SÜNGÜN MƏDƏNİNİN ZƏRƏRLİ TULLANTILARI İLQƏNA ÇAYINININ RƏNGİNİ DƏYİŞİB

Süngün mis mədəninin yaxınlığından keçən İlqəna çayının yenidən çirklənməsi müşahidə olunub. Sosial şəbəkələrdə yayılan fotoşəkillərə əsasən İlqəna çayının rəngi dəyişərək göy rəngə çevrilib. Bu problem daha əvvəllər də müşahidə olunan vəziyyətdir və onun səbəbinin Süngün mis mədəninin çirkləndirici tullantılarının çaya qarışması olduğu bilinir.

Süngün mis mədəni Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərinin yaxınlığında yerləşir. Onun çevrəyə buraxdığı mənfi təsirlər müxtəlif zamanlarda gündəmə gəlib. Son görüntülərə əsasən bəlli olur ki onun çevrəyə buraxdığı mənfi təsirlərin qarşısı hələ ki alınmayıb. İlqəna çayı Kəleybərin Qırxlar dağlarından axıb gələn, daha sonra Üştibin yaxınlığında Araz çayına qoşulan çayın adıdır.

Güney Azərbaycanda müxtəlif mədənlərin zəhərli tullantılarının zərərsizləşdirilməməsi və onların çevrəyə buraxılması çox təkrarlanan xəbərlər arasında yer alsa da, onun qarşısını alacaq hər hansı bir addımın atılmadığı müşahidə olunur. Yerli fəalların bu haqda cavabdehlərin müdaxiləsini və çirkləndirici tullantıların zərərsizləşdirilməsi tələbi hər il təkrarlanan məsələlər sırasında yer alır.

Azərbaycan zəngin mədənləri ilə tanınır. Eyni halda həmin mədənlərin fəaliyyətləri əksər hallarda mübahisələrə səbəb olur. Azərbaycanlı fəalların fikrincə bu mədənlərdən əldə edilən gəlirin böyük qismi mərkəzi vilayətlərə axıdılır. Onların fəaliyyətlərindən Azərbaycanın payına düşən yalnız yaratdıqları çevrə problemləri olur.

Süngün mədəninin yaratdığı çevrə problemlərinə etiraz; tapdanan soyuq dəmir

2020-ci ilin yayında İlqəna çayının Süngün mis mədəninin zərərli tullantılarının təbiətə buraxılması nəticəsində rəng dəyişməsi gündəmə gəlmişdi. Həmin vaxtda suya qarışan zəhərli tullantılar çayda yaşayan çox sayda canlının da ölümünə səbəb olmuşdu. Eyni halda İlqəna çayının suyundan içən mal-qara da xəstələnmişdi. “Chinar” Telegram kanalının yaydığı videolara əsasən 2021-ci ilin sentyabr ayında mədən fəaliyyətləri yaxın kəndlərdə meşə və otlaqların məhv olmasına da səbəb olub.

Vərziqandan seçilən millət vəkili Allahverdi Dehqaninin dediklərinə əsasən qanuna görə mədəndən əldə edilən gəlirin 1%-i çevrəni qorumaq və tullantıları zərərsizləşdirmək üçün Vərziqana qaytarılmalıdır. Lakin həmin 1 faiz də illərdir ki verilmir. Bu da Süngün mis mədəninin çevrəyə və hətta insanların və heyvanların sağlamlığına ciddi şəkkildə ziyan vurması ilə nəticələnir. Qeyd etmək lazımdır ki xərçəng xəstəliyi Şərqi Azərbaycan vilayətində ən çox Vərziqan şəhərində müşahidə olunub.

İlqəna çayının son görüntüləri mədən fəaliyyətinin çevrəyə buraxdığı mənfi təsirlərin qarşısının alınmadığını göstərir. Bu cavabdeh şəxslərin və qurumların çevrəyə olan laqeyid yanaşmalarının bir nümunəsidir. 

Mədən gəliri yoxsa çevrə?

Güney Azərbaycan ölkə səviyyəsində bir çox böyük mədənə ev sahibliyi edir. Xüsusilə qızıl və mis mədənlərinin böyük faizi Azərbaycanda yerləşir. Lakin onların fəaliyyətləri əksər hallarda yerli əhali ilə cavabdehlər arasında gərginliklərə səbəb olur.

