YALANÇI TEHRAN REJİMİNİN QURBANI – VAXTINDA KEÇİRİLMƏYƏN QÜDS GÜNÜ

Yalan danışmaq, vəd verib əməl etməmək saxtakarlıqdır. Bu baxımdan Tehran hakimiyyəti saxtakardır. Çünki 44 il əvvəl vətəndaşlara verilən vədlərə hələ də əməl olunmayıb. İslam inqilabının əsas şüarları sosial ədalət, azadlıq idi. Mövcud rejim cəmiyyətin bu tələblərini həyata keçirəcəyinin məsuliyyətini üzərinə götürüb. Ancaq təbii sərvətlərlə zəngin olan İran əhalisinin sosial tələbləri və azadlıq arzuları gerçəkləşməyib. Hakimiyyətdə olan bir qrup bu tələbləri həyata keçirməkdənsə, onlar barəsində yalan danışmağı üstün tutub.

Atalarımız yaxşı deyiblər: “Balıq başdan iylənər”. Odur ki, İrandakı saxtakarlığın da mənbəyi ölkənin ali rəhbəri və onun tabeliyindəki ali rəhbərlikdir. İranda rejimin tətbiq etdiyi məcburi hicaba qarşı etiraz aksiyaları başlayanda rejimin başçısı ayətullah Seyid Əli Xamənei keçirdiyi görüşlərdə bildirmişdi ki, yarımhicaba görə ölkədə heç kim məsuliyyətə cəlb olunmayıb. Onun sözlərinə görə, hicaba bu şəkildə əməl etmək pozuntu sayılmaya bilər. Sonrakı günlərdə mədəni sahədə dəyişikliklərə dair çoxsaylı görüşlər keçirib, məsləhətlər verib. Vəziyyət bir qədər sakitləşdiriləndən, daha dəqiqi, rejim etirazçıların bir qismini tutduqdan, hərbi-polis qüvvələri 600-ə yaxın aksiyaçını qətlə yetirdikdən sonra Xaməneinin çıxışlarında və ritorikasında da dəyişikliklər əməl gəldi. O, məcbur hicab qaydalarını pozanların cəzalandırılacağını bildirdi. Bu azmış kimi, cəmiyyətə yalan ismarışlar verməyə başladı. İranın ali rəhbəri aprelin ortalarında etdiyi çıxışda demişdi: “Qərblilərin iranlı qadınlara və onların pozulan hüquqlarına yazığı gəlmir. Onlar iranlı qadınlara yalnız nifrət edirlər”. Ali rəhbər bütün günahları qərbdə görərək farmakoloji sahədə embarqonu “Qərbin İrana hücumu” kimi qiymətləndirib. Rejim lideri bu yerdə də saxtakarlıq edərək baş verməyən hadisəni cəmiyyətə olmuş kimi sırımağa cəhd göstərib: “Əgər onlar xalqı qidadan məhrum etmək üçün bir iş görə bilsəydilər, tərəddüd etmədən onu da görərdilər”.

Bu arada, Xamənei aksiyalar zamanı dinc etirazçıların qətlə yetirilməsinə heç vaxt acımayıb. Axı onlar da İran vətəndaşlarıdırlar. Həmin insanlar da bu ölkədə azadlıqların təmin olunması uğrunda mübarizə aparıblar. Rejim başçısı aksiyaların haqlı tələblərinə hələ indiyədək müsbət dəyər verməyib. Onun çıxış və baxışlarında, bir qayda olaraq, etirazçıların ABŞ və İsrailə işlədikləri vurğulanıb. Onun yanaşmasına görə, İranı qarışdıran da bu ölkələrdir. Xamənei deyib ki, etiraz aksiyasında iştirak edənlər bu məsələlərin arxasında kimlərin durduğunu bilsəydilər, heç vaxt belə etməzdilər. Rejim başçısı həmin təşkilatıın və ya qurumların adlarını da açıqlamamaqla yalan danışdığını gizlədə bilməyib. Çünki belə təşkilatlar olsaydı, Xamənei, yaxud İranın müxtəlif rəsmiləri onların adlarını çoxdan açıqlamışdı.

Yeri gəlmişkən, ötən ilin noyabrından indiyədək məktəbli və tələbə qızlar arasında yeməkdən kütləvi zəhərlənmə müşahidə olunur. İndiyədək bu cinayəti törədənlər tapılmayıb. Əvvəlcə bu kimyəvi hücumu hansısa xarici qüvvəyə bağlamağa çalışsalar da, ancaq bu yalanın ifrat olduğunu görüb geri çəkildilər.

