“Yüz illiyini qeyd edən universitetin elmi reytinq cədvəlində olmaması yaxşı hal deyil”

Pərviz Kazimi

2023-cü il üçün “Azərbaycan Milli H-index Reytinqi” açıqlanıb.

Müstəqil ekspert, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazimi Milli H-index Reytinqi ilə bağlı Redaktor.az-a danışıb.

– Pərviz müəllim, açıqlanan Milli H-indeksi nəyi ifadə edir?

– Bu elmi informasiya xidmətidir və nəzərinizə çatdırım ki, çox bahalı xidmətdir. Düşünürəm ki, elmi aktivliyin artırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “yol xəritəsi” əsasında həyata keçirilib.

“Azərbaycan Milli H-index Reytinqi” dünyada nüfuzlu hesab edilən üç indeksləşən məlumat bazası əsasında konsolidasiya edilmiş H-indeksi əsasında Azərbaycan alimlərinin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş müstəqil beynəlxalq reytinqdir.

Burada “Scopus”, “Web of Science” və “Google Scholar” kimi elmiometrik verilənlər bazası və platformalarından alınan məlumatlara istinad edərək, Azərbaycan elmi müəssisələrinin ümumi H-indeksi nəzərə alınıb. Bu məlumatlar əsasında Milli H-indeksinin Reytinq göstəricisi müəyyənləşdirilib və reytinqlərə müvafiq mövqelər  sıralanıb.

Sevindirici hal ondan ibarətdir ki, bu metodikanın tətbiqi ilə Azərbaycanın elm və təhsil müəssisələri qlobal elmi-informasiya məkanına inteqrasiya olunur və beynəlxalq tanınmış standartlarla qiymətləndirmə həyata keçirilir. İlk qiymətləndirmə siyahısı bu ilin fevral ayında açıqlanıb və hal-hazırda 2023-cü ilin IV rüb göstəriciləri açıqlanır. Bu siyahıda bir ildə elmi aktivliyin dinamikası açıq-açığına görsənməkdədir.

– Akademik fəallığın müəyyənləşdirilməsi niyə H-indeksi adlanır?

– Elm sahəsində məlumatın (elmi fikirin) dəyərini ölçmək üçün H indeksindən istifadə olunur. Bu, daha çox elm adamlarını və ya biliyi qiymətləndirmək üçün istifadə edilən statistik ölçü metodudur. XX əsrin 70-ci illərində arqentinalı kimyaçı alim Herşin təklifi olaraq elmi məqalələrə edilmiş istinadların nisbəti ilə müəyyənləşdirilir. Bu hesablanma modeli bu günə qədər formasını dəyişdirməyib və ən mötəbər hesablama qaydası kimi qəbul edilir. Bir sıra ölkələrdə fərqli metodlardan istifadə olunursa da, H indeksi yenə də əsas göstərici olaraq qalır.

– Bu reytinqlər necə hesablanır və biz bu göstəricilərin artırılması məqsədi ilə nə edə bilərik?

– H indeksi tədqiqatçı alimlər üçün, elmi jurnallar və elmi məqalələr üçün nəzərdə tutulur. Alim və tədqiqarçıların H indeksi cəmlənərək kafedranın, laboratoriyanın, elmi mərkəz və şöbənin H indeksi müəyyənləşdirilir, kafedra və şöbələrin H indeksi toplanaraq Elmi Tədqiqar İnstitutları və universitetlərin H indeksi ortaya çıxır, son mərhələdə elmi müəssisələrin H indeksi toplanaraq Respublikanın elmi potensialı H indeksi ilə müəyyənləşdirilir. Bu, ilkin qiymətləndirmədir. Sonrakı mərhələdə elmin inkişaf xərətəsi tərtib olunur və müasir elmmetrik təhlillər aparılır.

