İRAN HAKİMİYYƏTİNİN TALEYÜKLÜ MƏSƏLƏSİ – HİCAB

QONŞULUQ MERİDİANI

İran İslam Respublikasında orta əsrlərə məxsus qadağalardan ən çox əziyyət çəkən təbəqə əhalinin yarısını təşkil edən, 40 ildən bəri məişət normaları XX əsrdən VII əsrə qaytarılan qadınlardır. Ona görə də ölkədə 2 aydan bəri davam edən kütləvi etiraz aksiyalarında qadınlar daha fəal iştirak edirlər.

Orta əsrlər qaydasına düzgün əməl etmədiyinə, baş örtüyünün altından saçlarının görünməsinə görə “əxlaq polisi” tərəfindən tətbiq edilən və gənc xanımın ölümü ilə nəticələnən sərt cəza tədbirləri və zorakılığa qarşı sentyabrın 17-dən İranda başlanan etiraz aksiyaları bir çox cəhətdən qadınların hüquq və azdlıqlarının müdafiəsinə yönəlmişdir. Həmin aksiyalarda qadınlarla yanaşı, kişilər də fəal iştirak edərək hakimiyyətin zorakılığına qarşı etiraz nümayiş etdirirlər.

Qonşu ölkədəki etiraz aksiyalarının mərkəzində yalnız gənc xanımların deyil, həm də gənc nəslin etirazına səbəb olan və qadınların şəxsi, mədəni azadlıqlarını məhdudlaşdıran icbari “hicab” məsələsi durduğundan həmin mövzuda bir qədər geniş danışmağa ehtiyac duyulur. Məlum olduğu kimi, İranda modernləşmənin XX əsrin 20-ci illərində yuxarıdan başlayan ikinci mərhələsi daha çox mədəni-məişət sahəsində (geyim, davranış və s.) qərbləşmə kimi özünü göstərmişdir.

Ruhanilərin və onlara yaxın ideoloqların şah rejiminə qarşı təbliğatının mühüm hissəsini isə ölkədə qərbçiliyin geniş yayılmasına qarşı fəaliyyət təşkil etmişdir. Ruhanilərin qərbləşməyə qarşı yönəlmiş həmin təbliğatı ilə şah rejimi əhalini öz kökündən, adət-ənənələrindən, dinindən uzaqlaşdırmağa çalışmaqda ittiham edilmişdir. Həmin təbliğat 1979-cu ildə İslam inqiabının baş verməsində və ondan sonra qərbçiliyin qeyd edilən sahələrdə bütün təzahür formalarına qarşı geniş və mütəşəkkil mübarizənin başlanmasında müəyyən rol oynamışdır.

Rza şah qərbləşdirmə syasətini həyata keçirərək müasir dünya ilə ayaqlaşmaq istiqamətində hərəkət etdiyi halda, yeni təsis edilmiş İslam rejimi daha geniş miqyasda və bütün sahələrdə, ilk növbədə, mədəniyyət və onun hər gün təzahür etdiyi məişətdə islamlaşdırma siyasətini gerçəkləşdirməklə geriyə qayıdışa start vermişdir. Məlum İslam inqilabından sonra İranda hakimiyyətə gəlmiş yeni rejim islamlaşdırmaya onun ilk addımlarına qarşı güclü müqavimət göstərən ali təhsil sisteminin fəaliyyətinin dayandırılması və yenidən qurulması ilə başlamışdır.

Mədəniyyət və mədəni fəaliyyət sferasını yenidən qurmaq üçün 1980-ci ildə mədəni inqilab qurumu təsis edildi və sonra Ali Mədəni İnqilab Şurasına çevrilmişdir. Həmin qurumun rəhbərliyi ilə mədəniyyət, xüsusən təhsil və ali təhsil sistemində “təmizlmə” işləri aparıldıqdan sonra 1982-ci ildə ali məktəblər fəaliyyətlərini bərpa etmişdir. Artıq ali məktəblər mərkəzi hakimyyətin dini qolunu təmsil edən əsas və köməkçi nəzarət qurumları və təmsilçiləri ilə təmin edilmişdir. Beləliklə, İslam rejimi Rza şahın qərbləşdirmə modeleni islamlaşdırma modeli ilə əvəz edərək onu daha geniş şəkildə tətbiq etməyə başlamışdır.

