Cavad Heyət və 45 yaşlı “Varlıq” dərgisinin birinci sayı (3)

DOKTOR CAVAD HEYƏTİN ANADAN OLMASININ 100 VƏ  "VARLIQ" DƏRGİSİNİN 45 İLLİYİNƏ HƏSR EDİLİR

31.01.25   

AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

(Əvvəli ötən sayımızda)

Cavad Heyət Azərbaycan xalqının böyük şairi Şəhriyar haqqında yazırdı: “Ustad Şəhriyar məşhur şairimizdir. Onun farsca şeirləri bütün İran millətini məftun etmiş və onu hər kəsə tanıtmışdır. Türkcə yazdığı “Heydər baba”sı dünyanın ədəbi şah əsərləri arasına girmiş və bir çox dillərə tərcümə edilmişdir”. (s.26)

Sonra Cavad Heyət az əvvəl dünyasını dəyişmiş Səhəndi (Bulud Qərəçorlu) yada salaraq yazır ki, o, öz vətənində qərib kimi qalmış, amma Şimal Azərbaycanda və hətta Türkiyədə tanınmış şairlərdən biridir. Səhənd “Dədə Qorqud” dastanlarını bu günün azəri türkcəsilə şeirə çəkmiş, milli həmasələrimizi (epik əsərlərimizi) diriltmişdir. Onun “Sazımın sözü” adlı divanı ədəbi baxımdan dünyanın ən gözəl həmasələrilə (epos) ölçülə bilən və möhtəva nəzərindən (məzmunca) xalqımızın qəhrəmanlıqlarını və üstün səciyyələrini gözəl dillə bəyan edən millətnamə və ya elnaməmizdir.

Cavad Heyət Sahır Qutlu, Kərimi Mərağayi, Etimad Vəli Təbrizi və Doktor Caviddən, onların poeziyamıza və folklorumuza xidmətindən söz açır. Azərbaycan teatrının və musiqisinin tarixi zəngin ənənələrinə baxmayaraq, Pəhləvi şovinist rejiminin bunlara qadağa qoyduğunu, farslardan başqa xalqların təbii hüquqlarını, xüsusən öz ana dilində danışmaq, milli musiqisini səsləndirmək haqqından məhrum edildiyini qeyd edir.

Məqalədə Cavad Heyət ümidvar olduğunu bildirir ki, faşist və qəsbkar rejimin İslam inqilabı ilə ortadan qalxması ilə onun məfkurəsi və fərhəngi izləri də silinəcək, çünki böyük filosof Bertran Rassel demişkən, mədəni müstəmləkəçilik siyasi müstəmləkəçilikdən daha faciəli və təhlükəlidir və onu yox etmək siyasi müstəmləkəçiliyin məhvindən daha çətindir (s.26).

Burada Cavad Heyət Məhəmməd Əli Fərzanənin “Məbani dəstur zəban-e Azerbaycani (Azərbaycan dilinin qramatikasının əsasları) kitabının gənc həmvətənlərimizin bu dili yaxşı öyrənməsində əhəmiyyətli olacağını söyləyir.

Əlifba məsələsinə toxunan Cavad Heyət qeyd edir ki, bu gün türk xalqları 3 əlifbada yazır: “Latın, ərəb və slavyan. Ərəb əlifbası min ildən çox işlədilir. Latın əlifbası ilk dəfə Bakıda, sonra da Türkiyədə (1928) rəsmi qəbul edilmiş, fəqət Bakıda 1940-cı ildən sonra slavyan əlifbası Latın hərflərinin yerinə keçmişdir. Ərəb hərfləri 9 səsli hərfi olan türk dilinə kafi olmayıb bu nöqsanları aradan qaldırmaq üçün bəzi işarələrin artırılmasına ehtiyacı var. Bu xüsusda türkoloji alimi, dostum Həmid Nitqi “125 qaydalar” adında kitab yazmışdır. Ərəb hərfləri ilə azəri türkcəsini doğru və hər kəsin oxuya biləcəyi şəkildə yazmaq üçün bu qaydaları oxumax və əzbərləməx lazımdır” (s.27). Qeyd edək ki, məqalənin sonunda müəllif olaraq Cavad Heyət Təbrizi yazılıb.

