədə təəssüratlarımızı dəyərli və xüsusilə də Azərbaycan Demokrat Firqəsinin orqanı olan “Azərbaycan-ruznamesi.org” saytının vətənpərvər oxucuları ilə bölüşmək istədik.

Fədai ümumi bir iş yolunda, məslək uğrunda, vətənin azadlığı və istiqlalı yolunda təhlükəli işlərə qoşulub canından keçməyə hazır olan şəxsdir.

Bu gün, 2022-ci ilin 20 iyul tarixində 65 yaşı tamam olan dosent, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə haqqında söhbət açacağıq. O, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş milli demokratik hərəkatın nəticəsi olaraq S.C.Pişəvəri başda olmaqla Azərbaycan Demokrat Firqəsinin (ADF) rəhbərliyi ilə 12 dekabr 1945-ci ildə Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin (AMH) Ərdəbil fəadilərindən olan Bayramzadə Zülfəlinin oğludur.

Zülfəli kişi 1946-cı ilin dekabr ayının 12-də Milli Hökumət süqut etdikdən sonra onun fədai  dəstələrinin tərkibində Araz çayını keçib Şimali Azərbaycana gəlmişdir. O, Hacıkənddə (Gəncə yaxınlığında) təşkil edilmiş düşərgədə döyüş cəbhəsindən gəlmiş subay fədailərlə birgə hərbi təlim keçmişdir. Bu hərbi təlimlər fədailərdə İrana qayıtmaq və düşmənlə yenidən savaşa girmək, öz haqlarını geri almaq ümidi verirdi və Zülfəli kişi də ömrünün sonuna qədər də belə bir ümidlə yaşadı.

Düşərgədəki hərbi təlimlər S.C.Pişəvərinin öldüyü tarixə kimi (11.06.1947) davam etdirilmiş və bu hadisədən sonra o da bir neçə nəfər fədai yoldaşları ilə birgə Naftalanda işə göndərilib, evlə təmin edilib. Bir neçə il sonra, İrana qayıtmaq ümidləri boşa çıxdıqdan sonra 1950-ci ilin əvvəllərində Naftalan şəhərinə yaxın Goranboy rayonunun Səfikürd kəndində yaşayan Zeynəb Məhəmməd qızı ilə tanış olub evlənmişdir. Daha sonralar kənd təsərrüfatı, xüsusilə əkinçilik sahəsində işləmiş, Yevlax rayonu “28 Aprel” sovxozunda (indiki Aran qəsəbəsində) bostan-tərəvəz sahəsində briqadir vəzifəsində çalışmışdır. Səməd Bayramzadə də 1957-ci ildə Gəncə-Yevlax yolu üzərində yerləşən bu məkanda (ADF sədri, AMH-in Baş naziri S.C.Pişəvərinin 11 iyun 1947-ci ildə müəmmalı şəkildə qəzaya uğradığı yerdə) dünyaya göz açmışdır.

1961-ci ildə isə işi ilə bağlı Zülfəli kişi Mingəçevir şəhərinə göndərilmiş və burada taxılçılıq üzrə briqadir vəzifəsində təqaüdə çıxana kimi işini davam etdirmişdir. Səməd Bayramzadə də orta təhsilini 1964-1974-cü illərdə Mingəçevir şəhərdə almışdır. 1974-cü ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuş, fars filologiyası  ixtisası üzrə ali təhsil almışdır. 1979-cu ildə AMEA-nın Şərqşünaslıq İnstitutunun  direktoru, Azərbaycanın görkəmli tarixçisi və şərqşünası, həmin vaxtlar Şərqşünaslıq fakültəsində imtahan komissiyasının sədri olan akademik Ziya Bünyadovun dəvəti ilə AMEA-nın Şərqşünaslıq İnstitunda yenicə təşkil olunmaqda olan Cənubi Azərbaycan tarixi şöbəsinə baş laborant vəzifəsinə işə qəbul olunmuşdur.

1983-cü ilin fevral ayında Z.Bünyadovun təşəbbüsü ilə İnstitutun digər gənc elmi əməkdaşları ilə birlikdə Moskvaya SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstituna elmi stajirovkaya göndərilmişdir. O, keçmiş SSRİ-nin paytaxtının elmi mühitinə daxil olaraq bir tərəfdən bilavasitə böyük və tanınmış alimlərlə ünsiyyət qurmaq, digər tərəfdən paytaxt  Moskvanın çox zəngin və çoxsaylı kitabxanalarında işləmək, elmi ədəbiyyat, açıq və bir çıra qapalı arxiv materialları ilə tanış olmaq, onlardan istifadə etmək imkanı əldə etmişdir.

