FARS SÖZÜ VƏ BU SÖZDƏN YARANAN SÖZ BİRLƏŞMƏSİ FARSLARIN MİLLİ KİMLİYİNİN QORUYUCUSUDUR. Vidadi Mustafayev

Aprel ayının 30-u (İranda rəsmi təqvim ili olan hicri şəmsi ilə 10 ordibeheşt 1403) İranda
Fars körfəzi günüdür. İran saytları biri az, biri çox həmin günlə bağlı yazılar veriblər. Həmin
yazıların əksəriyyətində bu “Milli gün”ün mahiyyəti və əhəmiyyətindən qətiyyən söz açılmır,
söz arası tarixçəsi və hansı münasibətlə belə bir günün elan olunduğuna toxunulur. Əsas
diqqət “Fars körfəzi” adında “fars” sözünün olmasına, onun qədimliyinə, həmin sözün
farsların kimliyini yaşatmasına, bundan sonra da həmin missiyanı daşıyacağına, ərəblərə
qarşı dağ kimi durduğuna və bir sözlə, farsların millətçiliyini qızışdırmağa yönəlibdir.
Əslində isə həmin gün tarixdə nə baş veribdir?
1623-cü ildə Şah Abbas Səfəvi dövlətinin cənub sərhədlərini, dəniz ticarətini
genişləndirmək və təhlükəsizliyini təmin etmək məqsədilə Hürmüz adasını ələ keçirib Fars
körfəzi rayonunda 100 ildən çox ağalıq edən Portuqaliya müstəmləkəçilərini həmin
bölgədən qovmağa nail olmuşdur. Həmin hərbi-siyasi addım sonrakı İranın taleyində və
tarixində mühüm rol oynamışdır.
Nədənsə saytlarda gedən yazılarda həmin tarixi hadisəyə, onun əhəmiyyəti və nəticələrinə
deyil, qeyd edildiyi kimi, “Fars körfəzi” ifadəsində “fars” sözünün yaşaması və onun
millətçilk mənalarına, yükünə, xüsusən də panərəbizmə qarşı durmaq qabiliyyətinə
əhəmiyyət verilir. Tarixə belə yanaşma cox güman ki, farsların da ermənilər kimi
uydurduqları fobiyalarla bağlıdır. Onlar bu gün Cənubi azərbaycanlıları İranın ərazi
bütövlüyü üçün təhlükə kimi qələmə verirlər. Ona görə Fars körfəzi və Hürmüz adasını
portuqalların işğalından xilas etmiş Şah Abbasın adını türk olduğuna görə çəkmirlər. Tarixi
yaxşı bilən farslar şovinizm xəstəliyinə düçar olduqları üçün onlara hazır-halva ölkə təhvil
verməklə kifayətlənməyib üstəlik onları hakimiyyətə gətirənləri alçaqcasına dövlətin
düşməni elan edirlər.
Cənubi azərbaycanlıların gələcək İran dövlətinin formalaşmasında rolunu unutdurmaq üçün
farslar onların bütün xidmətlərini danmaq bir yana, hələ bir dövlət üçün təhlükə olduqlarını
utanmadan dilə gətirirlər. Belə düşüncə sahibləri təbii ki, Fars körfəzinin azadlığından və
kimin tərəfindən azad edilməsindən, bu günkü milli günü onlara bəxş edənlərdən deyil,
“Fars körfəzi” söz birləşməsinin milli kimlik sahəsində ona aid olmayan rolundan danışırlar.
Farsların özlərinin isə bu işdə heç bir rolu olmayıb.
Farslar bircə onu deyə bilmirlər ki, bu körfəz niyə 7000 il, hətta 10000 il yaşı olan İran adı
ilə yox, cəmi 2500 yaşı olan Fars dövlətinin adı ilə adlandırılıb. Farslar nə qədər
çabalasalar da, “fars” sözü ilə İran sözü arasında əlaqə tapa bilmirlər. Onların bir qisminə
“İran”, digər qisminə isə “fars” sözü daha əzizdir . İranı özləri üçün əziz bilənlər milli
kimliyini danaraq, fars olmadıqlarını iddia edirlər. Fars sevərlər isə İran adının beynəlxalq
müstəvidə bərpa edilməsini milli xəyanət hesab edirlər. Ona görə hətta bir siyasi-ideya
cərəyanı “fars” termininin işlənmə dairəsini genişləndirərək “İran” sözünü əvəz etməsi
istiqamətində çalışır. “Fars körfəzi” ifadəsindəki “fars” sözünə tarixi, milli kimlik və s.
cəhətdən baxaraq, onda milli bir xilas yolu axtarırlar.
Vidadi Mustafayev,
Bakı, 1 may 2024

Şərhlər bağlıdır.