“AZƏRBAYCAN” RUZNAMƏSİNİN SƏHİFƏLƏRİNDƏ

YENİ İL – MÜBARİZƏMİZİN YENİ MƏRHƏLƏSİ

Bu il, Azərbaycan xalqının siyasi və ictimai həyatı tarixində unudulmaz və şanlı bir il kimi axıra yetişdi. Bu ildə Azərbaycan xalqı öz sarsılmaz iradəsinin sayəsində Milli Hökuməti təşkil edib illər boyu davam edən faciəli əsarət tarixlərinə son verdi.

Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında təşkil olmuş hökumətimiz bu az müddətdə ölkəmizin ictimai və mədəni təkamülü və tərəqqisi uğrunda böyük qədəmlər götürüb xalqımızın ideallarını təmin etməyin əsasını qoydu.

Biz birinci dəfə olaraq bu bayramımızı xalqımızın qalibiyyət şəraitində qeyd edirik. Biz bu ilin ərzində qəhrəman xalqımızın Milli Hökumətimizə olan marağı və etimadının sayəsində tarixin səhifələrində parlaq xətt ilə yazılmağa layiq olan böyük və şanlı müvəffəqiyyətlər əldə etmişik.

Biz bu milli hərəkatımızda Azərbaycan xalqının varlığını və sarsılmaz möhkəm iradəsini bütün dünyaya isbat etdik.

Milli Hökumətimiz qurulmamışdan çox-çox qabaq biz onun vücuda gəlməsini xalqımıza vəd edib və bu vədəni həyata keçirdik. Bizim qarşımızda duran çətin və ağır şərait və maneələrin heç biri bizi öz müqəddəs hədəflərimizdən çəkindirə bilmədi və nəticədə mübarizəmiz müvəffəqiyyətlə axıra yetişdi.

Bu müvəffəqiyyətlər bizim milli qüdrətimizin böyük nümunəsidir.

Bu bayram Azərbaycan xalqının qalibiyyət və şərəf bayramıdır. Çünki bu bayramda bizə nəsib olan müvəffəqiyyətlər qəhrəman xalqımızın gecə-gündüz çalışması və onların qanları bahasına tamam olmuşdur.

Biz bu iftixarlı gündə keçmiş günlərimizi isə heç bir vəchlə unutmamışıq. Keçən illərdə bayramların və illərin sayı artdıqca Azərbaycanın hüquqsuz xalqının əsarət zənciri daha da möhkəmlənirdi.

Azərbaycan xalqını təhqir edənlər, millətimizi ictimai və siyasi bir terror şəraitində saxlayıb onların acizliyindən istifadə etmək istəyirdilər.

Amma onların pis niyyətlərinin əksinə olaraq Azərbaycan xalqı uzun müddət əsarətdən sonra baş qaldırıb Azərbaycan xalqının diri bir millət olmasını sübuta yetirdi.

Bugünkü Azərbaycan daha o boğulmuş Azərbaycan deyildir. Gələcəkdəki xoşbəxt Azərbaycan isə daha o pis və nifrətli günləri görməyəcəkdir.

Bu gün 5 milyonluq bir xalq bütünlüklə qiyam edib çürümüş və tarixin təkamül baxışlarından geri qalmış ünsürlərin puç arzularına son qoymuşdur.

Yeni il bizim siyasi və ictimai həyatımızda yeni bir mübarizə mərhələsidir. Bu ildə Milli Hökumətimizin bünövrəsini tamamilə möhkəmləndirmək, xalqımızın bütün səhiyyə, mədəniyyət və sair ehtiyaclarını təmin etmək kimi vəzifələr bizim qarşımızdadır.

Bu yeni ildə xalqımızın diqqəti və iradəsi sayəsində bütün maneələri aradan qaldırıb yeni müvəffəqiyyətlər əldə etməyimizə əminik.

Biz ölkəmizin müqəddəs torpaqlarında azadlığımız uğrunda tökülmüş qanlara and içirik ki, millətimizin müqəddəs arzularnı həyata keçirmək üçün var qüvvəmizlə fədakarlıq edək.

“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı, Təbriz, № 154, 20 mart 1946-cı il.

Təqdim etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.