CƏNUBİ AZƏRBAYCANIN MOLLA İSTİSMARINDAN AZADLIQ HƏRƏKATINA KİMLƏR DƏSTƏK VERƏCƏK?..

Sədrəddin Soltan: “Yenidən bu məsələ daha ciddi şəkildə meydana çıxarsa, ola bilər ki, beynəlxalq ictimaiyyət onu dəstəkləyər”

Tehran rejiminin Cənubi Azərbaycandakı soydaşlarımızın başına açdığı oyunların miqyası o qədər genişdir ki, saymaqla qurtarmaz. Bilirik ki, hər addımda soydaşlarımızın hüquqları pozulur, onlar ədalətsizliklə üzləşirlər. Ana dillərində təhsil almaq hüququndan məhrum olan soydaşlarımızın hazırda əsas məqsədi tez bir zamanda mollakratiya rejiminin buxovlarından azad olmaqdır.

Əslində, son iki ayda baş verən proseslər də onu göstərir ki, soydaşlarımız rejimə qarşı çox ciddi şəkildə mənəvi müqavimət  göstərirlər. Baxmayaraq ki, mollakratiyanın əli qanlı ordusu, SEPAH soydaşlarımıza divan tutur, amma onların azadlıq eşqini söndürə bilmir.

Cənubi azərbaycanlıların azadlıq və ədalət hüququ, Cənubi Azərbaycanda milli hökumət ideyasının inkişaf etdirilməsi əsas məsələlərdən biridir. Cənubi Azərbaycanda milli hakimiyyət ideyası doğrudan da aktuallaşarsa, İranda bu proseslərin fonunda azərbaycanlılar aktiv şəkildə gedərlərsə  milli hökumət ideyasının gerçəkləşməsinə təxminən dünyanın hansı böyük qüvvələrindən dəstək gələcək? Həm region, həm də uzaq dünya ölkələrindən, siyasi mərkəzlərindən, siyasi qüvvələrdən soydaşlarımız  hansı dəstəyi ala biləcəklər?

  • “Bu gün o ideyanı yaşadanlar və onun arxasında duranlar var”

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ötən yüz ildə Güney Azərbaycanda milli haqların təmin edilməsi, xüsusən də milli dövlətçiliyin qurulması istiqamətində iki dəfə çox böyük cəhd olunub: “Bunlardan biri 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi hərəkatdır. Bu hərəkatın şüarı İrana demokratiya, Azərbaycana muxtariyyət idi. Bu hərəkat Azadistan adında dövlətin qurulması və 6 aya yaxın yaşaması ilə nəticələndi. İkincisi isə 1945-ci ilin dekabr ayının 12-də Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılmış Azərbaycan Milli Hökuməti idi. Bu hökumətin də ömrü bir il çəkdi. Hər ikisi də əsasən beynəlxalq dəstək almadı.

Əksinə, şah rejiminə dəstək verildiyi üçün onlar boğuldu. Məsələn, Milli Hökumət də, Şeyx Məhəmməd Xiyabani Hərəkatı da xarici qüvvələrin şah rejiminə dəstəyi və yardımı ilə boğuldu. Milli Hökuməti boğmağa gələn hərbi qüvvələrə rəhbərlik edənlərdən biri amerikalı general  Şvarstkop idi. Yeri gəlmişkən, bu Şvarstkopun nəvəsi İraqda səhrada “Fırtına” əməliyyatına başçılıq edib. O vaxt SSRİ qoşununu Stalin Güney Azərbaycan ərazisindən çıxardı və Milli Hökumətin başçılarına verilmiş vədlərə xəyanət etdi. Bununla da həm SSRİ, həm ABŞ, həm Böyük Britaniya Azərbaycan Milli Hökumətinin, eləcə də İrandakı başqa milli hökumətlərin məhv olmasına şərait yaratdılar. 1979-cu il inqilabında da milli məsələ gündəlikdə olub. Məsələn, o vaxt Xəlq Müsəlman Hərəkatı milli məsələyə daha çox meylli olub. O hərəkat da uğur qazana bilmədi, onun mənəvi lideri Seyid Kazım Şəriətmədari müəmmalı şəkildə öldü”.