“Azerbaijan National H-index Ranking 2023” qiymətləndirilməsinə respublikanın bütün elm və təhsil müəssisələri daxil olmayıb. Yəqin ki, bunun bir səbəbi var. Bütün elmi fəaliyyətlə məşğul olan müəssisələrin bu qiymətləndirmə siyahısına daxil olması ilə Respublikanın akademik reytinq göstəriciləri yəqin ki, daha da yüksək olacaq. Eləcə də elm və təhsil müəssisələri mütəxəssislərin işə cəlb olunmasında peşəkarlığa daha artıq diqqət yetirəcək, alim və tədqiqatçılara diferensial qiymətləndirmə tətbiq olunacaq, akademik əməkdaşlıqlar genişlənəcək.

Azərbaycanın 84 elm və təhsil müəssisəsi bu reytinq cədvəlində iştirak edir. Onlardan 38-i ali məktəb, qalanları elmi-tədqiqat müəssisələridir. 73 müəssisə elmi göstəricilərinə görə müvafiq yer tutur. 11 müəssisə yalnız sıralamada yer alır. Respublikanın elmi reytinqinin artırılması üçün hər bir müəssisənin bu cədvəldə yer alması vacibdir.

Belə bir qiymətləndirmə metodunun tətbiqi bu il başladıgına görə göstəricilərin yaxın aylarda artmasını ehtimal etmək olar. Bu məqsədlə Respublikanın elmi ictimaiyyəti ilə bu işin metodikası, elmi profillərin yaradılması və elmi informasiya məhsullarının düzgün yerləşdirilməsi ilə əlaqədar təqdimatlar və təlimlər keçirilə bilər. Belə təlimlərin keçirilməsi, qiymətləndirmə metodikası ilə tanışlıq və ümumiyyətlə elmi informasiya platformalarında geniş iştirakımızı təmin etmək Milli H indeksini xeyli yüksəldə bilər.

– Açıqlanan Milli H-indeksi Azərbaycanın elm və təhsil müəssisələrində hansı mənzərəni müəyyənləşdirir?

– Real mənzərəni müəyyənləşdirir. Bundan daha mükəmməl reallığı göstərən metod mövcud deyil. Tərtibatçıların tətbiq etdiyi qiymətləndirmə modeli diqqəti cəlb edir. İlk onluğa daxil olan müəssisələr “elmi potensialın liderləri” olaraq adlandırılıblar və məntiqi olaraq sıranın əvvəlində AMEA yerləşir. Ali təhsil müəssisələri sırasında ilk yeri Bakı Dövlət Universiteti tutur. BDU-nun göstəriciləri çox nüfüzlu rəqəmlərdir və bir çox Avropa universitetləri ilə rəqabət edə biləcək göstəricilərdir.

Sıralamanın 21-30-cu yerlərini tutan elmi müəssisələr “yüksək elmi potensial” ifadə edən müəssisələr olaraq müəyyənləşdirilib. Bu o müəssisələrdir ki, həqiqətən də ciddi akademik göstəriciləri var və reytinq cədvəlində real inkişaf dinamikası görsənir.

Bəzi universitetlər kollektivinə xarici mütəxəssisləri cəlb etməklə yüksək göstəricilər əldə edir. Bəzi universitetlərin yüksək göstəriciləri olduğu halda nüfuzlu akademik platformalarda əks olunmadığı üçün qiymətləndirmədə yer almır. Bəzi universitetlər isə bu il ərzində mövcud potensialını konsalidasiya etməklə açıqlanan reytinq cədvəlində mövqelərini xeyli yaxşılaşdırıb.

Qiymətləndirmənin üçüncü hissəsi “reytinq üzvləri” adlandırılıb və böyüklü-kiçikli müxtəlif elm və təhsil müəssisələrini əhatə edir. Burada da perespektivli müəssisələr yer alır. Lakin bəzi kiçik elmi müəssisələr üçün bu reytinq cədvəlində iştirak etmək özü böyük uğur hesab edilməlidir.

