Azərbaycanın ustad söz adamlarının əsərləri qiymətli mənəvi sərvətimiz, şöhrətləri milli öyünc mənbəyimizdir. Xalqın adını tarixdə və dünyada ucaldan belə insanların yadigarları hər birimizə dogma, xatirələri isə olduqca əzizdir.
Bu sevgini görüntüləşdirmək üçün küçələrə, meydanlara, şəhərlərə, rayonlara, kəndlərə, müxtəlif qurumlara və obyektlərə onların adlarını veririk. Dahilərimizə sahib çıxıb məşhurlaşdırmaq, xatirələrinə böyük ehtiramımızı əbədiləşdirmək üçün heykəllərini ucaldırıq. Düşmənlərimiz üstümüzə yeriyəndə, tortaqlarımızı işğal edəndə isə yurdumuza və keçmişimizə sahibliyimizin izlərini itirmək üçün bütün bunlara da qənim kəsilir, insanlarla yanaşı tarixi abidələri də məhv edir, heykəlləri də güllələyirlər.
Qarabağ müharibəsi zamanı kükrəyən erməni vandalizmi milli nifrətdən qaynaqlanmışdı. Qəbuledilməz olsa da başa düşülən idi. Onlar maddi-mənəvi sərvətlərimizi yağmalayıb talan etməklə, abidələrimizi məhv etməklə düşmənçiliklərini və özlərinin kim olduqlarını ortaya qoyurdular. Qarabağ erməni tapdağından azad olunanda Füzuli şəhərində Məhəmməd Füzuli kimi dahinin abidəsi dağıdılmış vəziyyətdə tapıldı. Heykəlin yerləşdiyi parkın ərazisi isə cəngəlliyə çevrilmişdi.
Buradan belə qənaət hasil olur ki, abidələrimizi dağıdıb təhqir edənin qəsdi səni bir xalq olaraq yox etməkdir. Söz yox ki, zaman-zaman bütün yaralar sağalacaq, Füzuli şəhəri də əvvəlkindən daha yaraşıqlı görünəcək. Deyirlər ki, dost dostu çətin gündə, sınaqlarda tanıdığından yaddaşımız bu dəfə daha möhkəm olacaq.
Niyə Füzulinin abidəsini yada saldıq? Məsələ burasındadır ki, Güney Azərbaycanın baş şəhəri, milyonlarla soydaşlarımızın yaşadığı, milli ruhumuzun qədim və müqədəs məkanı Təbrizdə də Füzulinin heykəli təcavüzə məruz qalıb. Ermənilər Təbrizidəmi işğal ediblər? Hər halda burada bir düşmən qəsdi, yağı nifrəti, milli heysiyyatı aşağılamaq əlaməti aşkardır. Bu abidə Təbriz Bələdiyyəsinin Mənzəriyyə xiyabanında qoyulmuşdu və güneylilərin keçmişimizə ehtiramlarının öyünclü nişanəsi kimi qiymətli idi.
2020-ci ilin ortalarında abidə götürüləndə şəhər bələdiyyəsinin rabitə və beynəlxalq işlər üzrə baş direktoru Səid Hacızadə bildirib: “Mənzəriyyə meydanında Molla Məhəmməd Füzulinin heykəlinin sökülməsi bəzi təmir işləri ilə əlaqədar idi. Təmirdən sonra böyük şairin heykəli yenidən yerinə qoyulacaq”. Xatırladaq ki, bir həftə əvvəl abidə gözlənilmədən “itkin düşüb” və bununla bağlı heç bir rəsmi açıqlama verilməyib. Elə bu anda ictimai rəy köməyə gəlib. Qorxuya düşən bələdiyyə rəhbərliyi tezliklə heykəli yerinə qaytarmağa məcbur olub.
Bugünlərdə isə Təbriz şəhərində Füzulinin heykəli üzərinə təhqiramiz sözlər yazıldığı barədə xəbər otaylı-butaylı Azərbaycanda hamını həyəcana gətirdi. Təbii ki, həmin nalayiq sözlərin “müəllifləri” xalqın reaksiyasını yoxlamaq istəyiblər: yəni kim yatmış, kim oyaq? Gördülər ki, 50 milyonluq xalqımız oyaqdır. Cızmaqaraçıların kimliklərinin bu günədək tapılıb açıqlanmaması isə onların gizlədilməsi və sifarişçilərin xalq qəzəbindən qorxması ilə bağlıdır.
Azərbaycanlılar Məhəmməd Füzulini sevir və adını əbədi hörmətlə saxlamaq üçün heç bir təhlükədən çəkinmirlər. Şübhəsiz. Hakim molla rejiminin nökərləri budur. Belələrini Qarabağda Natəvanın, Üzeyirin, Bülbülün, Füzulinin abidələrini güllələyib dağıdanların aqibəti gözləyir.
Rəhman GƏNCƏLİ
Şərhlər bağlıdır.