S.Soltanın sözlərinə görə, sonrakı dövrlərdə də etiraz aksiyaları keçirilib, Azərbaycan türkləri öz milli varlıqlarını dünyaya bir daha göstəriblər, bəyan ediblər. O vurğuladı ki, İran-İraq müharibəsindən, xüsusən SSRİ dağıldıqdan sonra Güney Azərbaycanda milli oyanış hərəkatı yeni mərhələyə qədəm qoydu. “Məsələn, keçən əsrin 90-cı illərində Babək qalasına yürüş milli özünüdərk şüurunun yüksəldiyinin göstəricisi idi. Yaxud “Traxtur” Futbol Klubunun oyunlarında “haray, haray mən türkəm” deyə “Traxtur” azarkeşlərinin hayqırtıları ilə öz səslərini bütün dünyaya çatdırması, eləcə də Güney Azərbaycanın müxtəlif bölgələrində “Traxtur”un oyunlarında “Güney Azərbaycan İran deyil” şüarının yazılması və meydanda göstərilməsi Güney Azərbaycan türkünün öz milli varlığı, öz milli haqqlarının təmini istiqamətində fəaliyyət göstərməsidir. 2006-cı ilin may hadisələrində isə Güney Azərbaycan türkləri dünyaya səs sala biləcək bir aksiya keçirdilər. Təəssüf ki, o aksiya beynəlxalq güclər tərəfindən müdafiə olunmadı. “Yaşıllar Hərəkatı” dövründə də Azərbaycan türklərinin İran hakimiyyəti daxilindən çıxan qüvvələri bu hərəkata qoşulmadı, qoşulsa da çox az sayda qoşuldular. Ümumilikdə Azərbaycan milli hərəkatı qırmızı bayrağı çıxararaq dünyaya göstərdi ki, Güney Azərbaycan İran deyil. Sentyabrın 17-dən başlayan aksiyalarda da soydaşlarımız ümumi şüarlara qoşulurlar. Onlar da  “diktatora ölüm”, “azadlıq”, “qadın azadlığı”, “ədalət” kimi şüarlar səsləndirənlər sırasında yer alırlar. Bununla yanaşı həm də “azadlıq, ədalət, milli hökümət” şüarlarını da səsləndirirlər.  Bu onu göstərir ki, Güney Azərbaycan türkləri ötən yüz ildə yarımçıq qalmış milli haqların təmini ilə bağlı prosesi davam etdirirlər. Təəssüf ki, hələ dünya ictimaiyyəti, xüsusən aparıcı güclər İrandakı hadisələrin istiqaməti ilə bağlı hələ elə bir ciddi açıqlamalar vermirlər. Verilən açıqlamalar İranda insan haqlarının pozulması ilə bağlı hakimiyyətin ayrı-ayrı şəxslərinin və qurumlarının sanksiyalara məruz qalması və sairlə əlaqədardır. Bir də bu məsələdə daha çox kürdlərin adlarını hallandırmağa çalışırlar və onlara xüsusi informasiya dəstəyi göstərilir. Hadisələrdə həm də Məhəmməd Rza şahın oğlu Pza Pəhləvinin dəstəsinin adı hallanır, onların saytı daha çox fəal görünür. Eləcə də xalq mücahidləri fəal göstərilir. Amma bunların heç birisinin Güney Azərbaycan türkünün milli haqlarının təmin olunması istiqamətində bəyanatı yoxdur. Yəni İranda baş verən indiki hadisədə, proseslərdə milli məsələ, daha doğrusu, fars olmayan millətlərin milli haqlarının təmin olunması ilə bağlı hələ dünya tərəfindən heç bir addım atılmır. Əgər gələcəkdə dünya İran daxilindəki milli prosesləri dəstəkləməzsə, bu ölkədə növbəti dəfə yenidən hadisə baş verəcək. Çünki ötən yüz ildə başlamış proseslər yarımçıq qalıb. O həmişə özündən sonrakına ideyaları ötürür və yeni proseslər başlayır. 1920-ci ildə başlamış Xiyabani hərəkatının davamı Pişəvəri Hərəkatı, Pişəvəri Hərəkatının davamı 1979-cu il Hərəkatı oldu. 1979-cu il hərəkatı isə bugünki azadlıq, ədalət və milli hökumət şüarının etiraz aksiyalarında səslənməsinə təsir göstərdi. Güney Azərbaycan Milli Hökuməti (1945-1946) Güney Azərbaycan türkünün ötən yüz ildə qurduğu milli dövlətçilikdir. Tutaq ki, Şimali Azərbaycan Respublikası üçün Azərbaycan Xalq Cumhuriyyəti nədirsə, Güney Azərbaycan türkü üçün də Milli Hökumət odur. Ona görə də milli hökumət ideyaları, milli hökumət düşüncəsi yaşayır, milli hökumətin gördüyü işlərin nəticəsini görənlər var. Bu gün o ideyanı yaşadanlar və onun arxasında duranlar var. Bu məsələ hələ ki, dünyanın gündəliyində görünmür. Amma yenidən bu məsələ daha ciddi şəkildə meydana çıxarsa, ola bilər ki, beynəlxalq ictimaiyyət onu dəstəkləyər. Beynəlxalq ictimaiyyət deyəndə burada dünyanın aparıcı güclərindən söhbət gedir” – deyə S.Soltan qeyd etdi.

İradə SARIYEVA

Şərhlər bağlıdır.