Dərgidə bundan sonra E.Oxtayın fars dilində “Folklor və zərurəte tədvine an” (Folklor və onun qələmə alınmasının zəruriliyi) məqaləsi yer alıb. İlk cümlədən xalqın, ümumin mədəniyyəti və yaradıcılığı kimi təqdim edilən, aşıq yaradıcılığından və dastanlarımızdan söz açılan bu maraqlı məqalədə şifahi ədəbiyyatın toplanıb qələmə alınmasının böyük elmi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Müasir folklorşünas M.Ə.Fərzanənin topladığı bayatılar yığcam və dərin mənalı nümunələr kimi dəyərləndirilib. Ata sözləri, zərb-məsəllərdən maraqlı nümunələr gətirilib, folklor musiqisinin də toplanıb yazıya alınmasının gərəkdiyi tövsiyə edilib. Bəzi nümunələrə baxaq:

“Yer bərk olanda öküz öküzdən görər; Bir arxa bir yol su gəlsə, olur ki, bir də gələ; El gücü, sel gücü; Bulanmasa durulmaz; Ac qılınca çapar; Ölən öləcək, qalan görəcək” və s. (s.32)

Dərginin növbəti yazısı Ustad Şəhriyarın “Zaman səsi” şeirindən ibarətdir:

Cismim qocalsa da, hələ eşqim qocalmayıb,

Cingildəyir hələ qulağımda cəvan səsi…

İnsan qocalmış olsa, qulaxlar ağırlaşar,

Sanki yazıq qulaxda guruldar zaman səsi…

Bu şeirin ardınca Bəxtiyar Vahabzadənin məşhur “Ana dili” şeiri yer alıb.

…Bu dil tanıtmış bizə bu dünyada hər şeyi

Bu dil əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək,

Qoruyub, nəsillərə biz də hədiyyə verək!.. (s.35)

Qeyd etmək lazımdır ki, “Varlıq” dərgisinin ilk nömrəsi hazırlanan zaman böyük Azərbaycan şairi Səhənd dünyasını dəyişdi (Əsl adı və soyadı Bulud Qərəçorlu olan bu istedadlı şair ulu Səhənd dağının adını özünə təxəllüs seçmişdi. Bu seçimdə də yanılmamışdı, çünki poeziyasında o, özü bir Səhənd dağına çevrilmişdi, həm də bu möhtəşəm dağın simvolu olmuşdu – E.M.). Bu ağır itki təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün Azərbaycan xalqının itkisi idi. Bununla əlaqədar Gəncəli Səbahinin “Səhənd həmişəlik həyata göz yumdu” məqaləsi dərgidə yerləşdirildi. Məqalədə qeyd olunurdu ki, Səhənd öz yaradıcılığı, talant və istedadı ilə Azərbaycan ədəbiyyatına qiymətli və ölməz əsərlər verə bildi. Hünər və şeiri ilə parlaq bir ulduz kimi parladı. O, dərin görüşlü bir şair olaraq öz xalqının görən gözü, düşünən beyni və duyan qəlbi oldu. Vətəninin talan, xalqının əsarətdə, fəlakət və bədbəxtliklə yaşadığını, varlığının çeynəndiyini gördükcə alovlanıb şölə çəkərək “Azadlıq!” deyə bağırır, əsarət zəncirlərini çeynəyib parçalayır, kəskin qələmi ilə mübarizə yollarını işıqlandırırdı. O, yaxşı bilirdi ki, həyat və yaşamaq haqqına malik olmaq istəyən insan, gərək canından keçsin!

Kim deyir, ölməkdir canından keçmək!

Bu ölümdən doğur başqa bir həyat!

İnsan öz canından keçməsə demək,

Əbədi həyata çatarmı? Heyhat! (s.36)

– deyən bu ulu şairin “Dədə Qorqud” dastanlarından ilham alaraq ədəbiyyat aləminə “Sazımın sözü” kimi ölməz və dəyərli bir əsər yaratdığı” vurğulanır. Onu azadlıq aşiqi, xalqını azad həyata sahib, xoşbəxt görmək istəyən, qəlbi sevgi ilə dolu bir insan və şair kimi təsvir edən müəllif şeirlərindən də bir sıra nümunələr gətirir:

Mən tək özüm deyiləm,

Xəlqimin, ellərimin

Nəbzi mən ilə vurur.

Hər qəlbim çırpınarkən

Köksümdə bir ürək yox,

Milyon ürək çırpınır.

Mən o kəpənəyəm ki,

Dünyada həyat adlı,

Şöləyə vurulmuşam.

Yansam da bakim*  yoxdur

Əzəldən bu sevdada

Yanmağa doğulmuşam.

