İRAN REJİMİNİN QORXUSU NƏDƏNDİR?

Bu sualı verdiyimiz məmurlar dərin iqtisadi böhranın getdiyi şəraitdə adətən iqtisadi böhranın adını çəkiblər. Ölkəni tətillər böhranı bürüdüyü bir vəziyyətdə etirazlar kəlməsi daha tez-tez dilə gəlir. İranda məmurlar da ölkədə dərin iqtisadi böhranın olmasını etiraf etməyə başlayıblar. Təbii ki, bunun səbəbi son beş ayda İranda gedən etirazlardır. Çarə axtarışında olan İran rəsmiləri müxtəlif dəstələrə bölünüblər: keçmişdəki kimi dar ağaclarını çoxaltmağı təkid edənlər və mövcud vəziyyəti görərək islahatların vacibliyini vurğulayanlar. İslahatların vacibliyini vurğulayanların sayı nisbətdə azlıq təşkil edir.

Həddad Adil kimi adamlar qütbləşmənin qarşısın almağı tövsiyə edir. Qalibaf kimi parlament təmsilçiləri istehsalatı daha da çoxaltmaq üçün yollar irəli sürür. Lakin hər iki qanadlar keçmişdə də bu kimi mövqelərlə xalqları aldatdılar. Yəni rejimin 43 il ömrü ərzində müxtəlifçi adları daşıyan islahatçılar və başqaları təkliflərə əməl etməyiblər. Xalqın həyatını yaxşılaşdırmaq əvəzinə şah rejimindən bərbad bir vəziyyətə gətirib çıxarıblar. İnqilabdan sonra hakimiyətə gələn müxtəlif dövlət rəhbərlərindən heç biri real bir plan ortaya qoymayıb. Nəticədə günü-gündən iqtisadi vəziyyət pisləşib.

Ötən illərlə müqayisədə milli pulun dəyəri xeyli düşüb. İnqilab vaxtı bir dolların qiyməti 6 tümən idisə, indi 48 min tüməndi. İran iqtisadiyyatı Qacarlar dövründən bugünkü rejimə kimi enişli yol keçib.

Müasir İran iqtisadiyyatını Qacarlar dövrü ilə müqayisə edəndə onun necə gerilədiyini aydın görmək olur. 1925-ci ilə qədər İran iqtisadiyyatı çox təbii yüksəlişlə irəli gedirdi. Feodalizmdən sərmayədar dövrünə qədəm qoymuşdu. Bu dövrdə istehsalat, fabrik, sənaye, bankların işi öz təbii axarında irəliləyirdi. Bu inkişafın nəticəsində Məşrutə inqilabı qanun və ədalətin gücü ilə dövlətin, səltənətin qüdrətini azaldaraq xalqa hüquq təyin etmişdi. Məşrutə qanunu demək olar ki, Orta Şərqdə, xüsusən, İran adlanan ölkədə, Qacar imperiyasında ən gözəl bir qayda-qanun əsasında qoyulan bir dövr idi. Lakin 1925-də çevriliş vasitəsilə fars şovunizminə, panfarsizmə, irqçiliyə yoluxan Pəhləvi adında tayfa hakimiyətə gəldi və bu təbii proses dayandırıldı. Məşrutə dövründə cəmiyyətdə yaranan ictimailəşmə və sosial həyatdan heç nə qalmadı. Ədalət, azadlıq, partiyaların formalaşması, məclisin rolu, seçib-seçilmə, insanlar arasında bərabərlik, qanunun hakim olması kimi yaxşı nə var idisə, sona yetdi. Bütün məsələləri diktatorluqla həll etməyə başladılar. Bu müddət 57 il davam etdi. 57 ildən sonra – 1979-cu ildə İslam İnqilabı baş tutdu. Molla rejimi nefti, qazı milliləşdirmək kimi vədlər verdi. Lakin çox çəkmədi ki, verdiyi vədlərə əməl olunmadı. İqtisadiyyatı mollalar öz dar və köhnə düşüncələri əsasında idarə edirdi. Bununla da ölkəni daha da geri saldılar.

İqtisadi durumun pisləşməsində bir tərəfdən sanksiyalar təsir göstərmiş, digər tərəfdən molla rejiminin siyasi iddiaları səbəb olmuşdur.

