İranın pəhləviləri kimdir?

Pəhləvilər İran tarixinin son min ilində 54 il hakimiyyətdə olmuş ən üzü qara sülalədir. Türk-Qacar hakimiyyətinə xəyanət edərək hakimiyyətə gəlmiş bu sülalənin kimliyi haqqında çox sayda rəvayətlər elmi və siyasi ədəbiyyatda dövr edir. Bu ailənin kimliyini müəyyənləşdirməyə, etnik təmaüllərini və iz buraxdığı əməllərini qiymətləndirməyə çalışaq.

Həm elmi, həm də siyasi ədəbiyyatda qanuni şah oldugu təkrar-təkrar yazılmış olsa da onun qanuni şahlığı haqqında nə şəcərəsində, nə də fəthlərində bir ip ucu tapa bilmədik. Pəhləvilər ailəsinin şəcərəsinə diqqət edək.

Rza Pəhləvi 1878-ci ilin 15 martında, Mazandaranın Savadkux Şəhristanının Ələşt kəndində anadan olub. Stewen R. Wardun 2014-cü ildə Vaşınqtonda çap olunmuş “Immortal: A Military History of Iran and Its Armed Forces” adlı kitabında qeyd edilir ki, o, Rza Pəhləvi Mazandaranda türkdilli bir ailədə anadan olub. Anası – Nüş Afərin Ayromlu Azərbaycanın Ayrumlu tayfasındandır. Hesab edilir ki, Rzanın anası Borçalı türklərinin tanınmış Ayrumlu tayfasından olub və Qacarlar zamanı oraya köç etmişdilər. Bir gürcü mənbəsində deyilir: “Qacarlar dövründə, İran-Rusiya müharibələrindən sonra İrana köçən məşhur gürcü qadınlarından biri də Nüş Afarin Ayromludur (vəfatı hicri 1263/miladi 1884). O, Mazandaranın Savadkuh mahalından olan Abbas Əli Xan Dadaşbəylə evlənmiş və bu evlilikdən Pəhləvi sülaləsinin gələcək banisi Rza Şah Pəhləvi dünyaya gəlmişdi”.

Ayrumlu tayfası ilə sıx əlaqələrin nəticəsində Rza Pəhləvi də sonralar Bakıda anadan olmuş Tac ül-Moluk Ayromlu ilə ailə qurur və məhz bu ailədə Mehəmməd Rza Pəhləvi dünyaya gəlir. Rus alimi Timkin Y. “Pəhləvilər sülaləsi dövründə İranın dövlət-siyasi modernləşməsində neo-Əhəmənilik ideologiyası” əsərində də bu faktları təsdiq edir. Tacülmüluk və ya Nimtac Ayrımlı 17 mart 1896-cı ildə Bakı şəhərində anadan olmuşdu və uzun ömr yaşamışdı. 10 mart 1982-ci ildə Meksikanın Akapulko şəhərində vəfat etmişdi. Bununla Rza Pəhləvinin rus dili bilməsinin mənbəyi də məlum olur.  Tacülmülük mayor Teymur xan Ayrımlının qızı idi və azərbaycanlı idi.

Rzanın atası Abbas Əli xan (1815-1878) oğlunun doğulmasından 3-6 ay sonra vəfat etmişdir. Onun, 1856-cı ildə Herat şəhərinin mühasirəsində iştirak etmiş bir əsgər oldugu və Şimali Qafqazdan İranın Mazəndəran əyalətinə köç etməsi ilə əlaqdar müxtəlif fikirlər var. Məlumatları dəqiqləşdirmək mümkünsüzdir və məlumat çox azdır. Pəhləvilərin zədəgan ailəsi olmadığı Rzanın xüsusi bir təhsil almaması ilə də görsənir. Rzanin savadsız olmasına baxmayaraq onun qonşuları ilə Mazəndəranın Ələşdi ləhcəsində danışdıgı, Azərbaycan və fars dillərini bildiyi və sınıq-salxaq rus dilində danışdığı haqqında məlumat verilir.

