AFRİKANIN ƏN ZƏNGİN ÖLKƏLƏRİ

“Business Insider” jurnalı 2021-ci ildə adambaşına düşən ÜDM-in ən yüksək olduğu Afrika ölkələrinin siyahısını hazırlayıb.

Afrikanın ən zəngin ölkələrinin reytinqi Beynəlxalq Valyuta Fondu və Dünya Bankının təqdim etdiyi hesabat əsasında tərtib olunub.

Reytinq cədvəlinin ilk pilləsində adambaşına düşən ÜDM-i 12 648 dollar olan Seyşel adaları qərarlaşıb. Adaların əsas gəlir mənbəyini turizm təşkil edib.

Siyahıda ikinci yerdə adambaşına düşən ÜDM-i 8 min dollar olan Ekvatorial Qvineya qərarlaşıb. Ekvatorial Qvineya son on ildə Afrikanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir. 1990-cı illərdə böyük neft ehtiyatları aşkar edildikdən sonra ölkə Nigeriya və Anqoladan sonra Sahara ətrafı Afrikada üçüncü ən böyük neft istehsalçısı olub.

Afrikanın ən zəngin ölkələrinin ilk üçlüyünü adambaşına düşən ÜDM-i 7785 dollar olan Qabon tamamlayıb. Qabon yüksək orta gəlirli ölkədir. Afrikanın beşinci ən böyük neft istehsalçısı olan ölkə son on ildə güclü iqtisadi artım nümayiş etdirib. Son beş ildə ixracın orta hesabla 80 faizi, ÜDM-in 45 faizi, dövlət gəlirlərinin 60 faizi neft sektorunun payına düşüb.

Reytinq siyahısında dördüncü yeri Botsvana (adambaşına ÜDM-i 7036 dollar), növbəti yerləri Cənubi Afrika Respublikası (5 236 dollar), Liviya (4 733 dollar), Namibiya (4 412 dollar), Misir (3 606 dollar), Əlcəzair (3 449 dollar), Mərakeş (3 409 dollar) tutub.

Nurlana Qafarova

Şərhlər bağlıdır.