İRANDA SABİQ PREZİDENTİN QIZINA 5 İL HƏBS CƏZASI

İranda hökumətə qarşı xalq etirazları davam edir. Son məlumatlara görə, aksiyaların gedişində hüquq-mühafizə orqanları tərəfindən öldürülənlərin sayı 519 nəfərə çatıb. Onlardan  69-u uşaqdır. 20 min etirazçı saxlanılıb. Onların 3 mini Güney azərbaycanlıdır. Məlumatı GünazTV verib.

Güneyli fəal Murtaza Muradpur videoməlumat yayaraq, “Ərk” insan haqları dərnəyinin son etirazlarda öldürülənlərlə bağlı statistikasını açıqlayıb: “Ağır maddələrlə ittiham olunan 120 nəfərin əksəriyyəti edam olunmaq təhlükəsi ilə üz-üzədir. 16 nəfər azərbaycanlı haqqında da edam hökmü çıxarılıb. 33 nəfər güllə yarası alaraq öldürülüb. Heydər Əzimi Qarabaşi adlı şəxs polis idarəsində işgəncələrə məruz qalaraq həyatını itirib. Daha iki nəfər rejim tərəfindən asılaraq öldürülüb”.

Bu günlərdə həbs olunmuş İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsancaninin qızı Faizə Haşimiyə 5 il həbs cəzası verilib. Bu barədə onun vəkili Qulaməli Riyahi sosial mediada paylaşım edib. İran Kargüzarlar Partiyası
Mərkəzi Şurasının üzvü Faizə Haşimiyə “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə, İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti və qeyri-qanuni toplantılarda iştirak etməklə ictimai asayişi və əmin-amanlığı pozma” ittihamları irəli sürülüb.

Mazandaran əyalətinin mərkəzi Sari şəhərinin İnqilab Məhkəməsi idman jurnalisti və satiraçı Ehsan Pirbornaş barəsində 18 il həbs qərarı çıxarıb. O da etirazlara dəstək, İran rejimi əleyhinə təbliğat aparmaq və beynəlxalq təhlükəsizliyi pozmaqda ittiham olunur. Başqa etirazçılarla bağlı da hökmlər çıxarılıb.

Ali dini lider Əli Xameneyi davam edən etiraz aksiyaları ilə bağlı narahatlığını ifadə edərək, nümayişlərə qoşulanları xain adlandırıb. Eyni zamanda, əlaqədar dövlət qurumlarından küçələrə çıxanlara qarşı sərt tədbirlər görmələrini tələb edib. O, bir müddət əvvəl İran Məhkəmə Sistemi və Baş Prokurorluqdan hicab taxmayanlar və nümayişçilər barəsində sərt ölçü götürmələrini tələb etmişdi.

Əli Xameneyinin son çıxışından sonra ölkənin baş prokuroru Məhəmməd Cəfər Müntəziri, baş prokurorun müavini Əbdülsəməd Xürrəmabadi və Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei ölkənin hüquq-mühafizə qüvvələrinə məcburi hicab qaydalarına riayət etməyənlərə qarşı sərt və kəskin tədbirlərin görülməsi barədə göstəriş veriblər. Onların imzaladıqları sərəncamda hicab qaydalarını pozanlara qarşı cərimə, 6 ay müddətinə ölkədən çıxışa qadağa, işdən çıxarma, sürgün, dövlət işlərindən uzaqlaşdırma və başqa ağır cəzaların veriləcəyi bəyan olunub.

İranda yaşayan qeyri-fars xalqların bir neçə təşkilatı isə birgə bəyanat yayaraq, Tehran rejiminin əməllərini pisləyib, edam cəzalarının artmasına etiraz edib, qeyri-fars xalqların hüquqlarının tanınmasının vacibliyini qeyd edib.

Avropa İttifaqı Xarici Əlaqələr Xidmətinin baş katibi Stefano Sanino isə İranın Avropa Birliyindəki səfiri Hüseyn Dehqani ilə görüşüb. O, etirazlarla bağlı məhbusların edamına görə Avropa Birliyinin dəhşət içərisində olduğunu bildirib və edamların dayandırılmasını tələb edib. Onun sözlərinə görə, Aİ və bütün üzv ölkələr İranın hərəkətlərinə qarşı həmrəydirlər.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı da İranda edam cəzasının xalq arasında qorxu yaratmaq və müxalifəti sıxışdırmaq məqsədi daşıdığını bildirib, bu edamları “dövlət tərəfindən icazə verilən qətllər” adlandırıb.

Paşa ƏMİRCANOV,
Xalq qazeti

Şərhlər bağlıdır.