ABŞ və Fransa səfirləri ötən gün Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməyiblər. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları, şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunan konfransda ABŞ və Fransa səfirlərinin iştirak etməməsi diqqət çəkib. Azərbaycan tərəfindən hər iki ölkənin diplomatlarına Şuşaya səfərlə bağlı dəvət göndərilsə də, onlar heç bir səbəb göstərmədən konfransda iştirakdan imtina ediblər.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, ABŞ və Fransa səfirləri Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstəriblər.
“Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər” – Prezidentin köməkçisi jurnalistlərə açıqlamasında deyib.
ABŞ və Fransa səfirlərinin Şuşa qorxusu nədən qaynaqlanır?
Bu barədə Azerbaycan-ruznamesi.org-a danışan Rusiya siyasi və iqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov bildirib ki, Qərb Cənubi Qafqazda tamamilə fərqli siyasət yürütmək istəyir.
Rusiyalı ekspert hesab edir ki, ABŞ və Fransa səfirlərinin işğaldan azad olunmuş ərazilərə getməməsi onların tabe olduğu hakimiyyətin niyyətindən xəbər verir:
“Onlar münaqişənin yalnız bir tərəfini (Ermənistanı – red) dəstəkləməkdə maraqlı olduqlarını açıq şəkildə bəyan edirlər. Bununla da sülhməramlı ölkələrə xas olan zəruri neytrallığı pozurlar. Məncə, Azərbaycanda bundan nəticə çıxarmalıdır. ABŞ və Fransa heç bir halda dost deyillər. Xarici və daxili siyasətdə onlara arxalanmağa dəyməz”.
Mixail Neyjmakov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra faktiki olaraq “ölmüş” ATƏT-in Minsk Qrupunun taleyinə də toxunub:
“Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Ukrayna ilə müharibədən sonra bu platformada olan ölkələr arasında əlaqə kəsilib. O zaman əlaqə olmayan platforma kimə lazımdır, hansı problemi həll edə bilər? Təbii ki, Minsk Qrupu ləğv edilməlidir. Demək olar ki, platforma Qarabağ məsələsində bacarıqsızdır. Lakin amerikalılar münaqişənin daha da uzanmasını istyir. Əlavə alətə sahib olmaq üçün bundan sona qədər yapışırlar. Amma bu, manasız olacaq”.
Şərhlər bağlıdır.