“İRAN AZƏRBAYCANI ÖZÜNƏ BİRLƏŞDİRMƏK İSTƏYİR”

- MƏŞHUR NƏŞR TEHRANIN GİZLİ PLANI HAQDA

İranda səfirliyimizə qarşı teraktın arxasında nələr durur?” sualı hər kəsi maraqlandırır. Çoxlu motivlər sadalamaq, iddiaları arqumentləşdirmək, uzun-uzadı izahedici fikirlər səsləndirmək olar. Amma mövzunun qısa izahını, fikrimizcə, “Asharq al-Awsat”da (Əş-şarq -əl-ausat) bir müddət əvvəl getmiş yazı təqdim edir.

Müəllif yazır ki, İranın Qafqaz siyasəti İslam və şiə həmrəyliyi haqda rəsmi doktrinasına ziddir, Tehran tarixdə uydurduqları Böyük Fars imperiyasını (Persiya) bərpa edərək Cənubi Qafqaz ölkələrini, xüsusən Azərbaycanı yenidən o imperiyanın tərkibində görmək istəyir.

Müəllifə görə, teokratik rejim üçün çətin bir dilemma var. Bütün dünyada İslamı və müsəlmanları dəstəklədiyini və “qaib İmam Mehdinin gözlənilən qayıdışı”na hazırlıq naminə şiələrə rəhbərlik etdiyini iddia edən İslam Respublikası rejimi əslində xristian Ermənistan dövləti ilə birlikdə şiəliyə qarşı mübarizə aparır. Qarabağ münaqişəsində əhalisinin əksəriyyəti müsəlman-şiə olan Azərbaycana deyil, fundamentalist xristian dəyərlərinə istinad edən Ermənistana kömək edir. Bu baxımdan, əslində Ermənistan və İran bir-birinə daha yaxındır: biri xristian, digər islam fundamentalizminə istinad edir.

Qarşıdurma başlayandan bəri ölkəsində azəri türk əhalisinin 25 faiz civarında (əslində bu göstərici daha yüksəkdir-C.Q) olmasına və rejim lideri Əli Xameneinin özünün azəri olmasına baxmayaraq, İran Ermənistanın tərəfindədir. Bu, azərilərin şiə İrandan daha çox sünni Türkiyəyə yaxın görünməsinə səbəb olan mürəkkəb tarixi və mədəni amillərlə bağlıdır. Xamenei etnik mənsubiyyətinə rəğmən kürdlər, türkmənlər və digər azlıqlar kimi Güney Azərbaycan türklərini təcrid etməkdə, dilini və adət-ənənələrini rədd etməkdə davam etdi.

İran həmişə müstəqil (Şimali) Azərbaycan Respublikasına itirilmiş ərazi kimi baxıb, rejimin rəsmi diskrusuna görə, tarixi, mədəni və dini keçmişi baxımından bu ərazi ya İranın bir hissəsi olmalı, ya da ən azı onun təsir dairəsinin bir hissəsi olmalıdır.

Müəllif bu yanaşmanı Rusiyanın Ukraynaya baxışı ilə müqayisə edir- Yolunu azmış, amma bir gün “özünə dönəcək” vətənin bir hissəsi. Buna görə də həm İran, həm də Rusiya Türkiyə və ya Qərblə ittifaqda olan Azərbaycan və Ukraynanın dirçəlib güclənməsindənsə, zəif Azərbaycan və Ukraynaya üstünlük verirlər. Ermənistan bu yanaşmada İranın və Rusiyanın alətidir.

Cəmaleddin H. Quliyev

Şərhlər bağlıdır.