Hadi bəyi 1991dən tanıyıram. Onun ən sevilən cəhəti isə, şeirlərində, yazdığı əsərlərində və bu yazı və şeirlərində Vətəni Azərbaycana aid tutduğu Ulusal (milli) mövqeyidir. Bu münasibətlə onu təbrik edərək “Azərbaycan şeirində modernizm” kitabımdan fraqmentlər verirəm:
Hadi Qaraçayın “Beçələr banlayanda” əsəri Almanyanın Koln şəhərində nəşr olunanda, o artıq ədəbi ictimaiyyatımzda tanınmış bir şair kimi öz imzasını atmışdı. Çünki onunla yaşıd olanlar xüsusilə 90-cı onilliyin ilk yarısında Təbriz şəhərinin «şeir yığıncaqlarında» iştirak edənlər onu yaxşıca tanıyırdılar. Onun hələ bu əsəri çap olmamışdan öncə şeirlərini yaymağa imkan tapmadan, əlyazmaları dostları arasında yayılıb oxunurdu.
Ulusal düşüncə və durumun əsasən şərait və mövqeləri tutuşdurma ilə başlayır. Yəni öz milli varlığına sorumluluq göstərən hər bir kimsə öz durumunu başqa millətlərin müsbət-mənfi durumları ilə tutuşdurmaqla yaranır.
90-cı on illikdən bu yana milli kimlik həm düşüncə, həm təmayül və həm də metodda öz əksini tapır. Hadinin şeirdə tutduğu bu baxışı, ədəbiyyatın toplumla olan baxışından irəli gəlir.
Şeirimizdə ictimai mənanı yansıtmaq məsələsi irəli gəldikdə, Hadi Qaraçayın şeirləri göz önündə durur. Onun şeirində toplum özü də bir mətndir. Oxucu bu mətndə olan olaylara laqeyd olmadan təpki göstərir. O mətndə, insanın təcrübələrini tapır:
o,
Araz kimi gözəl idi
və çəltik təki xumar gözləri
Arazın sahilləri tək
bir az kədərlidi,
bir az da dərdli.
Sonra
duru bir günbatanda
«vağzalı»nın kədərli və şən havasında
axarlıların axarında getdi.
Getdi-uşaqlı, evil-eşikli bir torpaqda
ocaq qurmağa.
Gün qaraldı
qaranlıq çökdü obalar boyu.
Mən qaldım.
Sonsuz qadınların sonsuzluğuna,
bayraqsız torpağın ağrısına
və kədərsiz kədərsiz otlayan öküzlərin
buynuzuna ilişib də
mən qaldım,
çəltiklərin xumarlığı qaldı,
bir də
Arazın dərdli sahilləri
… Hadinin şeiri, millətinin kimlik və varlığını qavramaq üçün bir yüksəliş nərdivanıdır. Bu qavrayış, toplumun düşüncəsini sağlamlaşdırır, ona cəsarət bağışlayır. Onun şeiri ulusumuzun əski zamanlardan tutmuş indisinə qədər uzanan ərdəmli təcrübələr quruluşunun inikasıdır. Bizim milli kimliyimizin yansımasıdır.
Azərbaycanın ictimai həyatı Hadi Qaraçay şeirində kodlaşmışdır. Şeirdə işarə olunan hər kodun öz açarı, öz yozumu var. Azərbaycan şeirini bir xiyavana bənzətmək olsaq, Hadinin şeiri bu xiyavanın bütün qapı-bacalarına tanış bir şeirdir.
Muğan-2022
H.Şəhbazi
Şərhlər bağlıdır.