İranda avqustun 23-də Çaldıran döyüşünün ildönümü qeyd olunub. Maraqlıdır ki, bu vaxta qədər qonşu ölkədə bu tarixi savaşın ildönümü bu qədər kütləvi və dövlət rəsmilərinin iştirakı ilə anılmayıb. Regionda gedən siyasi dəyişikliklər, Türkiyə-Azərbaycan münasibətləri, Zəngəzur dəhlizinin gündəmdə olduğu bir məqamda İranın 500 il əvvəl baş vermiş savaşı yad etməsi suallar doğurmaya bilmir.
Qeyd edək ki, bu savaş Osmanlı imperiyası ilə Səfəvilər imperiyası arasında baş verib və Səfəvilərin məğlubiyyəti ilə başa çatıb.
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Çaldıran döyüşünün feodal dövrünün adi savaşlarından biri olduğunu qeyd edib:
“Bunu bizdə şişirdib milli faciəyə çeviriblər. Biz SSRİ dövründə mifologiya yaradırdıq ki, bu döyüş bizim qəhrəmanlığımızdır, cəngavərliyimizdir. Lakin tarixdə bizim elə ən böyük qəhrəmanlığımız cümhuriyyətimizin qurulmasıdır.
Biz Nadir Şahın islahatları ilə fəxr etməliyik, Cavad xanın qəhrəmanlığı ilə fəxr etməliyik, kimsə kimləsə döyüşübsə bunun bizim üçün nə əhəmiyyəti var? Bunu özü üçün bir ideologiya hesab edib yas saxlamaq istəyən saxlaya bilər. Ancaq bu tarixin Azərbaycan xalqı və dövləti üçün xüsusi bir əhəmiyyəti yoxdur.
Belə çıxır ki, Şeybani xanla Səfəvilərin savaşını tarixi qələbə kimi qeyd edək? Bu əsaslandırılmayan, elmi məhfumu olmayan bir anlayışdır. İranda hansısa gic-gic tədbir keçirirlərsə biz onu yamsılamalı, yaxud da keçirilmirsə tənqid edəsi deyilik”.
Fazil Mustafa bildirib ki, əgər qaldırılası bir mövzu varsa ha da Cümhuriyyət dövrüdür:
“Niyə Cümhuriyyətin yubileyi haqqında tədbir keçirilmədi? İrandan hansısa sarsaq çıxıb deyirsə ki, Azərbaycan adında yer olmayıb, elə bir dövlət yoxdur, buna cavab vermək olar, lakin İranda hansısa gic adətlərə görə nəsə keçirildi və yaxud keçirilmədi, bunu söhbətini edə bilmərik.
Azərbaycanın öz tarixi dəyərləri vardır, hansı ki, onlar Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabidir. Çaldıran döyüşü bizim üçün heç bir əhəmiyyət kəsb etmədi, lakin “Əkinçi” bizi diriltdi, Axundovun komediyaları bizi diriltdi. Biz bu gün millət olmağımıza görə onlara borcluyuq, Çaldıran döyüşünə yox.
Mənə maraqlıdır ki, Güney Azərbaycanda o qədər azərbaycanlı yaşayır. Orada Azərbaycan dilində təhsil verən bir məktəb varmı? Orada bunun davası gedirmi? Mənə maraqlıdır ki, orada nə qədər azərbaycanlı alim fəaliyyət göstərir? Azərbaycan naminə əsərlər yazır? Xalqın taleyi bunlarla həll olunur, haradasa rəqs oynamaqla, meyxana deməklə deyil. Xalqın taleyi axundovlardır, həsən bəy zərdabilərdir, mirzə cəlillərdir, cavidlərdir.
Belə insanlar yetişməlidir ki, xalqımızı hər zaman ön sıralarda təmsil etsinlər. Bunlar yoxdur deyə xalq cahildir. Gördünüzmü, özünü İmam Mehdi kimi təqdim edənə 10 milyondan çox pul yığıldı.
Tarixdən günümüz üçün faydalı olacaqları axtarmaq, yaşatmaq lazımdır. Nadir şahın islahatların oxuyub tətbiq etsək Azərbaycan çiçəklənən ölkəyə çevriləcək. Axundovun əlifba məsələsini qaldırdığını tanıtmaq lazımdır. Yoxsa, iki nəfər bir-birinin qulağını burub şapalaq vurması tarix deyil. Neyləməli idilər? İş yox, güc yox, elm yox. Bir-biri ilə savaşmalı idilər də. Osmanlı guya ki, Səfəvilərdən ağıllı olub? Xeyr, eyni ağılda olub ikisi də. Osmanlı gedib Avropanı tutub bir hamam tikdirib, bir məscid tikdirib, oradan qızları hərəmxanaya gətirib, oğlanları da yeniçəri edib. Ancaq kitab hanı? Ensiklopediya hanı? Hanı filosoflar?
X əsrdən sonra İslam dünyasında bir nəfər filosof tapa bilmirik. Hamısını ya öldürüblər, ya asıblar. Nə qədər filosof, elm adamı öldürdüklərinə görə onlarla fəxr etməliyik? İslamında evini yıxmışıq, din əvəzinə teatr yaratmışıq. Nəticə isə göz qabağındadır”.
Nəsimi Ələsgərli
Şərhlər bağlıdır.