“MEHR” AGENTLİYİNİN TƏNQİDİ YAZIYA UZUN-UZADI CAVABI

Bizim rəsmi mediada Arazdan cənubdakı siyasi-hüquqi ərazi ilə bağlı tənqidi yazılara cavab olaraq “Mehr” Agentliyi uzun-uzadı bir məqalə dərc edib. Orjinalda təxminən 45 min işarəlik yazıdır. Araşdırmadır deməyə çətnlik çəkirəm , çünki bizim müxalif mediada (o cümlədən You Tube kanallarda) 1998-dən üzü bəri getmiş ən sərt tənqidi yazı və reportajların mexaniki bir-birinə calanmasıdır. Vahid mətn formasına salmaq üçün əziyyətə qatlaşmayıblar, redaktə, zəruri keçid və ixtisarlar yoxdur. Yəni onların mediasına təbliğat üçün ayrılan pullar da silinir, mənimsənilir demək olar, xoşbəxtlikdən. Hiss olunur ki, eyni “mədəniyyətli” xalqlarıq.

Amma haqlarını vermək də lazımdır: ölkəmizin iilk müstəqillik illərindən bu günə qədər bizim KİV-ləri bittə- bittə izləyiblər, arxivləşdiriblər, lazımi məqamda öz silahımızla bizi vururlar. Seçilmiş materialların bir qismi bu günlər İran mövzusunda açıq mövqe bildirənlərin keçmişdə yazdıqlarıdır. Rəsmi media rəhbərlərinin keçmişinə də toxunublar.

Daha pisi, elə təəssürat yaranır ki, bəzi mətn və reporatjlar sonradan “fakt” kimi istifadə olunmaq üçün zaman-zaman bizim bəzi media resurlarında (o cümlədən xaricdən yayımlanan You Tube kanallarında) xüsusi sifarişlə yerləşdirilib və yerləşdirilir…


Cəmaləddin H.Quliyev

Şərhlər bağlıdır.