“Kəsrəvi türk dilinin düşmənidir” – Azərbaycanın güneyi. Müəllif: Dilqəm Əhməd

Müəllif: Dilqəm Əhməd

“Azərbaycanın güneyi” layihəmizdə 6-cı yazı 1947-ci ildə Türkiyədə çıxan “Şərq yolu” qəzetindəki iki məqalədir. Abbasqulu Sebelan imzası ilə işıq üzü görmüş yazılarda Rza şahın türklərə verdiyi zülmlərdən bəhs olunub, 5 milyon azərbaycanlının türk dilində danışmasına baxmayaraq yox sayılması sərt şəkildə tənqid edilib. Yazılardan anlaşılır ki, müəllif Güney Azərbaycanda yaşamış soydaşımız olub. Müəllifin bu mövzudakı iki məqaləsininin əsas bölümlərini dilimizə uyğunlaşdıraraq təqdim edirik:

***
Abbasqulu Sebelan

Fars-Moskva tədhişi altında beş milyon türk

Bu sətirlər adsız türk qəhrəmanlarının min bir məhrumiyyət içində qırmızı və qara istibdadla apardıqları uzun savaşın qısa bir dastanıdır.

Bu sütunda böyük Türk elinin, əsarət zəncirləri ilə əli-qolu bağlanmış bir parçasının dərdlərinə tərcüman oluram. Burada müstəmləkəçilərin, əsir tutanların və orta əsr feodallarının çeynədikləri haqlarımızdan bəhs edəcəyəm. Məqsədim bu hala heç cür istiqrar tapa bilməyən dünyada heç olmazsa səsimizi siz qardaşlarımıza eşitdirməkdir. Təəssüf ki, bu səs çox vaxt sizə qədər gələ bilmədi. Boğazımıza tıxanan yumruq boğuq fəryadımızı kimsənin eşitməsinə qoymadı.

Türklük türkün öz yurdunda ölümə məhkum edildi. Dilimiz məktəblərdən, dairələrdən, hətta xüsusi toplantılarımızdan qovuldu. Türklüyünü etiraf edən ən ağır cəzalara məruz qaldılar. Türk təhqir edildi, əzildi, çeynəndi.

Bunlar hər gün və hər saat təkrar edilərkən düşmənlər öz qəzetlərində Türkiyəyə dost görünməyə çalışdılar.

XX əsrin ən müstəbid hökmdarı, türk düşməni Rza Pəhləvi türklərin sevimli və ölməz öndəri Atatürkün əlini dostca sıxarkən milyonlarca türkü ən ağır şəraitdə yaşatdı. Onlara milliyyətlərini unutdurmağa çalışdı. Türk kəlməsini ən ağır küfrlərin yerinə keçirtdi.

Türkiyə qəzetləri – çox az istisna ilə – işin iç üzünü görə bilmədi. İranda hər şeyin yolunda yürüdüyünə inandılar. Böyük bir qəflətlə hətta müstəvlilərin qanlı çəkməsi altında inləyən qardaşlarının davasını bilmədən bu surətlə baltaladılar.

Rza Pəhləvinin 1941-də mütləq hökmranlıq və ilahlıqdan istifadə edib Yohanesburqa qədər qaçmasından sonra da bu üsul davam etdi. Fars şovinizmi türklüyü əsarətdə tutmaq üçün hər hiyləyə baş vurdu. Azərbaycanlıların haqlı hiddətlərini yatışdırmaq üçün səhnəyə satılmış üç-beş xaraktersiz kuklanın çıxarılmasını lazım bildi. Dünənə qədər “Türkə har” (Eşşək türk) deyə çağırdığı azərbaycanlıları bu dəfə yumşaq dil və sitayişkar sözlərlə təhəmmül edilməz və dözülməz halda tutmağa çalışdı.

Burada, bu kiçicik müqəddimədə Azərbaycanda baş verən milli hərəkatlardan bəhs etməyəcəyəm, siz az-çox bu hərəkətlərin necə inkişaf etdiyini və sonra nə surətlə ləkələndiyini və axırda da Mokva-Tehran əlbirliyi ilə nə şəkildə atəş və qanla basdırılmaq istənildiyini bilirsiniz.

Üzərində dayanmaq və israrla bildirilməsi gərəkən bir nöqtə türklüyün bugünkü şəraitdə Tehran hökuməti tərəfindən açıq şəkildə boğdurulması və büsbütün əzdirilməsidir.

Budur, bu iyrənc melodramın taxta qılınclı qəhrəmanlarını yaxından tanıtmaq lazımdır. Mən bu işi üzərimə götürürəm. Sizə Azərbaycanda cərəyan edən qanlı faciənin ürəkağrıdıcı hekayəsini danışacağam.

Bu sətirlər adsız türk qəhrəmanlarının min bir məhrumiyyət içində qırmızı və qara istibdadla etdikləri uzun savaşın qısa bir dastanıdır.