S.Bayramzadə çox səmərəli və məhsuldar işləyərək iki il ərzində demək olar ki, dissertasiya işini başa çatdırıb Bakıya qayıtmış və 1988-ci ildə Tiflis Dövlət Universitetində “Cənubi Azərbaycanın sosial-siyasi vəziyyəti (1947-1962-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Çox yüksək səviyyədə yazılmış dissertasiya işi səviyyəli və ixtisaslı gürcü alimlərininin böyük marağına səbəb olmuş, həmin işin müəllifinin birbaşa tarix elmləri doktoru alimlik dərəcəsi almağa layiq olduğunu xüsusi qeyd etmişlər. Dissertasiya tamamilə öyrənilməmiş, Cənubi Azərbaycanın ayrıca tədqiq olunmamış  iqtisadi-ictimai vəziyyətinə həsr edilmişdir. Müəllif çox çətinliklə müxtəlif mənbə və ədəbiyyatdan topladağı statistik məlumatları müstəqil şəkildə təsnif edərək öyrənilən region haqqında rəqəmlərə əsaslanan ətraflı təsəvvür yarada bilmiş və İranın şah rejiminin Azərbaycanda həyata keçirdiyi ayrı-seçkilik siyasətinin iqtisadi əsasını və onun doğurduğu mənfi siyasi social və mədəni nəticələri əyani və inandırıcı şəkildə nümayiş etdirə bilmişdir.

S.Bayramzadə 1988-ci ilin fevral-may aylarında Əfqanıstan Respublikasında işgüzar səfərdə olmuş, Kabul şəhərində Texniki Peşə Təhsili Nazirliyi nəzdində olan sənaye-pedaqoji texnikumunda tərcüməçilik etmiş, Əfqanıstan tarixi və ictimaiyyət fənləri üzrə dərs proqramlarını tərtib etmiş, nümunəvi mühazirələr oxumuşdur. O, gördüyü işlərin nəticələrinə görə, Əfqanıstan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq “Saur inqilabının 10 illiyi” medalı ilə təltif edilmiş, məlum hadisələrdən sonra ölkə rəhbərliyinin Əfqanıstanda çalışan mütəxəssislərin təhlükəsizliyinə təminat verə bilməməsi üzündən Vətənə qayıtmışdır.

S.Bayramzadə 1989-1992-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) baş müəllim və dosent vəzifələrində çalışmış, Azərbaycan tarixi fənni üzrə mühazirələr oxumuş, seminar dərsləri aparmışdır.

1992-1995-ci illərdə S.Bayramzadə müstəqil Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində (Tehran) 2-ci katib vəzifəsində çalışmış, səfirin siyasi işlər üzrə müavini vəzifəsini icra etmişdir. O, həmin vəzifədə çalışarkən bütün bilik və bacarığını Azərbaycan Respublikasının və xalqını o çətin illərdə maraqlarının qorunmasına,  İranın Ermənistanla yaxın münasibətlərinin Azərbaycanın maraqlarına mənfi təsirinin qarşısının alınmasına sərf etmişdir. Bir sıra son dərəcə mühüm ikitərəfli və çoxtərəfli dövlət sənədlərinin Azərbaycanın maraqlarına uyğun məzmunda qəbul edilməsində vəzifə səlahiyyətlərindən daha çox  əmək sərf etmişdir.

S.Bayramzadə 2001-ci ildən 2006-cı ilədək Dini Qurumlar üzrə Dövlət Komitəsində yüksək vəzifədə çalışaraq həmin qurumun işinin daha səmərəli təşkil edilməsi, cəmiyyətin dini həyatına mütəşəkkil və qeyri mütəşəkkil daha çox siyasi missiya daşıyan yad dini təşkilat və cəmiyyətlərin təsirinin azaldılmasına, dini icmaların radikallaşmasına imkan verən təbliğati və təşkilati təsirləri aradan qaldırmaq və zəiflətmək sahəsində çox gərgin əmək sərf etmişdir.

