MÜHARİBƏ EHTİMALI? – İRAN MÜNASİBƏTLƏRI GETDİKCƏ GƏRGİNLƏŞDİRİR

POLİTOLOQ SƏDRƏDDİN SOLTANLA MÜSAHİBƏ

Editor.az “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanla müsahibə aparıb. Həmin söhbətin oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq sizlərə təqdim edirik.

-Son dövrlər İranla Azərbaycan arasında yaşananlar məlumdur.  Maraqlıdır, iki ölkə arasında münasibətlər nə qədər gərginləşməkdə davam edəcək?

-Dünən İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin özünün Tvitter hesabında iki ölkə arasında yaranan gərginlikdə Azərbaycanı suçlamağa çalışaraq qərəzli post paylaşıb: “İran-Azərbaycan münasibətlərinin bərpası üçün vasitəçiliyə ehtiyac yoxdur. Azərbaycan ağıllı addım atarsa, fikir ayrılıqları aradan qaldırıla, münasibətlər bərpa oluna bilər. İnformasiya müharibəsi kin-küdurəti artırmaqdan başqa heç nəyə xidmət etmir”. İran hakimiyyəti regionda yaranmış yeni reallıqları qəbul edib Azərbaycanla münasibətləri dəyişənə qədər vəziyyət gərgin olaraq qalmaqda davam edəcək. Rəsmi Tehran münasibətləri normallaşdırmaq üçün regionla bağlı məsələlərə bərabərhüquqlu yanaşmalı və region ölkələrinin, xüsusilə Azərbaycanın maraqlarına hörmət etməlidir. Ancaq molla rejimi Orta Şərqdə tutduğu mövqeyi Cənubi Qafqazda davam etdirərsə, tam əksinə “istədiyinə” nail ola bilməyəcək. Yəni, İran hakimiyyəti Orta Şərq, Livan, Suriya, Yəmən, Fələstində oynadığı rol çərçivəsində törətdiyi pozuculuq fəaliyyətini Cənubi Qafqazda da davam etdirməyə cəhd etdikcə problemlərin həllindən söhbət gedə bilməz.

-Ümumiyyətlə, İranın “qırmızı xətt”i keçib vəziyyəti müharibəyə qədər sürükləməsi mümkündürmü?

-Azərbaycanla İran arasında müharibənin baş verməsi ehtimalı çox azdır, bəlkə də bu ehtimal heç yoxdur. Hər iki tərəf müharibə arzulaya bilməz. İranın müharibə aparmağa imkanları məhduddur. Belə ki, bu baş verərsə, Tehran müsəlman dünyasında növbəti dəfə nüfuzdan düşəcək. Çünki 1980-1988- ci illərdə İraqla 8 illik mənasız müharibə apardı və nəticədə İranın yaxın Şərqdəki bir çox müsəlman ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə münasibətləri pozuldu. Ona görə başqa bir müsəlman ölkəsi ilə yenidən müharibəyə başlamaq onun müsəlman dünyasında nüfuzuna çox ciddi xələl yetirər, təcavüzkar rejim kimi tanınar. Onsuz da İran rejimi terrorçu kimi bir çox dünya ölkələri və təşkilatları tərəfindən  tanınmaqdadır. Eyni zamanda, bu müharibə İran hakimiyyətinin devrilməsi və siyasi xəritəsində ciddi dəyişikliklərə səbəb ola bilər. Digər tərəfdən isə Arazın o tayındakı Azərbaycan türklərini unutmaq olmaz. Onlar Arazın bu tayına silah atmaz və atılmasına da icazə verməz.

-İstərdik ötən gün iki ölkənin XİN başçıları arasında gedən telefon danışıqlarının detallarına da toxunasınız.

– Azərbaycanla İran arasındakı mövcud gərginliyin aradan qaldırılması üçün diplomatik yollar tükənməyib. Hesab edirəm ki, diplomatik həll yollarının olması müharibə ehtimalını azaldır. Məsələn Azərbaycan və İran XİN başçılarının ötən günkü telefon danışığı da bu imkanların mövcudluğunu göstərir. Azərbaycan tərəfinin İran hakimiyyəti qarşısında qoyduğu şərtlər həm beynəlxalq, həm də yerli ictimaiyyətə məlumdur. Bunlar Azərbaycanın regiondakı maraqlarını təhdid etməmək, Ermənistanın pozuculuq fəaliyyətini dəstəkləməmək, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terrorun düzgün şəkildə Bakının iştirakı ilə istintaqını aparmaq,  molla rejiminin Azərbaycanda da apardığı gizli terror aktlarına son verməsi, Bakıya qarşı təhdidedici çıxışları dayandırmaq Azərbaycan tərəfinin İran qarşısında irəli sürdüyü məsələlərdəndir. Heç kəsə sirr deyil ki, baş verən gərginliyin səbəbi İrandır. İran İkinci Qarabağ münaqişəsi zamanı Ermənistanı dəstəklədi və  postmüharibə dövründə də Azərbaycan ərazilərində qanunsuz fəaliyyət ilə məşğuldur. Beləliklə, rəsmi Tehran bu kimi addımları ilə Azərbaycanla münasibətləri pik həddə çatdırdı. XİN rəhbərləri arasında baş tutan telefon danışığında da bu kimi məsələlərə toxunulduğu ehtimal olunur.

Şərhlər bağlıdır.