MOLLA REJİMİ DAXİLİNDƏ QARŞIDURMALAR BAŞLAYIR…

İranda mövcud rejimin bütün cəhdlərinə baxmayaraq, ölkə daxilində etiraz aksiyalarrına son qoymaq mümkün olmayıb. Aksiyaların güc yolu iə dayandırılmasında da rejim getdikcə daha çox çətinlik çəkir. Elə bu fonda yayılan məlumatlara əsasən, Tehran rejimi İraq, Suriya və Livanda fəaliyyət göstərən bəzi muzdlu silahlı qruplaşma üzvlərini ölkə daxilində hökumət əleyhinə nümayişlərin daha geniş yayıldığı şəhərlərə göndərir.

SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani ölkə daxilində repressiya qüvvələrini gücləndirmək üçün Tehrana bağlı olan Suriyadakı silahlı birləşmələrin bir hissəsini İrana gətirib. Qeyd edək ki, bundan öncə İsrail mediası İran hökumətinin iraqlı şiələrdən ibarət Həşdi-Şabi və əfqanlardan ibarət “Fatimiyyun” silahlı qruplaşma üzvlərinin repressiya əməliyyatlarına cəlb edildiyini və 2 əfqanistanlı muzdlunun Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində etirazçılar tərəfindən öldürüldüyünü bildirmişdi. Amma bütün bunlara baxmayaraq, xalqın etiraz aksiyaları davam edir. Son məlumatlara əsasən, İranın Dehqolan, Diziçe, Zahedan, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib. Etirazlarda “Diktatora ölüm!”, “Xamneiyə ölüm!”, “Xamnei qatildir, hökuməti batildir!”, “Uşaq qatili hökumətə ölüm!”, “Qatil Xamneiyə ölüm!” və digər şüarlar səsləndirilib. Tehran şəhərində gecə-gündüz divarlara Xamnei əleyhinə şüarlar yazılır: “Xamneiyə ölüm!”, “Qələbə bizimlədir!”. Tehranın Xacə Nəsir Universitetinin tələbələri həbsdə olan tələbələr azad olunana qədər tətil keçirəcəklərini bildiriblər. Kürdüstan əyalətinin Dehqolan şəhərində aksiyalar zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirilıb. Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində etirazçılar “Xamenei həya et, ölkəmizdən əl çək” şüarı səsləndirib, qadınlar rejimin etirazçıları edam etməsinə qarşı aksiya keçiriblər. Aksiya iştirakçıları əllərini qan rənginə boyayaraq şüarlar səsləndiriblər: “Zalım hökumətə ölüm olsun!”, “Bəsic və SEPAH, bizim İŞİD-imiz sizsiniz!”. Şəhid Beheşti Universitetinin professoru və hüquqşünas Muhəqqiq Damad bir din xadimi kimi bütün İran xalqından üzr istəyib: “Nisbətən yaşlı bir din xadimi kimi mən bütün İran xalqından üzr istəyirəm. Biz islam əxlaqını təbliğ və bugünkü nəsli mehriban, mərhəmətli və zorakılıqdan uzaq tərbiyə edə bilmədik”. Onun sözlərinə görə, ən qaranlıq və ən çətin zorakılıq müqəddəs və dini motivlərlə törədilən zorakılıqdır; yəni Allahın adı ilə öldürüb, qul edib, baş kəsmək: “Tarixdə bütün müharibələr zorakılıq nəticəsində baş verib. Müqəddəs zorakılıq qədər də acı bir zorakılıq yoxdur”. Zahidan şəhərinin imam cüməsi Mövləvi Əbdülhəmid bildirib ki, bu gün İran xalqının əksəriyyəti narazıdır. O, hazırda İranın pul vahidi rialın dünyada ən dəyərsiz pula çevrildiyini, ölkə əhalisinin gözü qarşısında sərvətlərinin talanmasının narahatlıq doğurduğunu, ölkədə ayrıseçkilik siyasətinin yürüdüldüyünü və qanunların hamıya eyni dərəcədə şamil edilmədiyini bildirib. Bu arada isə əslən Güney Azərbaycanın Həmədan mahalından olan, Norveçdə yaşayan Nobel mükafatı laureatı, insan haqları müdafiəçisi Şirin İbadi İran vətəndaşlarına müraciət edib. İbadi yaydığı görüntülü mesajında İran hökumətinin xidmətində olan bütün qurumların boykot edilməsinə çağırıb. İbadi, həmçinin, vətəndaşlardan Tehran rejiminin banklarında olan bütün əmanətləri çıxarmağı xahiş edib: “Banklar ölüm respublikasının qırğın maşınının iqtisadi qoludur və bu qurum artıq xalqa xidmət etmir”. Artıq İranda əmanətçilər rejimə etiraz olaraq öz pullarını banklardan çıxarır. Hətta hökumətin bankların nağdlaşdırma əməliyyatlarına limit tətbiq etməsinə baxmayaraq, xalq banklardakı əmanətlərini çıxarmaqda israrlıdır.

Yaranmış vəziyyətdə SEPAH-ın baş komandanı general-mayor Hüseyn Salami etiraf edib ki, ölkədə vəziyyət normal deyil. “Bloomberg“ portalının yazdığına əsasən, iğtişaşlar İranın güc strukturunda çatlar yaratmağa başlayıb. Qeyd edilir  ki, etirazlar üçün digər ssenarilər də mövcuddur. Bunlardan biri idarəetmənin İslam İnqilabı Keşikçiləri Korpusuna keçməsi, digəri isə etnik azlıqlara (azərbaycanlılar, kürdlər və sair) muxtariyyət verilməsidir. İranın ali rəhbəri Əli Xamneyinin bacısı oğlu Mahmud Muradxani deyib ki, dayısının başçılıq etdiyi rejim 40 ildən çoxdur demokratiya, insan haqları və qadın hüquqlarına qarşı çıxır. Bundan əvvəl o vurğulayıb ki, İran rəhbərinin ölümü ilə hakim sistem dağılacaq: “Hakimiyyət daxilində də Xamneyinin siyasəti ilə razılaşmayan şəxslər var, ancaq onların fikirlərini ifadə etmək imkanları yoxdur”. Bu fonda dünyada da İranda baş verənlərə etirazlar artır. Məsələn, Britaniya parlamentinin Leyboristlər Partiyasından olan üzvü Stiv Makkeyb ölkəsinin xarici işlər nazirinə yazdığı məktubda hökumətdən, sanksiyaları gücləndirməklə yanaşı, İranın Londondakı müvəqqəti işlər vəkilini ölkədən qovmağı və Britaniya-İran münasibətlərinin səviyyəsini azaltmağı istəyib. Hollandiya hökuməti İranda əsas hüquq və azadlıqların davamlı şəkildə pozulduğunu pisləmək üçün İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb. İtaliyanın xarici işlər naziri də parlamentdə çıxışı zamanı İran səfirinin etimadnaməsini dövlət başçısına təhvil verməsindən dərhal sonra XİN-ə çağrılacağını bildirib. Bununla yanaşı, İran rejiminə qarşı yeni sanksiyaların tətbiqi də ön planda yer alır.

Samirə SƏFƏROVA

Şərhlər bağlıdır.