AMEA-nın əsas binasında akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasında da Ulu Öndərin 100 illik yubileyinə həsr edilən tədbirlər keçirilir. “Heydər Əliyev İli” çərçivəsində akademiyada 15-dən çox konfransın təşkil edildiyini bildirən İsa Həbibbəyli mayın 1-də Türkiyə, Özbəkistan, Gürcüstan Elmlər akademiyalarının rəhbərliyi və nümayəndələrinin iştirakı ilə AMEA-nın Ümumi yığıncağının Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasının keçirildiyini xatırladıb. Diqqətə çatdırıb ki, həmin iclasda Ulu Öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə, Qarabağa və Qərbi Azərbaycan mövzusuna həsr olunmuş və AMEA-da işıq üzü görmüş 300-ə yaxın kitab ictimaiyyətə nümayiş etdirilib.
AMEA rəhbəri vurğulayıb ki, “Heydər Əliyev İli” çərçivəsində akademiyada 15-ə yaxın fundamental monoqrafik əsər çapdan çıxıb və bu proses hazırda da davam etməkdədir. Bundan əlavə, “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası”, “Heydər Əliyev Əlyazmalar İnstitutunda” və “Heydər Əliyev alimlərin xatirələrində” sənədli filmləri, eyni zamanda, AMEA-da “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən ikicildlik “Heydər Əliyev Ensiklopediyası” hazırlanır.
Sonra AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva “Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti” mövzusunda çıxış edib. Gövhər Baxşəliyeva bildirib ki, dövlət quruculuğunun bütün sahələri kimi, müstəqil dövlətimizin yeni beynəlxalq münasibətlərinin qurulması da Heydər Əliyevin adı ilə bağlıdır. Qüdrətli dövlətlərin mənafelərinin toqquşduğu mühüm geostrateji mövqeyi, zəngin yeraltı və yerüstü sərvətləri ilə böyük dövlətlərin diqqətini çəkən Azərbaycanda bütün bu məsələlərin həlli böyük müdriklik, uzaqgörənlik və polad siyasi iradə tələb edirdi və ilk günlərdən Heydər Əliyev dövlətin xarici siyasətinin istiqamətlərini, prinsiplərini, xarakterini müəyyənləşdirdi. Onun sözlərinə görə, ölkənin mənafeyini qorumaq istiqamətində emosiyadan uzaq, hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının gərəkliyini vurğulayan Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafeyini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi.
“Heydər Əliyev Şərq müdrikliyini və Qərb praqmatizmini özündə birləşdirən xarici siyasət konsepsiyasını açıqladı və regionda gərginliyin aradan qaldırılmasına və mehriban qonşuluq münasibətlərinin yaradılmasına səy göstərdi. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ ilə, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla əlaqələrin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başladı. Ölkəmizlə çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələrinə münasibətdə dünya siyasətinin istiqamətlərini və qanunauyğunluqlarını çox gözəl anlayan Ulu Öndər bu ölkələrlə düzgün münasibətlərin qurulmasına nail olmuşdur. Ərəb dünyasının nəhəngləri olan Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, müsəlman dünyasının liderləri olan İndoneziya, Pakistan, Malayziya və başqa dövlətlərlə də qardaşlıq və dostluq əlaqələri qurmaq Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi dahi lider Heydər Əliyev tərəfindən diqqətə alındı. Azərbaycan müstəqillik qazandıqdan sonra İslam Konfransı Təşkilatına üzv oldu. Düzgün ölçülmüş və tarazlaşdırılmış siyasi xəttin nəticəsidir ki, ölkəmiz İsraillə yüksək əməkdaşlıq edir”, – deyə G.Baxşəliyeva bildirib.
Akademik çıxışının sonunda qeyd edib ki, Heydər Əliyevin Şərq siyasəti müstəqil Azərbaycanı yaşatmaq, onu hərtərəfli inkişaf etdirmək, problemlərimizi həll etmək, xalqımızın dünya xalqları birliyində özünəlayiq yer tutmasına nail olmaq məqsədi daşıyıb.
İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mutaz Muhyi Əbdülhəmidin “Heydər Əliyev: Azərbaycanın ərəb və İslam dünyası ilə diplomatiyası” mövzusunda məruzəsi səsləndirilib.
Tədbirdə, o cümlədən Astana Beynəlxalq Universitetinin dosenti Taisiya Mamontova “Nursultan Nazarbayev və Heydər Əliyev: yeni müstəqil dövlətlərdə siyasi liderlik fenomeni”, AMEA-nın Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə “Heydər Əliyev dərsləri Mehriban Əliyevanın Şərq ölkələri ilə mədəni və humanitar diplomatiyasında” və Lənkəran Dövlət Universitetinin dosenti Fəxrəddin Hüseyn “Azərbaycan-İran siyasi-diplomatik münasibətlərinin qurulmasında Heydər Əliyev mərhələsi” mövzusunda məruzələrlə çıxış ediblər. Həmçinin Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetinin əməkdaşı dosent Jayna Kadırkulova və Belarus Dövlət Rabitə Akademiyasının əməkdaşı dosent Yelena Kudritskayanın “Heydər Əliyevin ali texniki təhsil sahəsində Belarus-Azərbaycan əməkdaşlığının inkişafına verdiyi töhfə” mövzusunda videoçıxışları dinlənilib.
Konfrans mayın 4-də başa çatdırıb.
AzərTac
Şərhlər bağlıdır.