2021-ci ildə Zunuz şəhəri yaxınlığında yerləşən bir mədənin fəaliyyətə başlamsı yerli əhali ilə cavabdehləri qarşı-qarşıya gətirmişdi. Əhali həmin mədənin zəhərli tullantılarının Zunuz çayları və sularında mənfi təsirlərindən danışdıqları halda, cavabdehlər mədənlərin bölgəyə gətirəcəyi gəlir və onun ardınca yaranacaq inkişafdan söz açırdılar. Bənzər qarşıdurmalar Azərbaycanın müxtəlif yerlərində də müşahidə olunub. Bu isə belə bir sualı ortaya çıxarır: Mədən gəliri yoxsa çevrə?

Əslinə baxsaq vəziyyət göründüyündən daha qarışıqdır. Normal şərtlərdə belə bir ikiliyi orta yollarla həll etmək mümkün görünür. Misal üçün mədənin fəaliyyətini məhdudlaşdırmaq, yaxud mədən müdirliyini çevrəni qorumaqla vəzifələndirmək, müasir metodlarla tullantıları zərərsizləşdirmək vs. Lakin bu yollar güneydə elə də asan olmur. Çünki güneydəki mədən fəaliyyətinin bir başqa üzü daxili müstəmləkəçilikdən ibarətdir.

Daxili müstəmləkəçilik mədənlərin gəlirini mərkəzi vilayətlərə axıdaraq, ana vilayətləri (mədənlərin yerləşdiyi vilayətlər) həmin mədənlərin zibilliyinə çevirir. Görünüşünün əksinə olaraq mədənlər bölgədə inkişafa səbəb olmur. Bunu güneydəki bir çox mədənin fəaliyyəti göstərir. Yerli əhalinin payı yalnız mədənlərin ağır iş şərtlərində işçi kimi çalışmaq olur.

Deməli mədənlərin fəaliyyətləri daxili müstəmləkəçilik nəticəsində həm çevrəyə ziyan vurur, həm də milli varlıqların talan edilməsi ilə sonlanır. Buna görə də yerli əhali əksər hallarda mədənlərin fəaliyyətinə müsbət yanaşmırlar.

Süngün işçilərinin kütləvi tətilləri

Qeyd edildiyi kimi Süngün kimi mədənlərin yaratdığı ən böyük imkan ağır vəziyyətdə fəhləlik işi imkanı olub. Lakin o da ədalətli şəkildə olmur. İyul ayında Süngün mis mədəni işçilərinin kütləvi tətilinin əsas tələbi ölkədəki digər mis mədənləri işçiləri ilə bərabər maaş almaqları haqqında idi.

Maaşların bərabərləşməsi güneyli işçilərin çox təkrarladıqları tələblərdəndir. Süngün mis şirkəti İran mis şirkətinin bir parçasıdır. Lakin İran mis şirkətinin Süngündə işləyən işçiləri üçün daha az maaş verdiyi məlum olub.

Son zamanlar Azərbaycan müstəqil mis şirkətinin yaranacağı barədə xəbərdarlıqlar oldu. Xüsusilə Traxtor futbol komandasının maliyyə çətinliklərinin yaranması ilə Azərbaycan mis şirkətinin İran mis şirkətindən tamamilə ayrılması tələbi geniş şəkildə yayıldı. Cavabdehlərin bildirdiklərinə əsasən onun yaranma prosesi gedir lakin hələ ki bunu göstərəcək hər hansı real işarə yoxdur.

Süngün mis mədəninin konsentratının Kirmana göndərilməsi misəritmə zavodlarının Azərbaycanda olmadığına görədir. Bu isə gəlirin hardasa hamısının vilayətdən çıxması deməkdir. Azərbaycanlı cavabdehlərin dediklərinə əsasən belə zavodların tikilməsinə Kirman mis mafiyasının böyük təsiri olub.

Daxili müstəmləkəçilik Süngündən əldə edilən gəliri mərkəzi vilayətlərə axıdır. Onun nəticəsində Vərziqana və ümumiyyətlə Azərbaycana qalan sadəcə az maaşlı ağır vəziyyətdə iş imkanları və bir də çevrə problemləri olur. İlqəna çayının çirklənməsi bu problemlərdən biridir.

Ətəkyazı 

Şərhlər bağlıdır.