“AZƏRBAYCAN” QƏZETİNİN SƏHİFƏLƏRİNDƏ

FİRQƏMİZ YENİ İNKİŞAF DÖVRÜ QARŞISINDA

Şənbə günü yanvar ayının 29-dan başlamış olan firqənin ümumi iclası dünən axşama qədər müntəzəm surətdə davam etmişdir. Bu iclas bütün mərkəzi komitə, mərkəzi təftiş şöbəsi üzvləri, şəhər, vilayəti və yerli komitələrin məsullarının iştirakı ilə olmuşdur.

Bu iclasda firqəmizin geridə qoymuş olduğu il, bu yolda atılmış olan yanlış qədəmlər nəzərə alınaraq firqəmizə dayanan Milli Hökumətin quruluşu nəticəsində qabağa gələn yeni dövrdə firqəmizin nə cür hərəkət edəcəyi barəsində də mühüm və əsas göstərişlər verilmişdir.

Bu iclasda firqənin keçmiş hərəkət xətti (platforması – red.) bütünlüklə müzakirə olunmuş, əldə edilən müvəffəqiyyətlərə və aparılmış düzgün işlərə layiq olan qiymət verilmiş, yanlış addımar, xətalar və səhvlər kəskin tənqid edilmişdir.

Bu iclasda firqə və dövlətə aid olan bütün tənqidlərə icazə verilmiş və söylənilən fikirlərə diqqətlə diqqət olunmuşdur.

Bu, firqəmizin hansı dərəcədə möhkəm olduğunu aydıncasına göstərir. Gələcək saylarımızda nəşr olunacaq müzakirələrin xülasələrindən bu həqiqəti çox asan görmək olar.

Əsasən keçən nömrələrimizdə nəşr olan Baş nazirimiz və firqə sədrimiz cənab Pişəvərinin, Daxili İşlər nazirimiz doktor Cavidin, firqə sədrinin müavini Badeqanın nitqindən bu məsələni anlamaq asandır.

Bu iclasda keçmişdə görülən işlərin planı və hesabatı qənaətbəxş olaraq qəbul edilməmişdir.

Əsasən iclasda beş milyon əhaliyə malik olan bir ölkənin gələcək müqəddəratını əlinə almış olan, dünya ictimai fikri və gələcək tarix önündə böyük məsuliyyət və vəzifə daşıyan firqəmizin 40 gün bündan əvvəl başlamış yeni mərhələdəki hərəkət xətti (platforması – red.) barəsində qərarlar alınmış və onların hər biri ayrı-ayrı qərarlar halında nəşr ediləckdir.

Çünki hökumət qurulduqdan bəri firqə istər təşkilati, istər təbliğati və istərsə xalq və dövlət ilə saxlayacağı əlaqələr baxımından yeni bir mərhələyə keçmişdir.

Firqəmizin indiyə qədər keçdiyi yol nə qədər çətin və təhlükəli imişsə, bundan sonra gedəcəyi yol daha da çətin və daha da təhlükəlidir.

Baş nazirimizin ümumi siyasət və firqə ilə dövlətin əsas məsələləri haqqında söylədiyi nitqə bir baxışla dövlətin və dövləti doğmuş olan firqənin qarşısında duran vəzifələrin böyüklüyü və əhəmiyyəti daha da aydın gözə çarpar. Bu iclas firqə və dövlətin qabağında duran mənalı və çox əhəmiyyətli olan “Azərbaycan azərbaycanlılarındır” şüarını qoyur.

Firəqmiz Milli Hökumətin quruluşunu təmin edən birinci Müəssislər Məclisini seçmək hazırlıqlarını müvəffəqiyyətlə yerinə yetirmişdir. Amma gələcəkdə milli muxtariyyatımızın əsas dayaqlarını qurmaqda və bütün varlığımızın istinadgahı sayılan Əsas Qanunu (Konstitusiyanı – red.) tərtib etmək üçün millətimizin amal və arzularının həqiqi nümayəndəsi olan yeni bir Müəssislər Məclisini quruluşu kimi böyük bir vəzifə daha vardır.

Firqəmizin müraciətnaməsində Xalq Konqresinin qərarında və Milli Hökumətimizin proqramında əsaslı yer tutan yer bölgüsü məsələsi hələ həll edilməmişdir. Xüsusilə dövlətin kafi miqdarada mütəxəssislər, mühəndislər və işçiləri olmadığına görə firqə təşkilatının öhdəsinə bu barədə də böyük bir vəzifə düşür.

Ölkəmizin müdafiəsi, milli qoşun yaratmaq vəzifəsi də çox asan bir iş deyildir…. Firqə bütün bu sahələrdə istər təbliğat və istər təşkilat cəhətdən böyük iradə və qeyrət sərf etməlidir.

Bütün işlər ümumi iclasda danışılmış, qəbul olunmuş qərarlara uyğun olmalı və bu mühüm işləri yerinə yetirirkən firqə ilə dövlət arasındakı əlaqəyə də iclasda verilən göstərişlərə uyğun olaraq tam şəkildə riayət edilməlidir.

Biz bu iclasda verilmiş göstərişlərə riayət ediləcəyinə, nəticədə bu yeni çətin mərhələdə də firqəmizin və dövlətimizin daha parlaq müvəffəqiyyətlərə nail olacağına əminik.

Yaxın gələcək bizim nə qədər haqlı olduğumuzu göstərəcəkdir.

Azərbaycan, 113, 30.01.1946

Təqdim etdi: Səməd Bayramzadə,
Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.