Rza Pəhləvi fəaliyyətinə Rusiyanın Kazak briqadasında sıravi əsgər kimi başlayır və 20 yaşında zabit rütbəsinə yüksəlir. 1903-cü ildə Hollandiya konsulu general Fritz Knebelin mühafizəçisi təyin edilir. 1910-cu ildə Rza Rus Kazak briqadasınin kapitanı rütbəsinə yüksəldilir. Kazak diviziyasındakı keçmiş həmkarlarının köməyi ilə 1921-ci ildə paytaxt Tehranı zəbt edir və şəhərin hərbi qubernatoru və baş komandanı təyin edilir. Əhməd şah Qacar, bir müddət sonra isə onu dövlətin hərb naziri vəzifəsinə təyin edir.

O, vəzifə və səlahiyyətlərindən istifadə edərək Qacarlar sülaləsinin devrilməsini təşkil edir və 1925-ci il oktyabrın 31-də Məclisdə Əhməd şah Qacarın və bütün Qacar sülaləsinin devrilməsini elan edir. 12 dekabr 1925-ci ildə Rza qanunsuz olaraq hakimiyyətə gəlir və Rza şah Pəhləvi adı ilə İranın yeni şahı elan olunur. Dekabrın 15-də o, özünə andiçmə mərasimi keçirir.

1935-ci ildə Cəfər Cabbarlının Sevil pyesindən “dərs alaraq” çadranın götürülməsi haqqında fərman verdi. Elə həmin ildə Rza şah xarici dövlətlərdən əvvəllər istifadə edilən “Fars” adı əvəzinə rəsmi olaraq dövlətin adını – “İran” olaraq istifadə etməyi tələb etdi.

1941-ci il avqustun 25-də, İkinci Dünya müharibəsi zamanı Rza şah Böyük Britaniya və SSRİ-nin öz qoşunlarının İranda yerləşdirilməsinə razılıq vermədiyinə görə 1941-ci il sentyabrın 16-da hakimiyyət taxtından imtina etməyə məcbur edilir və Cənubi Afrikaya sürgün olunur. Rza 26 iyul 1944-cü ildə Cənubi Afrikanın Yohannesburq şəhərində sürgündə vəfat edir. Sonralar, Oğlu Məhəmməd Rza Pəhləvi atasının qalıqlarını İrana gətirib onun üçün, Tehran yaxınlıgında, Rey şəhərində məqbərə ucaldır, lakin İslam İnqilabından sonra (1979) ayətullahların əmri ilə məqbərə dağıdılır.

Pza Pəhlivi dörd dəfə ailə qurub və Tac ol-Moluk, Məryəm Savadkuhi, Turan Əmirsüleymani və Əsmət Dövlətşahidən on övladı olub. Onun on övladı olaraq – Həmdamsəltan Pəhləvi, Əhməd Rza Pəhləvi, Məhəmməd Rza Pəhləvi, Əşrəf Pəhləvi, Fatimə Pəhləvi, Şəms Pəhləvi, Əbdül Rza Pəhləvi, Əli Rza Pəhləvi I, Qulam Rza Pəhləvi və Həmid Rza Pəhləvini göstərirlər.

Məhəmməd Rza Pəhləvi 1919-cu ilin 26 oktyabırında, göründüyi kimi şahzadə olaraq deyil, rus kazak dəstəsinin polkovnikinin oğlu olaraq dünyaya gəlir. Lakin 1941-ci ilin sentyabr ayının 16-da atasını taxtdan salıb sürgünə göndərən sahiblərini heç unutmur və həyatının sonuna qədər onlara sadiq qalır.

Atasının şəxsi işi çox idi. Hitlerlə əməkdaşlıq, Ariyaçılıq ideyalarına tarixi sənədlər hazırlamaq, bəşəriyyətin ali irqə mənsub millətlərini siyahılaşdırmaq və s. bu kimi cəfəngiyatlar onun sonunu gətirdi. Məhəmməd Rza Pəhləvi atasının ideyalarını unutmadı və onları tədricən və “arxaya baxaraq” həyata keçirməyə çalışdı.

22 yaşında hakimiyyətə gəlmiş Məhəmməd Rıza 1946-cı ilin dekabırında Cənubi Azərbaycanda yaradılmış milli hökuməti ingilislərin dəstəyi ilə qan içində bogdu. Anası və nənəsinin dastan və əsatirlərini, nağıllar və qoşmalarını, bir sözlə ana dilində olan bütün çap məhsullarını yandırdı. Azərbaycanda 50 min insan öldürüldü və surgün edildi. Təbiətinə görə qorxaq olan bu gənc hökmdar II Dünya muharibəsindən sonra tədricən dünya konyukturunu anlayır və ora daxil olurdı. 1949-cu ildə ayaqları altında insanları qurban kəsdirən Məhəmməd Rza Pəhləvinin BMT-dəki çıxışı alqışlarla qarşılandı.

