SƏMƏD BAYRAMZADƏ:

20 SENTYABR ƏKRƏM RƏHİMLİNİN DOĞUM GÜNÜDÜR

Həmin münasibətlə bu gün AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşları mərhum alimin Binəqədi qəsəbəsində yeni qəbristanlıqdakı məzarını ziyarət etmişlər.

Güney Azərbaycan tarixinin, xüsusilə 1945-1946-cı illər Cənubi Azərbaycanda milli-demokratik hərəkatının, bu hərəkata rəhbərlik etmiş Azərbaycan Demokrat Firqəsinin sədri Seyid Cəfər Pişəvəri elmi-bədii yaradıcılığının və siyasi fəaliyyətinin ən məhsuldar tədqiqatçılarından olan Əkrəm Rəhimli (Bije) 20 sentyabr 1932-ci ildə Azərbaycan Respublikasının Qazax rayonunda anadan olub.

O, əslən Güney Azərbaycanın Mərənd şəhərindəndir.

Azərbaycan Milli Hökuməti devriləndən (12.12.1946) sonra Güney Azərbaycan milli qüvvələrinin bir dəstəsi yeganə çıxış yolunu Quzey Azərbaycana üz tutmaqda görür.

1946-cı il dekabrın 12-14-də Azərbaycan SSRİ-yə gəlirlər. Sovet Azərbaycanına pənah gətirənlər arasında Əkrəm Rəhimlinin də ailəsi olur.

Əkrəm Rəhimli Gəncə Dövlət Pedaqoji İnstitutunda təhsil alır. 1953-cü ildə buranı fərqlənmə diplomu ilə bitirir, 1975-ci ildə isə ikinci təhsilini tamamlayır – o zamakı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirir.

Bir müddət orta məktəbdə tarix fənnini tədris edir. Azərbaycan Demokratik Firqəsinin orqanı olan “Azərbaycan” qəzetində əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışır.

İranın sosial-siyasi, iqtisadi və mədəni həyatı ilə müntəzəm tanış olan alimimizin çoxsaylı tərcümə və məqalələri, tezisləri, məruzələri dövrü mətbuatda çap olunub.

Əkrəm Rəhimli XX əsrin əsrin sonundan tədqiqatlarını AMEA-nın Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan şöbəsində davam etdirir.

Bu şöbədə çalışdığı illər ərzində Güney Azərbaycana aid onlarla elmi və publisistik məqalə yazıb, müsahibə və toplantılarda, dövlət radiosunda, başqa informasiya vasitələrində çıxışlar edib.

Elmi yaradıcılığının böyük hissəsini Güney Azərbaycan tarixinin araşdırılmasına həsr edən Əkrəm Rəhimli 100-dən çox publisistik, elmi məqalənin, bir sıra kitabların müəllifidir.

Məhsuldar alim “Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)”, “Parçalanmış millətin harayı”, “Seyid Cəfər Pişəvəri“, “Quzey və Güney Azərbaycan: enisiklopedik təqvim“ (S.Bayramzadə ilə birlikdə), “Güney Azərbaycan” məlumat kitabı (Ş.Tağıyeva və S.Bayramzadə ilə birlikdə), “Cənubi Azərbaycan: düşüncələr, problemlər”, “662 saylı məhbus – S.C.Pişəvəri. Seyid Cəfər Pişəvəriyə aid istintaq materialları (1930-1940)” kimi sanballı əsərlərin müəllfidir.

2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm Rəhim oğlu Rəhimli “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

“21 Azər” hərəkatı yadigarlarından olan bu fədakar və zəhmətkeş alim 90 illik yubileyi ərəfəsində, 29 aprel 2022-ci il tarixində əbədi olaraq bu dünyaya gözünü yumdu. Onun elmi fəaliyyəti yaddaşlarda qalacaq, elmi ictimaiyyət və aidiyyatı qurumlar tərəfindən layiqincə dəyərləndiriləcəkdir.

Allah rəhmət eləsin, ruhu şad olsun.

Şərhlər bağlıdır.