Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib

Oktyabrın 15-də Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər
dövlətinin banisi görkəmli şair Şah İsmayıl Xətainin (1487-1524)
1508-ci ilə aid fərmanının təqdimatı keçirilib.
Fərman bu il İngiltərənin “Christie’s” hərracında Azərbaycan
vətəndaşı tərəfindən satın alınaraq Tarix Muzeyinə hədiyyə edilib.
Sənəd Şah İsmayıl Xətai tərəfindən 1508-ci il iyulun 4-də (hicri
qəməri təqvimi ilə 914-cü il səfər ayının 25-i) imzalanıb. Fərman fars
dilində, “qara şikəstə” üslubu ilə yazılıb və Xətainin möhürü ilə
təsdiqlənib. Səfəvi hökmdarının mülkiyyət məsələlərinə dair
fərmanlarından biri olan bu sənəd bütöv və möhürlü vəziyyətdə
olması ilə xüsusi əhəmiyyət daşıyır.
xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin
AZƏRTAC
müavini Fərid Cəfərov xalqımıza məxsus tarixi və mədəni irs
nümunələrinin Azərbaycana qaytarılması və qorunub
saxlanılmasının dövlətimizin daim diqqət mərkəzində olduğunu
bildirib. Nazir müavini deyib: “Bu, həm də mədəniyyət siyasətimizin
əsas istiqamətlərindən biridir. Dövlət qurumlarının bu sahədə
apardığı işlərə vətəndaşlarımızın da dəstək verməsi təqdirəlayiq
haldır və bu cür təşəbbüslər cəmiyyətimizin həmrəyliyini və milli
dəyərlərə bağlılığını nümayiş etdirir. Səfəvilər dövlətinin ilk illərinə
məxsus bu nadir sənəd Azərbaycanın dövlətçilik ənənələrinə dair
dəyərli eksponat olmaqla yanaşı, gələcək nəsillər üçün tarixi
mənbədir”.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şah İsmayıl Xətainin
imzası olan bir sənədin ölkəmizə gətirilməsini böyük tarixi və siyasi
əhəmiyyətli hadisə kimi dəyərləndirib.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı
qeyd edib ki, Azərbaycanın tarixi və mədəni irs nümunələrinin
ölkəyə qaytarılması artıq ənənəyə çevrilib: “Vətəndaşımızın şəxsi
təşəbbüsü ilə Azərbaycan xalqının böyük oğlu, sərkərdə və şair Şah
İsmayıl Xətainin fərmanının satın alınaraq muzeyimizə hədiyyə
edilməsi əsl vətənpərvərlik nümunəsidir. Bu, həm də xalqımızın öz
tarixini yaşatmaq və ona sahib çıxmaq əzmini göstərir”.
Fərmanın muzeyin daimi ekspozisiyasında sərgilənəcəyini bildirən
N.Vəlixanlı Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümünün
tamam olduğu vaxtda Azərbaycana gətirilməsinin rəmzi məna
daşıdığını deyib.
AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor
Kərim Şükürov Xətainin dövlətçilik fəaliyyəti, Azərbaycan Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi onun bədii yaradıcılığı ilə bağlı fikirlərini
bölüşüblər.
Tədbirin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin
Qədim musiqi alətləri ansamblının ifasında bədii-musiqili
kompozisiya təqdim olunub.
AZƏRTAC

Şərhlər bağlıdır.