Əgər ruhanilər, onların sosial dayağı olan ənənəvi sosial qruplar və onların ideoloqları modernləşməyə qarşı çıxırdısa, artıq 40 ildən sonra bütün orta təbəqə, xüsusən onun savadlı hissəsi islamlaşdırmaya qarşı çıxır. İranda hər il bir neçə milyon ali təhsil məzunu olduğu nəzərə alınsa, onda müqavimətin açıq və gizli miqyasını təsəvvür etmək çətin olmaz. Bir sözlə, cəmiyyətin savadlı və inkişafın müəyyən bir pilləsində dayanan üzvləri artıq islamlaşdırmaya qarşı çıxır.

Mədəni-məişət sferasının islamlaşdırılmasında cəmiyyətin yarısını təşkil edən qadınların fərdi azadlığı sırasındakı mövcud elementlərindən biri olan hicab məsələsi ən mühüm yeri tutur. İranda modernləşmə siyasəti çərçivəsində 1934-cü ildə dövlət qurumları və təhsil müəssislərində hicabın qadağan olunması haqqında qanun qəbul edilmişdir.

XX əsrin 60-cı illərindən başlayaraq İranda modernləşmənin vesternləşmə sahəsinə qərbpərəstlik adı altında mədəni və ideoloji müqavimət meydana gəlmişdir. Bütün bunlar və digər daha köklü və situativ səbəblər İranda 1978–1979-cu illər antimonarxist inqilabının baş verməsini, onun qalib gəlməsini və ruhani hakimiyyətinin təsbit edilməsini təmin etmişdir. İslam dininin şiə məzhəbi və ruhanilərin ali hakimiyyəti, cəmiyyətin həyatının İslam normaları əsasında tənzimlənməsi təsbit edildikdən və yeni hakimiyyət qolları formalaşdıqdan sonra cəmiyyətin əsaslarının İslam normaları əsasında yenidən qurulmasına başlanmış, həmin məqsədlə Ali Mədəni İnqilab Şurası yaradılmışdır.

Mədəni inqilab orqanının əsas işlərindən biri qadınların islam qaydalarına əsaslanan həyat tərzini müəyyən edib tənzimləmək idi. Həmin məsələnin mərkəzi komponentini hicab təşkil etmişdir. Onun ətrafında müəyyən müzakirələr getsə də, Quran, hədis və ən əsası Xomeyninin sözlərindən çıxış edərək hicabın qadınlar üçün icbari xarakter daşıması haqqında qanun qəbul edilmişdir. Qanuna görə, ümumi məkanlarda hicabsız gəzən qadın 10–60 gün həbs və ya 74 şallaq, ya da 50–500 min riyal cərimə cəzasına məhkum edilmişdir. Həmin vaxtdan da hicab qanununa əməl olunması sahəsində geniş ideoloji, təbliğatı və operativ fəaliyyət göstərilir.

İranın tanınmış və islahatçı adlandırılan alimlərindən biri olan doktor Sadiq Zibakəlamın hesablamalarına görə, hicab haqqında qanunun təmin edilməsi ilə 30-dan çox təşkilat məşğul olur və həmin sahəyə büdcədən külli miqdarda birbaşa və ya qeyri-müstəqim şəkildə vəsait ayrılır. Doktor istehza ilə qeyd edir ki, məsələ ilə tanış olan hər bir şəxs güman edər ki, İranın daxili ictimai-siyasi həyatında hicabdan vacib ayrı bir məsələ yoxdur. Əgər məsələyə maraqlı tərəflərin mövqeyindən yanaşılarsa, onda görərik ki, hicab nəinki büdcə vəsaitinin bölüşdürülməsi sahəsində mühüm rol oynayır, həm də bütövlükdə rejimin mövcudluğunun qorunmasında misilsiz əhəmiyyətə malikdir.

Obrazlı dildə desək, “hicab” rejimin papağı, fəqərə sütunu, özülü hesab edilir. Rejimin hicabdan imtina etməsi öz gələcək varlığından imtina etməsi ilə barışması anlamına gəlir.

Vidadi MUSTAFAYEV,
AMEA Şərqşünaslıq İnstitutu İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, dosent

(“Xalq qazeti”dən)

Şərhlər bağlıdır.