MAZANDARANLI ABBAS VƏ ƏRƏB CORC

İsrailin Azərbaycandakı səfiri Corc Dik musəvi deyil, yəni iudaizmlə bağlılığı yoxdur, yəhudi deyil, Təl-Əvivin böyründəki limandan – qədim Yafa (Jaffa) şəhərindən olan xristian ərəbdir. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də musəvi deyil, Mazandaran şiəsidir.

Mazandaranlı Seyid Abbasın ərəb Corcun “Təbrizin sehrli nağılları”nı təbliğ etməsindən qəzəblənib diplomatik əndazəni aşması, Tehranın qıcıqlanması başa düşüləndir, 10 gündür sosial şəbəkələrdə kim tənbəllik etmirsə, bu barədə yazır, amma Musəvinin Diki sionist adlandırması, “Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək” deyə tvit atması anlaşılmadı: sionizm hara, xristian ərəb hara?

azƏslində, Seyid Abbas diplomat karyerasının davamına fürsət yaratdığı üçün İsrail səfirinin Twitterdə yazdıqlarına minnətdar olmalıdır. Səfir Musəvi İranın keçmiş xarici işlər naziri Cavad Zərifdən qalma diplomatdır, onun dönəmində bir ara İran XİN-in rəsmi sözçüsü olub. İndiki nazir Hüseyn Əmir Abdullahian isə XİN-i Zərifin kadrlarından uctantutma təmizləməyə başlayıb.

Gözləmək olardı ki, sıra Musəviyə də çatacaq. Zira il başlayandan onun İsrail səfiri ilə tvit dalaşı elə də uğurlu məcrada cərəyan etmirdi. Məsələn, fevral ayında İran səfirliyinin rəsmi Twitter səhifəsi İsrail səfirinin bir tvitini bəyənmişdi. Səfir Dik də buna dərhal ironiyalı reaksiya vermişdi: “Tvitimi bəyəndiyinə görə İran səfirliyinə təşəkkür edirəm. İranın Twitter-dəki qadağasını tezliklə aradan qaldıracağına ümid edirik ki, iranlı həmkarlarınız da bizim tvitlərimizdən HƏZZ ala bilsinlər!” Dikin bu tvitindən sonra İran səfirliyi “layk”ı geri çəkdi.

İyulun əvvəllərində Azərbaycan millisinin yeni cüdoçusu – Xoy şəhərindən olan əslən azərbaycanlı Səid Mollayi ilə bağlı da səfirlər tvit cənginə çıxmışdılar. Dik tvitində yazmışdı: “İranlı güləşçi Səid Molayinin ölkəsi adından İsraillə yarışmasına icazə verilməyib. O bu gün israilli rəqiblə yarışıb və onlar oyundan sonra bir-birini qucaqlayıblar”. Musəvi tvitində buna əndərabadi bir cavab vermişdi: “Mütləq sıfır sonsuzluğa vurularsa, yenə də mütləq sıfırdı”.

Dik atmaca-tvitlərlə hucumda oynayır, Musəvi cavab-tvitlərlə aqressiv müdafiə olunurdu. Amma belə əks-həmlələrlə İran səfirinin sonrakı karyerasının necə olacağı aydın deyildi.

Dikin “Təbrizin sehrli nağılları” ilə bağlı replikası Seyid Abbasa bu diplomatik oyunda fürsət yaratdı ki, diplomatik etiketi aşıb o “at gedişi”ni etsin. Və Abdullahian Musəvini Tehrana çağırdı, görüşdülər və səfir Bakıya qayıtdı. Belə görünür ki, bu diplomatik qalmaqal fonunda Seyid Abbas rəisi-cumhur Seyid İbrahim Rəisinin gözünə girə bilib…

“Təbrizin sehrli nağılları” ətrafındakı diplomatik çəkişmə və polemika bir qədər qaravəllivari oldu. Qəribədir, Şərq incə məsələ, Şərq diplomatiyası isə çox qalın məsələdir…

Qəzənfər Həmindoğlu

 

 

 

Şərhlər bağlıdır.