MÖHSÜN: “AZƏRBAYCAN” QƏZETNİN SƏHİFƏLƏRİNDƏ

XALQ QOŞUNLARI NAZİRİ CƏFƏR KAVYAN

Xalq Qoşunları nazirimiz cənab Cəfər Kavyan mərhum Məhəmmədəli Səhlaninin oğludur. Cənab Kavyan 1279-cu il şəmsidə (1900-cu ildə – red.) Təbriz şəhərində anadan olmuş, 16 yaşında azadlıq hərəkatlarında iştirak etməyə başlamışdır. Cənab Kavyanın atası mərhum Məhəmmədəli Səhlani Səttarxan Sərdari-milli ilə birlikdə Təbrizdə baş verən Məşrutə döyüşlərində düşmənlər əleyhinə mübarizədə fəal iştirak etmişdir. Mərhum Məhəmmədəli Səhlaninin iki oğlu var idi. Biri İsrafil xan, ikincisi Cəfər Kavyan idi. İsrafil xan da Məşrutə inqilabında iştirak edib nişan almaqda, at çapmaqda böyük şöhrət qazanmışdı.

Cənab Cəfər Kavyan mərhum Xiyabaninin qiyamında milli qvardiya dəstələrinin bir bölüyünə komandirlik etmişdir. O zaman Şeyxin 4 komandiri var idi ki, onların ən fəalllarından biri də cənab Kavyan idi.

Qiyam qurtardıqdan sonra cənab Kavyan bir müddət Təbrizdən fərari olur. Kavyan 3-4 ildən sonra təkrar Təbrizə qayıdır və fəhlə firqəsini yaradır ki, “Təkamül” qəzeti də onun orqanı olur. Lahuti hadisəsində cənab Kavyan yenidən siyasi cərəyana qoşulub cənab doktor Cavid ilə birlikdə Lahutini Təbrizə dəvət edirlər. Lahuti şəhərə daxil olduqdan sonra cənab Kavyan və doktor Cavid silahları ələ keçirib onları dəqiq surətdə partizan dəstələrinə dağıdırlar.

Doqquz gün tamam şəhərin əmniyyətini qorumaq və partizan dəstələrinə başçılıq etmək cənab Kavyana tapşırılır. Lahutinin qəflətən qaçması cənab Kavyanı və doktor Cavidi təşvişə salmır. Onlar diqqətlə başçılıq etdikləri dəstəni müdafiə etməklə gecə şəhəri tərk edirlər. Mücahidlərimiz şəhərdən çıxdıqdan sonra Mərəndə gedib cənab Bürhaninin evində qalırlar.

Mərənddə cənab Kavyana İranda qalmaq tapşırığı verilir. Cənab doktor Cavid və başqa yoldaşlar isə Arazdan o tərəfə keçirlər. Cənab Kavyan öz işini yerinə yetirdikdən sonra Culfaya gedir və orada jandamlar tərəfindən həbs edilir. Az müddətdən sonra məharətlə zindandan qaçır.

Kavyan 1305-ci il şəmsidə (1926-cı ildə – red.) Təbrizdə “İctimaiyune-amiyun” “ firqəsini gücləndirir. Lakin dövlət məmurlarının təqibi üzündən öz fəaliyyətini davam etdirə bilməyib polis tərəfindən tutuqlanır.

Cənab Kavyan həbs olunduqdan sonra 7 il heç bir əsas olmadan Təbriz və Tehran zindanlarında qalır. Nəhayət, hərbi məhkəmə cənab Kavyanı öz ailəsi ilə birlikdə Təbriz şəhərindən Zəncana sürgün edir. Orada polis nəzarəti altında saxlanılır.

Cənab Kavyan şəhrivər hadisəsinə qədər (25 avqust 1941-ci ildə Sovet qoşunlarının İrana daxil olana qədərki dövr nəzərdə tutulur – S.B.) Zəncanda sürgün həyatı yaşayırdı. Şəhrivər hadisəsindən sonra cənab Kavyan yorğunluq və qorxu bilmədən cənab Pişəvəri ilə birlikdə siyasi fəaliyyətə başlayıb ən ağır günlərdə qorxulu hadisələrdən can qaçırmırdı. Xalqımız cənab Kavyanın böyük xidmətlərini nəzərə alaraq Milli Məclisimizə nümayəndə seçməklə onu Milli Hökumətimizin Xalq Qoşunları naziri təyin etmişdir.

Cənab Kavyanın fəaliyyətinə, vətən və xalqına olan sədaqətinə əmin olmaqla biz “Azərbaycan” qəzetinin redaksiya heyəti tərəfindən cənab Kavyana can sağlığı və böyük müvəffəqiyyətlər arzu edirik.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 82, 20.12.1945

Materialı təqdim etdi:

Səməd Bayramzadə,
AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan  şöbəsinin müdiri, dosent, tarix üzrə fəlsəfə doktoru

Şərhlər bağlıdır.