SULDUZDA “XORDAD QİYAMI”NIN QURBANLARI ANILDI

Azərbaycan Sulduz (Nəqədə) şəhərində “May qiyamı”nda şəhid olanların xatirəsi yad edilib.

Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, milli-mədəni fəallar və bir qrup sulduzlu 25 may 2006-cı ildə dinc aksiya keçirdikləri üçün İran məmurları tərəfindən öldürülən şəxslərin məzarını ziyarət edib, xatirəsini yad ediblər.

Sulduzlular hərəkat nümayəndələrinin məzarı başına toplaşıb, əklillər qoyub. Mərasimdə və 22 may (1 xordad) qiyamı barədə çıxışlar edilib.

Xatırladaq ki, 2006-cı ilin may ayında Azərbaycanın güneyindı şəhər və qəsəbələrində kütləvi üsyanlar baş qaldırıb.

Xalq üsyanı xüsusilə Sulduz, Təbriz, Urmu, Xiyav və digər şəhərlərdə polisin və hərbi qüvvələrin güc tətbiq etməsi ilə qanlı şəkildə yatırılıb.

Mayın 25-də hərbi qüvvələrin Sulduzda küçəyə çıxan etirazçılara atəş açması nəticəsində bir çox etirazçı yaralanıb.

Azı dörd soydaşımız, o cümlədən 16 yaşlı Hüseyn Fəthipur, 26 yaşlı Tövhid Azəriyyun, 35 yaşlı Himmət İsimzadə və 39 yaşlı Əsgər Qasımi olay yerində öldürülüb.

Qeyd edək ki, 2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində azərbaycanlıları “hamam böcəyi” adlandıraraq aşağılayan yazı və karikatura dərc edilib.

Bundan bir neçə gün sonra Güney Azərbaycan şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib.

Yazının dərcindən bir neçə gün sonra, mayın 22-də Təbrizdə yüz minlərlə azərbaycanlının iştirakı ilə keçirilən yürüş aksiyaların ən izdihamlısı olduğu üçün bu qiyam 22 may (1 Xordad) adı ilə tanınıb.

Şərhlər bağlıdır.