DİLÇİLİK İNSTİTUTUNDA BEYNƏLXALQ ANA DİLİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, professor Nadir Məmmədli  dünyada qeyd olunan Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən danışıb. Qeyd olunub ki, 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə qarşı keçirilən aksiyada 4 nəfər şəhid olub və onların xatirəsinə ehtiram əlaməti kimi 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Professor bildirib ki, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyi keçirilib və Ümumilli Lider Heydər Əliyev həmin yubiley tədbirində mövcud ideoloji qaydaları və özündən əvvəlki çoxillik “ənənələri” sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış edib. Həmin tədbirlər sırasında böyük rəhbərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır.

İclasda institutun Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov “Azərbaycanda dil siyasəti”, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi dosent Elnarə Əliyeva “Qloballaşan dünyada ana dili problemi”, elmi işçi Arzu İsgəndərzadə “Dilimiz kimliyimizdir” adlı məruzələrlə çıxış ediblər. Məruzəçilər bildiriblər ki, dünyadakı müxtəlif dillər dünyadakı mədəniyyətlərin ifadəsidir. Dil məhv olarsa onlarla birlikdə bütöv bir mədəniyyət də məhv olur. Dilə olan sevgi ailədən, bağçadan, məktəbdən başlayır və davam edir. Ona görə də ailələrimizdə doğma ana dilimizə sevgini formalaşdırmaq lazımdır.

Tədbirdə professorlar İlhami Cəfərsoy,  İsmayıl Kazımov, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, dosentlər Kifayət İmamquliyeva və Şəkər Orucova  çıxış edərək ölkəmizdə dil quruculuğu sahəsində görülən işlərdən danışıblar.

Nazim

Şərhlər bağlıdır.