Möhsün: Tehranın qorxusu

"Azərbaycan" qəzeti (ADF orqanı, Təbriz), No 72, 6 dekabr 1945

Dünən Tehran qəzetlərindən bəzisi təyyarə vasitəsilə şəhərimizə gəlib çatdı.
Onların yazdığına görə, Tehran xəbərsiz bir adam kimi özünü itirib əlini kola
kosa atır.
Bir qrup adamlar Tehrandan qaçırlar. Bunlar həmin tiplərdəndirlər ki,
məmləkətini indiyə qədər çapıb, talayıb və belə bir gündə baş götürüb ortadan
qaçırlar. Şəhrivər hadisəsində də bu əziz dürdanələr bugünkü kimi qaçıb yalnız
biçarə millətini hər cür həqarət və əziyyətlərə məruz qoydular. Elə ki, hadisə
qurtardı, yenə də qayıdıb qarətə başladılar. İndi də həmin “qəhrəmanlıq”larını
təkrar edirlər.
Qəzetlərin yazdığına görə qızıl və avtomobilin qiymətləri Tehranda çox yuxarı
gedib. Görünür, hamı qarət yolu ilə yiğdıqları sərvətlərini götürüb qaçmaq
fikrindədir. Dövlət isə özünü itirib, gah cənab İbtihacı işdən çıxarır, gah Seyid
Zyanın sürgün məsələsini ortaya atır, gah da qoşun sövq etməyə (çəkməyə –
red.) can atır. Qısası, nə iş görməyini özü də başa düşmür. Çarəsiz olduğunu
özü etiraf edir. Güya cənab Həkimi öz vəzifəsindən istefa vermək istəyir və
Məclis (Parlament – red.), anladığımıza görə, kolonel (polkovnik – red.)
Məhəmməd Tağı xanın və Mirzə Kuçek xanın qatili olan cənab Qəvami Baş
Nazir olmağa namizəd edibdir.
Xülasə, Azərbaycanın azadlıq hərəkatı bütün yatmışları yuxudan oyadıb.
Məxsusən Tehran bəngilərini (narkomanlarını – red.) bərk narahat edibdir. Bu
iztirabların yaranmasına mən yalnız onların özlərini məsul bilirəm. Çünki əgər
keçən il, o birisi il, hətta il-ay ondan qabaq cənablar qürur atından yerə enib
azərbaycanlıların haqq sözlərinə diqqət yetirsəydilər, iş bu yerə gəlib çatmazdı.
Əgər cənab Sədr millətin müqəddəs Məclisində rəsmən 5 milyonluq
azərbaycanlını təhqir etməsəydi, əgər cənab Baş Nazir jandarmların əlini açıb
yazıq Azərbaycan kənlilərini onların qılınclarının ağzına verməsəydi, əgər onlar
Məclisdə bir az da millət fikrində olsaydılar, əgər dövlət Seyid Ziyanın xain
təbliğatının qabağına sədd çəksəydi, son olaraq, əgər dövlət azərbaycanlıların
azadlığını əlindən almasaydı və … heç vaxt məsələ bu qədər yığılmazdı. Heyf,
cənablar gec yuxudan ayıldılar.
İndi onlar dünyanın hər tərəfinə qaça bilərlər. Amma yenə də millətin
qəzəbindən və intiqamından özlərini xilas edə bilməyəcəklər. Təbiət isə onları
cəzasız qoymayacaq. Eşitdiyimizə görə, cənab Sədr Tehrandan qaçmaq
istəyir. Cənab Mustofi də qorxuya düşüb qaçmaq tədarükünü görür. Onlar xalq
intiqamından qaçmaq istəyirlər. Onlar cəhd edirlər ki, özlərini dar ağacından
xilas edib, cinayətlərinin acı səmərəsini dadmasınlar. Amma bu işdən mənfəətli
çıxa bilməzlər. Çünki millət də onların arxasınca gələcəkdir. Heç bir güclü
şəxsiyyət özünü təbiətin intiqamından qoruya bilməz. Tehran Rza şahın
taleyindən ibrət almaq əvəzinə şəhrivər hadisəsindən sonra irtica qüvvələrini
gücləndirib, zülm və qarətdən geri çəkilmir. Meydanı boş görüb soymaqdan,
öldürməkdən, məzlum milləti vurmaqdan geri qalmayıb nəticədə millətin
qəzəbinə məruz qaldı. Bu bir hadisədir. Zülm həddini aşdıqda, intiqam
meydana çıxar.
İki ay bundan qabaq cənab Sədr bugünkü vəziyyəti heç fikrləşməmişdi. Ona
görə də xalqın barəsində əlindən gələni əsirgəməyib hər nə istədi, elədi. İndi
isə iki ay qabaqkı bu diktator millətin qorxusundan özünü itirib bilmir, nə etsin.
Sair diktatorlar, “mən əmr edirəm” deyən cənablar, qəşəng avtomobil
içərisində, ipək döşək üstündə oturub cırıq-vırıq millətə həqarətlə baxanlar
görəsən, Sədrin taleyindən ibrət almırlarmı?
Görəsən, böyük mizlər arxasında oturub, acizlərin göz yaşına diqqət etməyib,
minlərcə günahsız insanları zindanlar bucağında məhbus edib ailələrini məhv
edənlər həmin məzlum millətin intiqam gününü xatırlayırlarmı? Hərgiz, əbəda!
… Güc zirvəsində olanlar heç vaxt dəhşətli yoxsulluğu fikir etməzlər.
Əgər bu fikirdə olsaydılar, heç vaxt millətin işi bu yerə gəlib çatmazdı.
“Azərbaycan” qəzeti (ADF orqanı, Təbriz), No 72, 6 dekabr 1945
Təqdim etdi: Səməd Bayramzadə, dosent

Şərhlər bağlıdır.