Rejimin İslam İnqilabını başqa ölkələrə və dünyaya yaymaqla bağlı baş qaldıran iddiaları məmləkəti sanksiyalara məruz qoydu. Şah zamanında qurulan zavodların vəsaitləri xaricdən gəlirdi. Xariclə münasibətlər pisləşdiyi üçün daha vəsaitlər də göndərilmədi. Dəmir, maşın zavodları – hamısı bir-birinin ardınca sıradan çıxdı. Eyni zamanda savadsız idarəetmə kənd təsərrüfatına böyük ziyan vurdu, İranda ekosistemi dəyişdirdi. Çaylar, göllər quruduldu, böhran yarandı. Əsasən farslar olan yerlərə diqqət yetirildi. Büdcədən, bankdan nə oğurladılar, hamısın fars bölgələrinə xərcləyib, Azərbaycanı, Kürdüstanı, Ərəbistanı, Türkmənistanı, Bəlucistanı tamamilə susuz qoydular.

Gəlin İranın 35 il öncə ilə bugünkü gəlirlərini də müqayisə edək. 35 il bundan əvvəl ölkənin 7 milyard dollar gəliri var idi. Bunun 3 milyardı müharibəyə gedirdi. 4 milyardı da ərzaq, talon xərclərinə sərf olunurdu. Ancaq bu gün İranın 80 milyard dollar gəliri olsa da, ölkənin gələcəyi qaranlıq uçurum vəziyyətindədir. Əhmədnejad hakimiyyətə gələn zaman bankların borcu 12 trilyon tümən idi. 8 il sonra isə 260 trilyon tümənə çatdı. Bu pul hara getdi? Bu pulu Əhmədinejad öz ətrafındakılara və fars mühitinə xərclədi. Tamamilə məmləkəti iflasa uğratdı. Nəticədə böyük böhran əmələ gəldi. Bu böhrandan çıxmaq üçün xalqa mənsub olan 76 ton qızılı əridib, banklara verdilər. Banklar da bunları baha qiymətə satmaqla pul qazandı. Beləliklə, valyutanın və qızılın qiyməti qalxması ilə yanaşı, ərzaqda – bütün məhsullarda bahalıq yarandı.

Aksiyalar İranda iqtisadi böhranın dərinləşməsinə böyük təsir göstərib. Yəni, bu beş ayın ərzində neft, qaz və neft-kimya sənayesində çalışan işçilər işini itirib. Bir çox sosial təbəqələr, o cümlədən, müəllimlər, tələbələr, fəhlələr, kəndlilər, məktəb şagirdləri tətil edərək mübarizəyə qatılıblar. Bir sözlə, kənd təssərrüfatı, idxal-ixrac məsələləri təqribən dayanıb. Bu isə məmləkətin özündə iqtisadiyatın büdrəməsinə gətirib çatdıracaq. Bunun iqtisadi nəticələri daha ağır olacaq. Yəni İranda bugünkündən daha artıq qıtlıq ola bilər. Ərzaq istehsalı yoxdursa, ölkəyə mallar daxil olmursa, qiymətlərin qalxması qaçılmazdır. Dövlət işçilərin, müəllimlərin, fəhlələrin pulunu vermək üçün boş-boşuna pul çap edəcək. İxrac-idxal olmayan yerdə boş pulların çap edilməsi daha artıq inflyasiyaya gətirib çıxaracaq. Pulun dəyəri endikcə enəcək, malların qiymətləri qalxacaq.

Vəziyyəti tənqid edirik, amma inflyasiyanın qarşısının alınması yollarından da danışmalıyıq. İnflyasiyanın qarşısını edam, həbs, zindan, küçələrdə qətllər törətməklə kəsmək olmayacaq. İqtisadi tədbirlər həyata keçirilməlidir. Etirazların daha da güclənməsi daxili müharibəyə gətirib çıxara bilər. Rejimin adamları da bundan qorxur. Bəziləri asıb-kəsməklə iqtisadi böhranın dərinləşməsinin qarşısını ala biləcəklərini düşünür. Bəziləri isə islahatdan yanadır və istehsalın tərəfdarı kimi çıxış edirlər. Keçən il Qalibaf 7-8 bəndlik bir plan hazırlanmışdı. Amma indiyədək bunların heç bir planı həyata keçirilməyib. İranda qanun əvəzinə fitvalar işləyir. Bu isə insanları mövhumata sürükləyir. İnsanları səbirli olmağa səsləyib, vədlər verirlər. Real təklifləri yoxdur. Milləti cəhənnəmlə qorxudub, müqqədəs kitabımıza da, dinimizə də pislik gətirirlər. İranda yaşayan xalqlar bundan canını qurtarmaq üçün başlarına çarə tapmalıdırlar. Öz müqəddəratlarını əllərinə alıb, özlərini idarə etməyə çalışmalıdır.

Abdulla Əmir Haşimi Cavanşir
Güney azərbaycanlı publisist, tərcüməçi, jurnalist

Şərhlər bağlıdır.