Təbrizdə Zəfər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunda 8 noyabr – Zəfər Günü münasibətilə təbdir keçirilib.
Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunda 8 noyabr – Zəfər Günü münasibətilə təbdir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Təbrizdəki baş konsulu Çetin Taner və qardaş ölkənin diplomatik nümayəndəliyinin əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri, bu şəhərdəki Azad İslam Universitetinin azərbaycanlı tələbələri iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək Zəfər Gününün Azərbaycanın dövlətçilik tarixində şərəf zirvəsi olduğunu bildirib. O vurğulayıb ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində şücaətini bütün dünyaya nümayiş etdirib. Öz liderinin ətrafında sıx birləşən xalqımız milli Ordumuza dəstək verib və otuz ilə yaxın davam edən işğala son qoyulub. Heç kimə sirr deyil ki, təcavüzkar Ermənistan bütün göstəricilərinə görə Azərbaycandan geridə olduğu halda xaricdəki havadarlarına güvənərək bu işğalı sonsuza qədər uzatmaq istəyirdi. Amma Azərbaycan rəhbərliyinin qətiyyətli siyasəti ilə düşmən və onun havadarları rüsvayçı məğlubiyyətə düçar oldular.
Diplomat qeyd edib ki, Azərbaycan özünün sülh və sabitlik strategiyası ilə region ölkələrinin hərtərəfli inkişafına və xalqların əmin-amanlıq şəraitində, rifah içində yaşamasına böyük töhfələr verir. Bu birgəyaşayış şəraiti üçün yaranmış şans məhz qazanılmış böyük və tarixi Zəfər sayəsində əldə olunub.
Baş konsul diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı 16 noyabr 2022-ci il tarixli Sərəncam əsasında işğaldan azad edilən ərazilər bərpa olunur, otuz ildir öz yurd-yuvasından didərgin düşən soydaşlarımız yeni və müasir evlərinə qayıdırlar. Həmin ərazilərin bərpası, yeni infrastrukturun qurulması, yurd-yuvasına qaytarılan əhalinin məşğulluğun təmin edilməsi planlı, ardıcıl və sistemli şəkildə həyata keçirilir. Əlamətdar haldır ki, Böyük Qayıdışın ilk tarixi addımları dost və qonşu İranla sərhəddə yerləşən Ağalı kəndində atılıb.
Ə.Hüseynov təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Zəngilan rayonunun əhalisinə divan tutulması faktlarının İranın qonşu ərazisində yaşayan sakinlərə yaxşı məlum olduğunu xatırladıb. O əlavə edib ki, oktyabrın 6-da Azərbaycanın Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb. “Əminliklə deyə bilərik ki, region ölkələri arasında səmimi və mehriban münasibətlər region dövlətləri arasında qarşılıqlı anlaşma və kompleks inkişaf üçün alternativi olmayan ən düzgün seçimdir. Otuz il işğal altında qalan Azərbaycan ərazilərində baş verən faciələr, həmçinin ölkəmizə qarşı mina terroru bəşəri dəyərlərə zidd olmaqla bərabər, təkcə bir xalqa qarşı deyil, ümumilikdə insanlıq əleyhinə cinayətdir. İkinci Qarabağ müharibəsindən sonra 370-dən çox Azərbaycan vətəndaşı Ermənistanın ölkəmizə və xalqımıza qarşı mina terrorunun qurbanına çevrilib”.
Baş konsul Ermənistanın ərazilərimizdə ekoloji terror da törətdiyini diqqətə çatdırıb, həmçinin tədbir iştirakçılarına noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 iqlim konfransı barədə də ətraflı məlumat verib.
Diplomat vurğulayıb: “Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının bütün istiqamətləri 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıq yaratdı. Prezident İlham Əliyevin liderliyində dövlət-xalq vəhdəti Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ona görə də Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və qüdrətinin rəmzidir. Bu Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq”.
Tədbir zamanı Zəfər Gününə həsr edilmiş film nümayiş etdirilib və fotoşəkillərdən ibarət sərgi açılıb.
Şərhlər bağlıdır.