İran rejimi ölkədə sərt hicab qanunu tətbiq edir. Bu, yeni Prezident Məsud Pezeşkianın seçkiqabağı vədinə baxmayaraq, baş verir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Iran News Update” yazır.
Nəşr bildirir ki, rejim dini geyim qaydalarını pozan qadınları daha sərt şəkildə cəzalandıracaq.
Mənbə qeyd edir ki, İranda qadınların təkcə saçlarını yox, boyunları, qolları və topuqlarını da göstərməsi qadağandır:
“Birinci qayda pozuntusuna görə qadın 155 avro ekvivalentində cərimə ödəməyə məcbur olacaq, ikinci dəfə pozuntuya görə isə cərimə dərhal dəfələrlə artacaq”.
Cəriməyə qarşı tənqid və ya etiraz 155 avroya qədər əlavə cərimə ilə nəticələnir.
Nəşr iddia edir ki, bundan sonra iranlı qadınların 9 yaşından hicab taxması tələb olunacaq: “Yetkinlik yaşına çatmayan uşaq qanunu pozarsa, valideyn məsuliyyət daşıyır, qızla “tərbiyə işi” aparırlar”.
Yeni qanuna əsasən, taksi sürücüləri qayda pozuntuları barədə məlumat verməyə, yaşayış komplekslərinin rəhbərləri hicabsız qadınların video çəkilişlərini ötürməyə borcludurlar. Bu öhdəlikdən yayınma 339 avroya qədər cərimə ilə cəzalandırılır.
Müəllif: Mənsur Rəğbətoğlu
Şərhlər bağlıdır.