Müəllimlərin əməkhaqlarının gecikdirilməsi, neft-qaz sənayesi fəhlələrinə boyun olunan əməkhaqlarının artırılmaması da Xamənei rejiminin saxtakarlığının göstəricisidir. Müəllimlərin maaşlarının gecikdirilməsinə görə, iki “günah keçisi” tapıldı – vitse-prezident Məsud Kazemi və təhsil naziri Yusif Nuri. Onlar da istefaya göndərildi. Bu da mövcud hakimiyyətin daxilində parçalanmanı gizlətməyə cəhd və cəmiyyətə yalan məlumat verməyin nümunələrindəndir.

Hakimiyyət “əxlaq polisi”ni ləğv etdiyi halda onun səlahiyyətlərini hüquq-mühafizə qüvvələrinə verməklə saxtakarlığını gizlədə bilməyib. Çünki cəmiyyət “əxlaq polisi”nin fəaliyyətinə etiraz edirdi. İran hakimiyyəti özünü guya cəmiyyətin tələblərinə önəm verirmiş kimi göstərməklə həmin qurumu sıradan çıxarıb.

İranın ali rəhbəri bu yaxınlarda ölkənin mədəniyyət sisteminin inqilabi şəkildə yenidən qurulması barədə çağırış edib. Ancaq bu çağırışı edən liderin davranışı isə heç də dəyişikliyin baş verəcəyi anlamına gəlmir.

O, son zamanlar çıxışını ABŞ və İsrailin tezliklə dağılacağı tezisləri üzərində qurub. Bununla cəmiyyəti aldadıb arxayın salmaq istəyir ki, həmin dövlətlər dağılandan sonra ölkə əhalisi daha firavan yaşayacaq və s. “Sionistlərin süqutu ehtimal etdiyimdən də tez başlayıb”, – deyə Xamənei vurğulayıb.

İranın keçmiş ali rəhbəri ayətullah Ruhullah Xomeyni hər il Ramazan ayının sonuncu cümə gününü “Beynəlxalq Qüds Günü” elan etmişdi. Bu il həmin tədbir İranda aprelin 14-də qeyd edilib. Başqa sözlə, belə başa düşülürdü ki, aprelin 21-i, yəni cümə günü Ramazan bayramıdır. Ancaq aprelin 20-də İranın ali rəhbəri elan etdi ki, Ramazan bayramı aprelin 22-dir. Yəni Tehranda Ramazanın sonuncu cüməsi aprelin 21-i olmalı idi. Deməli, rejim bir həftə tələsib. Bu tədbirin keçirilməsi də saxtakarlığın göstəricisi olduğu açıq-aydındır. Başqa sözlə, Fələstin məsələsinin Tehran rejimi üçün siyasi ambisiyaları həyat keçirmək məqsədilə alət olduğu görünən qədərdir.

Tehran hakimiyyəti bu hikkə və iddiası ilə müsəlman dünyasını da parçalayır. Qeyd edək ki, İrandakı hakimiyyətin iddiası səbəbindən dünya müsəlmanları bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. Hətta onlar müxtəlif ölkələrin cəmiyyətlərində də bu hikkələri ilə çaşbaş salırlar.

İranda son zamanlar referendumla bağlı fikirlər tez-tez səslənir. Xamənei bu məsələdə də rejimin saxtakarlığını gizlədə bilməyib. O, bu siyasi kampaniyanın tərəfdarlarını məsələləri təhlil etmək iqtidarında olmayan hesab edərək onlardan problemlərin həlli üçün İmam Zamanın zühurunu gözləmələrini istəyib. Halbuki referendumla bağlı təklifi Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin Məkki məscidinin imamcüməsi Əbdülhəmid İsmayılzay, İranın keçmiş Baş naziri Mirhüseyn Musəvi, İranın keçmiş Prezidenti Həsən Ruhani və başqaları irəli sürüblər.

Xamənei İrandakı mövcud sistemi qorumaq üçün məzhəbin müqəddəslərinə insanların inamından belə sui-istifadə edir. O. bu tip yalanları ilə insanların inancına belə zərbə vurur. Bu, İrandakı rejimin başçısının çoxsaylı yalanlarının cüzi bir hissəsidir. İran dövləti 44 ildir bu cür rəsmilərin yalanları ilə idarə olunur. Bu ölkədə yalan və saxtakarlıq hakimdir. Çünki ali rəhbərin əməlləri və çıxışları bunu tələb edir. Odur ki, bütün pisliklərin kökündə yalan və saxtakarlıqlar durur. Rejim yarıməsrə yaxındır belə əməlləri ilə ən böyük günahı edir. Qüds günü ilə bağlı tədbir rejimin saxtakarlığına dair təkzibedilməz hadisədir. Onların 44 illik günahı neçə ilin ibadəti ilə yuyular?


Sədrəddin İsmayılov,
şərhçi

Şərhlər bağlıdır.