GƏNCƏDƏ TƏQDİM OLUNAN ADF-NİN FƏXRİ DİPLOMU

Nadir Ajan Nejat


Bu günlərdə Gəncə şəhərinin Mahsara bağındakı “Şəms”
şadlıq evində sənət dünyasında rəngarəng rolları ilə könülləri
fəth edən, teatr və kino sənətinin tanınmış nümayəndəsi
Mətləb Barat oğlu Təhmazinin (Ərdəbili) 60 illik yubileyi qeyd
olunub. Tədbirə Gəncə Dövlət Milli Dram Teatrında onunla
uzun illər səhnədə rollar yaradan kollektivin rəhbərliyi, iş
yoldaşları, şəhərin yaradıcılıq təşkilatlarına başçılıq edən
şəxslər və həmçinin paytaxtdan təşrif gətirən qonaqlar iştirak
ediblər.
Öncə iştirakçılar erməni faşizminə qarşı döyüşlərdə canını
qurban verənlərin xatirələrini bir dəqiqəlik sükutla yada
salıblar. Onu da deyək ki, Mətləb kino sənətində də yaratdığı
obrazlarla öz sözünü deyib.
Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı
yubilyarın keçdiyi yola nəzər salaraq ona yaradıcılıq uğurları
arzulayıb, M.Ərdəbiliyə tər çiçək dəstələri təqdim edib.

Yazıçılar Birliyinin sədri Xəzangül Hüseynova və müavini
Aləmzar Əlizadə, jurnalist Araz Əbülfəzoğlu ADAL
Universitetinin professoru Bahəddin Xəlilov Mətləb
Ərdəbilinin səhnədə yaratdığı obrazların həyatiliyi ilə
seçildiyini dilə gətiriblər.Qohumlarından İlqar, Fazil və Solmaz Fərzəliyevlər Mətləb Ərdəbiliyə göstərdiyi diqqətə görə teatr rəhbərliyinə təşəkkürlərini bildiriblər .

Azərbaycan Demokrat Firqəsinin sədri, Əməkdar jurnalist
Rəhim Hüseynzadə ata-baba yoluna sədaqətinə, Azərbaycan
mədəniyyətinin və incəsənətinin inkişafındakı xidmətlərinə
görə M.Ərdəbiliyə ADF MK-nın fəxri diplomunu təqdim edib,
ona yeni-yeni yaradıcılıq zirvələri arzulayıb.

Sonda Mətləb Təhmazi (Ərdəbili) bütün səmimi çıxışlara görə
təşəkkürünü bildirib, səhnədə yeni-yeni rollarla tamaşaçıların
etimadını bundan sonra doğruldacağını bildirib.
Nadir Ajan Nejat

Şərhlər bağlıdır.