*bak – farsca qorxu deməkdir

Məqalədə qeyd olunur: “Əfsus ki, amansız ölüm Səhəndi azadlığın ilk baharında  bizdən apardı… Ancaq o, ölməyib! Alovlandırdığı şeir və hünər məşəli ilə özü üçün bir əbədiyyət yaradıb”.

Gəncəli Səbahi bu xatirə yazısında Səhəndin Şəhriyaya məktubundan bir neçə beyt təqdim edilir:

Dağları qoparaq, dərələr dolsun,

Köpüklü çayları calıyaq düzə.

Yaşarsın qurumuş kolların kökü,

Zəmilər göz göyə tikməsin bəlkə.

“Səhənd” də gül açsın, “Heydər baba” da

Üzərində çadır qursun Şəhriyar.

Baxaq çiçəklənən yurda şeir yazaq

Şair də bəxtiyar, şeir də bəxtiyar.

Sonda müəllif yazır ki, “arzuladığı azadlıq bağının barını dərmək” Səhəndə qismət olmadı. Bu, bizim üçün yaman bir nisgil, sağalmaz bir yara oldu. Qeyd edir ki, hələ on il bundan əvvəl (1970) azadlıq carçısı Səhənd gələcəkdən müjdə verərək yazmışdı:

Şairim! Sözümü qürbətə salma!

Qulaq as, dünyada gör bir nə səsdir.

Bağrıvı sıxmasın atılan toplar,

Qırılan zəncirdir, sınan qəfəsdir. (s.40)

Bu qəmli yazıdan sonra Səhəndin 18 bəhmən 1357-ci il tarixində (7 fevral 1979) Marağada yazdığı məşhur “İmama salam” (İmam Xomeyniyə – E.M.) şeiri yer almışdır. Səhənd bu şeiri Təbrizdə və Marağada şahlıq rejiminə qarşı aparılan mübarizənin fəalı olaraq keçirilən yığıncaqlarda oxumuş, inqilab rəhbərinin fədakar mübarizəsini dəstəkləmiş, iki böyük mərceyi-təğlidin – həzrət ayətullah uzma Xomeyni və həzrət ayətullah uzma Şəriətmədarinin xidmətlərini təqdir etmişdir. Onun çıxışı və adı çəkilən şeiri öz səsi ilə lentə alınmışdı. 90 sətirlik bu şeir yəqin ki, inqilabı və onun rəhbərini vəsf edən, eyni zamanda böyük ümid və arzu ilə İranda qələmə alınmış ilk şeirlərdəndir:

…Sənə “Ruhullah”adın verdi şəhid olmuş atan,

Nəfəs həqdəndi, həqiqətdə də”Ruhullah”san.

Ey qara qəlblərə aydın inam nuru saçan,

Sənə şayandı doğurdan da bu şövkət, bu məğam.

Ey yazıq kütlələrin rəhbəri, ey şanlı imam.

 

…Mən “Səhəndəm” əyilməz yada tufanlı başım,

El bilir haqlı döyüşlərdə keçib çoxlu yaşım.

Öyürəm mən səni ey dönməzim, ey cəbhədaşım,

Ey Əlinin xələf oğlu sənə minlərcə səlam,

Ey yazıq kütlələrin rəhbəri, ey şanlı imam.

Dərgidə həmin dövr üçün çox məşhur olan bu şeirdən sonra Səhəndin fars dilində “Səlam bər Təbriz” (Təbrizə salam) şeiri verilib. Sərbəst tərcümədə: Salam ey qaranlıq gecənin şərq ulduzu, tarixin zülmətlərinə işıq saçan, həmişə nur saçan günəş, dünya durduqca var olasan, salam ey üsyanlar şəhəri, salam qəhrəmanlar torpağı, salam ey  həvəs və çoşqunluq şəhəri…” – kimi misralar yer alan bu uzun şeir, əslində, doğma şəhər barəsində məhəbbət və sonsuz sevgi ilə yazılmış bir poemadır. Burada Təbrizin bütün şanlı qəhrəmanlıq tarixindən söz açılır, Babək torpağı, Zərdüşt vətəni, Xətai beşiyi kimi mədh edilən Təbrizin Səttarxan, Bağırxan, Xiyabani kimi qəhrəmanları yada salınır, “Aseman səd dastan” (yüz dastan səması) yazan Pərvin Etisami xatırlanır, Təbrizin bütləri qıran İbrahim yurdu, zəmanənin Um-Leylası, Azər şəhəri olduğu tərənnüm edilir.

(Ardı var)

https://525.az

Şərhlər bağlıdır.