Ekspert: “Atom silahının istehsalı üçün saflaşmış urandan əlavə ağırlaşdırılmış su deyilən H3O lazımdır ki, hələ İran bunun istehsalını təmin eləyə bilməyib”.
“İran nüvə silahı yaratmaq qərarına gəlsə, heç kim onun qarşısını ala bilməz”. Bunu keçmiş İran diplomatı və Məhkəmə Hakimiyyəti sədrinin beynəlxalq məsələlər üzrə sabiq müavini Məhəmməd Cavad Laricani televiziya proqramında deyib.
“Xameneyinin (İranın ali dini lideri – red. ) fitvasına görə, bizə atom silahları da daxil olmaqla, kütləvi qırğın silahlarının istehsalına icazə verilmir. Lakin nə vaxtsa bunu etmək istəsək, təbii ki, heç kim bizə mane ola bilməz. Özləri də bunu bilirlər”, – o əlavə edib.
Qeyd edək ki, Seyid Əli Xameneyi bir vaxt nüvə silahının islama görə, günah olduğunu bildirib. Çünki bu, dinc əhalinin də kütləvi qətli deməkdir. Dinimizdə əlbəttə ki, günahsız insanın qətli böyük günah sayılır. Lakin bu da faktdır ki, İran atom silahı yaratmaq yönündə səylərini davam etdirir. Bu mənada Laricaninin sözlərində qeyri-səmimiyyət payı da yox deyil.
Bəs İran doğrudanmı dini amilə görə nüvə silahı yaratmaq istəmir, yoxsa buna, sadəcə, hələ əli çatmır, hazır deyil?
Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a dediyinə görə, İran xarici siyasəti həmişə riyakar bəyanatlar və söyləmələr üzərində qurulub. Ümumiyyətlə, bir çox ölkələrin xarici siyasət xəttində buna rast gəlmək olur: “Amma İran islam dövlətidir və dini dəyərlər bu dövlətin modelində əsas yerlərdən birinin tutur. İslamda isə insanların kütləvi qırğınına, ölümünə səbəb olan silahlar günah hesab edilir. İranın ali lider Xameneyinin fitvasında və Laricaninin açıqlamasında da bu məsələ bir qədər fərqli formada özünü göstərir. Eyni zamanda həmin ikibaşlı bəyanatda qeyd edilir ki, lazım gələrsə, nüvə silahını yarada bilərik. Yəni bu məsələdə də din amilindən riyakar məqsədlər üçün istifadə edilir. Nüvə silahı yaratmaq barədə Avropa İttifaqı və Amerika ilə imzalanmış altılıq sazişinin hətta qüvvədə olduğu vaxtlarda İran nüvə tədqiqatlarını davam etdirib, əsas səylərini saflanmış uran istehsalını artırmağa yönəldib. Bu, mürəkkəb bir prosesdir. Adi uran filizinin saflanmış urana-uranium 31 səviyyəsinə çatdırılması az qala bir neçə zavodun birgə fəaliyyətini təmin etmək nəticəsində mümkün olur. Bu zavodlar kompleksi Snetr-fuqa adı ilə məşhurdur. İranda belə zavodlar sistemi var. Amma onun işi bütövlükdə nüvə başlıqları istehsal etmək üçün lazım olan uranium31-i tam həcmdə istehsal etməyə imkan vermir. Lakin İran istəklərini davam etdirir. İsrail kəşfiyyatı isə İranın bu istiqamətdə atdığı hər bir addım barədə müfəssəl məlumat alır. Üstəlik də uranın saflaşdırılması prosesində fəal iştirak edən böyük alimləri, tədqiqatçıları müxtəlif kəşfiyyat orqanları, ilk növbədə İsrail MOSSAD-ı sıradan çıxarır. Onu deyim ki, İranın nüvə potensialının yaradılmasında iştirak edən alimlərin 80 faizə qədəri milli mənsubiyyətinə görə azərbaycanlılardır. Lakin İran bir an da olsun nüvə silahı istehsal etmək üçün səylərini dayandırmır”.
Politoloq qeyd etdi ki, bu səylər də hələ ki saflaşmış uran istehsalını lazımi miqdara qədər təmin etməyə daha çox yönəlib. Atom silahının istehsalı üçün saflaşmış urandan əlavə ağırlaşdırılmış su deyilən H3O lazımdır ki, hələ İran bunun istehsalını təmin eləyə bilməyib: “Bəzən İranın nüvə silahını istehsal etməyə çox yaxın olduğunu deyirlər. Bəzən də qeyd edirlər ki, beş-altı aya İran nüvə silahı istehsal edə bilər. Bunun nə dərəcədə doğru olduğunu söyləyə bilmərəm. Amma hər halda İran səy göstərir ki, nüvə silahını əldə etsin və bundan təhdid elementi kimi istifadə eləsin. Beynəlxalq münasibətlər gərginləşəndə İran nüvə silahına can atmadığını göstərmək üçün qabağa ali lider Xameneyini verirlər, müqəddəs Quranda əksini tapan bəzi ayələri ön plana çəkirlər. Əslində isə onların yeri gələndə islam dəyərlərinin üzərindən necə adlayıb keçdiklərini dəfələrlə görmüşük. Ona görə də İranın bəyanatlarında səmimiyyət görmürük”.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.