S.Bayramzadə  2014-cü ildə yenidən AMEA Şərqşünaslıq İnstitutnun Cənubi Azərbaycan şöbəsində işləməyə başlamış və 2015 ci ildə ona qədər həmin İnstitutun əməkdaşı i.ü.f.d Əkrəm Rəhimlinin(Bije) çox uğurla rəhbərlik etdiyi və böyük elmi uğurlara imza atmış Cənubi Azərbaycan şöbəsinə müdir təyin edilmiş və şöbənin elmi fəaliyyətinin daha səmərəli davam etməsi üçün böyük əmək sərf etməkdədir.

Səməd Bayramzadə son dərəcə bacarıqlı və istedadlı bir alim və təşkilatçıdır. O, elmi məsələlrdə çox ciddi, prinsipial olub şəxsi münasibətləri elmi məsələlərə münasibətlərdən kənar tutmağa əməl edən, daim yardım etməyə xeyirxahlıq göstərməyə hazır olan bir alimdir.

O, 100-dən çox elmi əsərin müəllifidir. Rus dilində nəşr edilmiş “Cənubi Azərbaycan: “21Azər”dən “ağ inqilaba”a kimi” (Bakı, 2016) adlı monoqrafiyasında 21 Azərdən İrandakı ağ inqilaba qədərki dövr ərzində ölkədəki mövcud şəraitdə Azərbaycanın, azərbaycanlıların bir çox siyasi, sosial, iqtisadi, demokratik problemləri və müvafiq tələbləri ortaya qoyulur, İran daxilində Azərbaycan məsələsinin mahiyyəti beynəlxalq münasibət və şəraitin mərkəzi İran hökumətinin bu məsələ ilə bağlı siyasətinə təsiri fonunda araşdırılır, dövlətin Azərbaycan siyasətindəki yeni cəhətləri nəzərdən keçirilir.

“Güney Azərbaycan: tarix və müasirlik” toplusu S.Bayramzadənin məsul redaktorluğu ilə  2014-cü ildə Bakıda “Zərdabi” nəşriyyatında 216 səhifədə çap olunmuşdur. Topludakı “Bir daha “Türkmənçay müqaviləsi” haqqında və “Türkmənçay müqaviləsi: açılmamış səhifələr (təhrif edilmiş coğrafi yer adları)” adlı məqalələr də onun qələminin məhsuludur.

“Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim (başlıca tarixi olaylar, siyasi və ədəbi şəxsiyyətlər)” adlı kitabı da S.Bayramzadə mərhum güneyşünas alimimiz Ə.Rəhimli (Bije) ilə birlikdə ərsəyə gətirmişdir. 2014-cü ildə Bakıda “Apostroff” nəşriyyatında 340 səhifədə çap olunmuş bu ensiklopedik təqvim şimallı-cənublu Azərbaycan tarixinin qədim dövrlərindən başlayıb günümüzə qədər tarixi  olaylar, siyasi, ədəbi və mədəniyyət xadimləri barədə yığcam məlumatları oxuculara təqdim edir.

1941-1945-ci illər Cənubi Azərbaycanda milli-demokratik mübarizənin zirvəsi hesab olunan 21 Azər hərəkatının və Azərbaycan Milli Hökumətinin qurulmasının (12 dekabr 1945) 70 illiyi ilə bağlı şöbə əməkdaşlarının yaxından iştirakı ilə “21 Azər-70” elmi məqalələr toplusu da S.Bayramzadənin yaxından səyi nəticəsində tərtib və 2015-ci ildə Bakıda nəşr edilmişdir. Məqalələr toplusuna daxil edilmiş yazılar 1945-1946-cı illərdə fəaliyyət göstərmiş Azərbaycan Milli Hökumətinin sosial, siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirdiyi tədbirləri və bununla bağlı fəaliyyətini, bu hökumətin qurulmasına gətirib çıxaran milli-demokratik hərəkatın məzmun və mahiyyətini əks etdirir, xalqın iradəsi ilə yaranmış hakimiyyətin milli-demokratik hərəkatda yerini və rolunu açıqlayır.

21 Azər hərəkatının və AMH-in qurulmasının 70 illiyi münasibətlə “21 Azər-70” fotoalbomu da onun tərtibatında və məsul redaktorluğu ilə nəşr edilmişdir. Bu fotoalbom tarixi fotoşəkillər və sənədlər əsasında tərtib edilmiş və onda 1945-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş milli-demokratik hərəkat, Azərbaycan Milli Hökuməti, onun birillik fəaliyyəti, dövlətçilik tariximizdə bu hərəkatın yeri və rolu, qoyduğu izlər və təsirlər yetərincə öz əksini tapmışdır.