– Cədvəldə gördüyümüz rəqəmlər Azərbaycanda elmi inkişaf səviyyəsini göstərən son və obyektiv rəqəmlərdir, yoxsa burada da subyektivlik, süni müdaxilələr mövcuddur?

– Xeyr, son rəqəmlər deyil. Azərbaycanın bir sıra aparıcı müəssisələri bu siyahıda hələ yer almır. Məsələn, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bu sıralamada iştirak etmir. Bu yaxınlarda yüz illiyini qeyd edən universitet olaraq respublikanın elmi reytinq cədvəlində olmaması yaxşı hal deyil. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Bakı Xoreoqrafiya Akademiyası, Üzeyir Hacıbəyli Adına Bakı Musiqi Akademiyası reytinq cədvəlinə daxil olub və öz akademik potensialını təqdim edir. Akademik fəallıq dinamik prosesdir və rəqabətə açıqdır.

O ki, qaldı süni müdaxilələrə, qeyd etməliyəm ki, adları çəkilən ilk iki məlumat bazası qapalı sistemdir və hər hansı kənar müdaxilə mümkün deyil. Üçüncü indeksləşən baza açıq sistem rejimində fəaliyyət göstərir və nəzəri olaraq ona kənar müdaxilə etmək olar. Lakin manitorinqlər nəticəsində süni rəqəmlər və saxtakarlıq asanlıqla üzə çıxa bilir. Odur ki, rəqmlərin mötəbərliyinə etimad etmək olar.

– Belə olan halda Respublikamız inkişaf etmiş ölkələrlə müqayisədə hansı durumdadır?

– Azərbaycanın “Scopus” məlumat bazasında H-index 166,   “Web of Science” məlumat bazsında h-index 145, “Google Scholar” məlumat bazasında H-index 186 təşkil edir. Bu rəqəmlər kifayət qədər cəzbedicidir. Cədvəlin “TOP-1000 alim” siyahısında AMEA-nın Fizika institutundan Faiq Əhmədov, Bakı Dövlət Universitetindən Mais Süleymanov liderlik edir. Bu alimlərin əsərlərinin sayı və topladığı elmi istinadlarla sizi yormaq istəmirəm. Lakin cədvəldəki mənzərəyə baxarkən istər-istəməz insan belə alimlərlə qürur hissi keçirir.

– “Azərbaycan Milli H-index Reytinq” göstəriciləri Respublikada elmin inkişafına nə kimi təsir edə bilər?

– Hər şeydən əvvəl “Azərbaycan Milli H-index Reytinq” siyahılarının müəyyənləşdirilməsi alim və tədqiqatçılar üçün ciddi bir mativasiyadır və respublikada yaxşı mənada akademik rəqabətin təşkili üçün sağlam mühüt yaradır.

Yəqin ki, tətbiq olunan metodika da tədricən kamilləşəcək. Məsələ burasındadır ki, H indeksinə olunan tələblər dəqiq elmlərlə ictimai elmlər arasında fərqlidir. Qiymətləndirmə təbiət elmləri, ictimai elmlər və sahəvi elmi müəssisələr olaraq qruplaşacaq. Açıqlanan son reytinq cədvəli Azərbaycan Tibb Universiteti ilə bərabər bir sıra digər tibb müəssisələrini də əhatə edir. Yəqin ki, gələcəkdə tibb və səhiyyə sahələri ayrılıqda qiymətləndiriləcək. Eləcə də sosial və humanitar sahələrin ayrılıqda qiymətləndirilməsi və Respublikadaxili alətlərin tətbiq olunması lazım gələcək, Türkiyədə tətbiq olunduğu kimi. Tətbiqi və təsviri sənət sahələrinin də mütləq ayrıca qiymətləndirilməsi vacibdir.

 

Humay İSGƏNDƏRLİ

Şərhlər bağlıdır.