“O molla qovulmalıdır, Azərbaycandan üzr istəməlidir!” – Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlarVİDEO
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkənin aparıcı televiziya kanallarına verdiyi müsahibədə İranı sərt tənqid edib.
Prezidentin diqqət çəkdiyi məqamlardan biri İranın Ərdəbil üzrə imam-cüməsi Ayətullah Həsən Amilinin canlı yayımda Azərbaycan və Türkiyə prezidentlərini, eləcə də bu iki qardaş xalqı nalayiq ifadələrlə təhqir etməsi olub.
Prezident İlham Əliyev bu mövzuya toxunaraq bildirib ki, bu cür təhqiramiz və təxribat xarakterli hərəkətlərə göz yummaq olmaz:
“O mollanı Ərdəbilə təyin edən adam bu hadisəyə, bu tərbiyəsizliyə necə münasibət bəsləyir? Onun fikri nədir? Azərbaycan xalqından üzr istənməlidir. Ən azından o molla işdən qovulmalıdır və Azərbaycan xalqından üzr istənməlidir.”
Prezidentin mesajı Ayətullah Xameneiyə ünvanlanıb
Məlum olduğu kimi, Ərdəbilin imam-cüməsi Ayətullah Xameneinin birbaşa əmri ilə təyin olunur və ona tabe olaraq fəaliyyət göstərir. Prezident İlham Əliyevin bu açıqlamaları birbaşa Ayətullah Xameneiyə ünvanlanmış mesaj kimi dəyərləndirilir. Prezidentin çıxışı, eyni zamanda, Azərbaycanın İrana qarşı prinsipial və qəti mövqeyini bir daha nümayiş etdirir.
Ayətullah Həsən Amilinin təxribat xarakterli açıqlamaları uzun müddətdir ki, Azərbaycan və Türkiyə ictimaiyyətinin sərt etirazına səbəb olub. Prezident İlham Əliyev isə xalqın tələblərinə cavab olaraq bu mövzuda açıq mövqeyini ortaya qoyub və Azərbaycanın haqq səsini dünyaya çatdırıb.
Musavat.com, Prezident İlham Əliyevin çıxışından həmin məqamları təqdim edir.
Musavat.com
Şərhlər bağlıdır.