Özünü İranın Şahinşahı elan edən Məhəmməd Rza Pəhləvi Əhəmənilər çarlığının banisi, Kral II Kir Kəbir ilə müqayisə edilirdi. Şahinşahların dövləti olaraq İran üç əsas prinsip üzərində qurulmalı idi: “Tanrı, Şah və Vətən”. Monarx Allah tərəfindən xeyir-dua almış bir şəxs kimi yer üzündə Uca Allahın göstərişlərini yerinə yetirməli idi. Padşah farsların qüruru və şəxsiyyətlərinin simvolu hesab olunurdu. Ölkənin əzəməti, taleyi, ölməzliyi ancaq şah institutu ilə bağlı olmalı idi. On əsr sonra Şah Məhəmməd Rza Pəhləvi “Şahnamə”yə əsaslanaraq belə bir fikir söylədi: “Xarici insanlar İran üçün monarxiyanın əhəmiyyətini dərk edə bilməz. Bu bizim həyat tərzimiz və yolumuzdur ki, onsuz biz ölkə kimi mövcud ola bilmərik”.

Məhəmməd şah ideologiyasına görə “pəhləvilik” İrana “Ari” sivilizasiyasını qorumaq missiyasını, İran şahına isə bu sivilizasiyanın yaradıcısı rolunu, peyğəmbərlik olaraq təsis edirdi. Şah doktrinasına görə monarxiya İranda siniflərüstü dövlət hesab olunurdu. Şah bir çox tarixi İslam ənənələrini də pozmağa başladı, hətta ölkə təqvimini hicrətdən deyil, Əhəmənilər sülaləsinin əvvəlindən xronologiya tətbiq etdi, miladi 1976-cı il, hicri 1355-ci il hesab edildiyi halda, Şahinşahlar hakimiyyətinin 2535-ci ili olaraq elan edildi.

26 oktyabr 1967-ci ildə Məhəmməd Rza Pəhləvi Şahanşah (“Padişahlar padişahı”) titulunu aldı. O, həmçinin “Ariyamehr” (“Ariyaların Günəşi”) və “Bozorg Arteştaran” (“Baş Komandan”), bir neçə başqa titul sahibi oldu.

1979-cu ildə, İslam İnqilabı zamanı ölkədən qaçmaq məcburiyyətində qaldı və növbəti il Qahirədə, sürgündə atası kimi mühacirətdə öldü. 27 iyul 1980-ci ildə Məhəmməd Rza Şah Pəhləvinin ölümündən sonra oğlu Rza Pəhləvi mühacirətdə ailənin başçısı oldu, yani İrandan qarət olaraq aparılan milyardlarla sərvətin idarə olunması onun əlinə keçdi. Pəhləvilərin ilk iki nümayəndəsi kimi nəvə də savadsız idi. Ona, İranda şah olmaq nəsib olmadısa da ambisiyaları əvvəlkilərdən daha da artıq idi.

Göründüyü kimi hakimiyyəti legitim olmayan bu Pəhləvi sülaləsi nə şəcərəsinə görə, nə də hakimiyyətə gəlmə üsuluna görə şah və şahzadə deyildilər. Yaqin ki, məhz buna görə də özlərindən yeni bir şəcərə icad etməyə çalışdılar. Bu işdə ermənilərin “pəhlevuni” nəslinin şəcərəsini mənimsəyərək yeni bir tarixi 1930-cu illərdə yazmağa başladılar. Tarixin sifarişlə yazılması işinə Pza Pəhləvi zamanında başlanmışdı. Pəhləvilərin bu xəstə təfəkkürünə tanınmış alimlər Dehxoda və Kəsrəvi də xidmət etməyə başladı. Bisitun dağında qayaüsti yazılar, Həmədan və Şirazda qədim məbədlərin divarüstü yazıları silinib yenidən yazılmaga başlandı. 1979-cu ildə İranda bu “xəstə düşüncəli” Pəhləvilərdən canını qurtarmaq üçün “kim gəlir gəlsin Pəhləvilər getsin” şuarı ilə xalq mollaları hakimiyyətə gətirdi.

Pərviz Kazımi

Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru

Şərhlər bağlıdır.