“Şərq yolu”, sayı 8, 18 yanvar 1947

***

Abbasqulu Sebelan

Atəş diyarı Azərbaycan

Kültür məhkumiyyəti

İran Azərbaycanı fars şovinizmi və fars siyasətçilərinin yardaqçıları vasitəsilə ən gülünc “dəlil”lərə müstənidən öz dili olan Azərbaycan türkcəsi və milli kültüründən məhrum edilməkdədir. Tehran heç cür bu qəribə inaddan vaz keçmir, onun sözçüləri avaz-avaz bağırırlar, Azərbaycan türklərinin haqq-istəklərini gurultu ilə boğdururlar.

Azərbaycanda və hər hansı fars olmayan bir kültürə sahib İranda yaşayanları öz milli dil, ədəbiyyat, xülasə kültüründən uzaq tutmaq üçün farslar və farsçılardan mütəşəkkil qruplar 30 ildən bəri səssizcə çalışırlar. Bu çalışmanın nəticəsində İranda qurulan maarif tələbələri şovinist bir ideolojinin dumanları arasında çaşdırılırlar.

İranda “Fərhəng” makinəsinin məhsulu olan dırnaqarası münəvvərlər İranın ikinci nömrəli afyonu adlandıracağımız farsçılıqla sağlam düşüncələrini əksərən məktəb vaxtında qeyb etmişlər. Mən onlarla bu mövzu haqqında münaqişələr etdim, söylədikləri sözlərin ipə-sapa sığmadığının fərqində belə deyillər. Zatən onların bu gün ağabəylərinin ortaya atdıqları “dəlil”lərdən bəhs edəcəyəm, fəqət, əziz oxucularım, gözlərinizə inanmayacaqsınız.

Farsların xidmətində çalışan üç-beş “aydın” azərbaycanlı öz ana dillərini etibardan salmaq üçün əfəndilərinin sonradan ordan-burdan hazırladıqları “dəlil”ləri yerli-yersiz istifadə edərlər. Onlar mütəhəkkim farslarla öz milliyyətləri əleyhində işbirliyi edənlərdirlər.

Biz bu gün bu qara siyahıdan bir ad açıqlayacağıq. Onlar Fransada “kollaborsionist” adı altında anılan zatların şərqli məsləkdaşlarıdırlar.

Azərbaycanda son hadisələr baş verdikdən sonra yaltaqlandıqları yerlər üçün Tehran radiosunda yenə bir neçə dəqiqə Azərbaycan milli kültürünə hücum edən Doktor Rzazadə Şəfəq bu nankor və xeyirsiz övladlardan biridir. Bu zat 20 il Rza Pəhləvinin məddahlığını etdikdən sonra 1941-ci il İran işğalı sıralarında demokratiya arabasına mindi və bu dəfə də demokratçı qəzəllər söyləməyə başladı. O, o zamanlar sərdari-sipah olan Rza Pəhləvinin mədhiyyəsi ilə bitən türkcə bir kitab yazdı. Bu, onun İncilidir. Orada Azərbaycan milli kültürünü komplimentlər, mədhiyyə və şirin dillə çürütməyə çalışır. Yaratdığı əsər – ki kiçik bir broşuradır – elə boş bir şeydir ki, heç bir ciddi tənqidə təhəmmül etməz…

Ötən il fars molla və axundları tərəfindən Tehran ədliyyə sarayında öldürülən Seyid Əhməd Kəsrəvi də bu məyanda davamız nöqteyi-nəzərindən ən böyük mənfi rol oynayanlardandır. Bu zat türkcənin düşmənidir, lakin nə qəribədir ki, özü belə asan şəkildə farsca danışmaqdan acizdi.

Bu iki şəxsiyyət bütün Azərbaycan əleyhdarı mənfi qüvvətləri ətraflarına toplayan iki qütbdürlər. Onlar azərbaycanlının əbədi İran camiəsində əbədi iki nömrəli insan olaraq yaşamasına canla-başla çalışırlar. Onlar fars şovinistləri ilə sıx işbirliyi edirlər. Dr. Şəfəq bu yolla parlamentdə məbusluğa qədər yüksəldi. Bu, onun keçmiş arzularından biri idi. Əfəndiləri ona qarşı çox lütfkardırlar. Hətta o, farslarla oturub-durduğu zaman atasının İsfahandan Təbrizə köç etdiyini eyham edər və bu surətlə “onlara” çox yad olmadığını göstərmək istəyər…

Azərbaycanda farsca bilənlər fənərlə axtarıldığı halda, 5 milyon insanın ana dili, gündəlik danışdığı dil türkcə ikən parlamentdə bir məbus utanmadan İranda farscadan başqa bir lisanın varlığının fərzinə belə kimsənin haqqı olmadığını bağırır və İranın ən böyük qəzeti olan “Ettialat” da bu həyasızca yalanı qızarmadan birinci səhifəsində yazır…

“Şərq Yolu”, sayı 9, 1 fevral 1947

Müəllif: Dilqəm Əhməd

Şərhlər bağlıdır.