S.Bayramzadənin elmi fəaliyyətinin ən dəyərli məhsulları sırasında onun 4 hissədə tərtib edib çapa hazırladığı ADF orqanı olaraq 1945-1946-cı illərdə Təbrizdə nəşr edilmiş “Azərbaycan” qəzeti toplusunu qeyd etmək yerinə düşərdi. Qəzetin 200 sayı iki hissədə işiq üzü görmüşdür:

– “Azərbaycan” qəzeti, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)”, I hissə, Bakı, “Elm və təhsil”, 2017, 292 səh.

– “Azərbaycan” qəzeti, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)”, II hissə, Bakı, “Elm və təhsil”, 2018, 450 səh.

Yuxarıda qeyd oluna hər iki hissədəki fars dilində yazılar Azərbaycan dilinə tərcümə edilmiş, əski əlifbada olan bütün yazılar isə latın qrafikasına transliterasiya edilərək elmi və bədii redaktə edilmişdir. 1-ci hissə yaxın zamanlarda latın qrafikasında Azərbaycan oxucuları və elmi ictimaiyyəti üçün çapa təqdim ediləcəkdir.

Firudin İbrahimi. Azərbaycan danışır… İftixarlı tariximizdən bir neçə parlaq səhifə (Azərbaycanın qədim tarixindən), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2018, 116 səh. və Firudin İbrahimi. Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2018, 144 səh. – hər iki kitab İranda 1945-46-cı illərdə dalğalanan milli-demokratik hərəkatın uğurlu sonucu olaraq 12 dekabr (21 Azər) 1945-cı ildə qurulmuş Azərbaycan Milli Hökumətinin Baş prokuroru Firudin Qəni oğlu İbrahiminin anadan olmasının 100 illiyi münasibətilə çap edilib.

“Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946)”-nın tərtibçisi, əski əlifbadan latın qrafikasına çevirəni, nəşrə hazırlayanı, ön söz, səhifəaltı isti­nad­lar – ətək yazıları və şərhlərin müəllifi isə tanınmış şərqşünas alim, milli qeyrətli aydınımız Səməd Zülfəli oğlu Bayramzadədir.

Şanlı-şövkətli tariximizin parlaq səhifələrinə işıq salan, hər bir oxucunun əlindən tutaraq xəyalən Güney Azərbaycan xalqının ən xoşbəxt olduğu bir dövrə aparan və faktların dili ilə danışan “Azərbaycan danışır…” adlı mötəbər kitabın da tərtibçi və məsul redaktoru, eyni zamanda toplanmış materialları fars dilindən Azərbaycan türkcəsinə çevirənlərin­dən biri yenə də Səməd Bayramzadədir (digər tərcüməçi Saleh Dostəliyevdir).

S.Bayramzadə üçün son illərin ən önəmli elmi nailiyyətlərindən biri də o oldu ki, 1985-ci ildə kiril əlifbası ilə Şövkət Tağıyevanın məsul redaktorluğu ilə Bakıda “Elm” nəşriyyatında çap olunmuş kitab Şərqşünaslıq İnstitutunun Elmi Şurasının müvafiq qərarı ilə 2021-ci ilin sonunda latın qrafikası ilə “Elm” nəşriyyatında onun məsul redaktorluğu ilə yenidən nəşr olundu.

S.Bayramzadə hazırda “İran İslam Respublikasının regional siyasətində Cənubi Azərbaycan” mövzuları üzərində tədqiqat işlərini davam etdirilir.

Səməd Bayramzadə elmi və elmi təşkilati fəaliyyətində fərqləndiyinə görə AMEA-nın Rəyasət heyətinin 01 aprel 2022-ci il tarixli qərarı ilə aprelin 27-də AMEA-nın Əsas binasında keçirilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir.

Səməd müəllim elm sahəsində olduğu kimi təşkilati, idarəetmə sahəsində də ən yüksək status tutmağa layiq və potinsialı olan bir kadrdr.

Biz də Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi və bütün azadlıq fədailəri adından Səməd Zülfəli oğlu Bayramzadəni 65 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür qarşıdakı həyatında, yaradıcılıq fəaliyyətində uğurlar diləyirik.

Yolunuz davamlı olsun, Səməd müəllim.

20 iyul 2022-ci il, Bakı Şəhəri

Şərhlər bağlıdır.