ŞƏRQŞÜNAS ALIM “TRİBUN” JURNALINDA İRANIN REGİONAL SİYASƏTİNDƏN YAZIB

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadənin “İran İslam Respublikasının regional siyasəti barədə” adlı məqaləsi Türkiyədə nəşr olunan, redaksiyası isə İsveçin Stokholm şəhərində yerləşən “Tribun” jurnalının 7-ci sayında dərc olunub.

Məqalədə İran İslam Respublikasının regionda mövqeyindən bəhs edən müəllif, bu ölkənin özünün regional məqsədlərinə nail olmaq işində Yaxın və Orta Şərq siyasətini formalaşdırmaq vasitələrindən biri kimi şiəlikdən istifadə etməsini vurğulayır. Yazıda Tehranın regionda ekstremist qüvvələri dəstəkləməsindən, Əfqanıstan, İraq, Suriya, Yəmən və Livanda strateji və hərbi təsirindən, İran və Rusiya münasibətlərindəki özəlliklərdən, Çinlə əlaqələrdən bəhs edilir.

İranın Azərbaycanla əlaqələrinin xüsusi cəhətləri ilə fərqləndiyini bildirən S.Bayramzadə qonşuluğunda suveren Azərbaycan Respublikasının hərbi-iqtisadi cəhətdən güclənməsinin, ölkəmizin Avropa, xüsusilə də Türk birliyi dövlətləri ilə inkişafda olan bərabərhüquqlu əməkdaşlığının, dünyanın ən qlobal problemlərinin həllində nüfuz sahibi olan dövlətlərlə bir sırada dayanmasının, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində çox mühüm geosiyasi mövqeyə malik olmaqla regionun çox mühüm problemlərinin həllində söz sahibinə çevrilməsinin İranı çox narahat etdiyini bildirir. İranın Gürcüstanla əlaqələrindən də bəhs edən müəllif, müsəlman ölkəsinin üç Qafqaz respublikası içərisində ən sıx əlaqələrinin xristian Ermənistanı ilə formalaşdırdığını qeyd edərək, bunun səbəblərini açıqlayır.

Vüqar Məmmədov,
AMEA-nın Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

Şərhlər bağlıdır.