Tarın tellərində köklənən ömür…

Bəhram Mansurovun anadan olmasından 114 il ötür

Misilsiz bədii dəyəri, böyük imkanları, düşünülmüş və kamil əlaqələndirilmiş
normaları olan muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna
məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq fəaliyyəti tələb edir. Muğam
ifaçılığının prinsipial əməli əhəmiyyətini dərk edib qiymətləndirmək üçün
respublikanın Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun sənəti olduqca
səciyyəvidir. Bu qüdrətli ustad musiqiçinin çalğısı böyük sələflərinin zəngin
yaradıcılıq təcrübəsini hifz edərək muğamı öz həqiqi ləyaqətində
səsləndirməyin kamil nümunəsidir…
Bu gün görkəmli tarzənin anadan olmasından 114 il ötür. Klassik Azərbaycan
muğamlarının qorunub saxlanmasında və təbliğində böyük xidmətləri olan
Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci ildə
İçərişəhərdə dünyaya göz açıb. İlk təhsilini mədrəsədə, sonra isə rus-tatar
məktəbində alıb.
Bəhram səkkiz yaşından arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı
olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə
Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan
Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti
oldu. 1931-ci ildə isə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə
xalq musiqi alətlərinin ilk notlu orkestrinə dəvət olunub. Bir müddət keçdikdən
sonra Maqomayevin təklifi ilə Bəhramı Radio Komitəsində birinci dərəcəli tar
ifaçısı kimi işə götürülüb.
İlk dəfə YUNESKO-da Azərbaycan muğamlarını təmsil edən musiqiçi məhz
Bəhram Mansurov olub. 1967-ci ildə Bakıya gələn bu nüfuzlu beynəlxalq
təşkilatın rəsmi nümayəndələri Alen Daniyelu və Jak Klark bir çox musiqiçilərin
ifasında Azərbaycan muğamlarını dinləmiş və yalnız Bəhram Mansurovun
çalğısını bəyənmişlər. O vaxtdan UNESCO-nun rəsmiləri Bəhram Mansurovla
sıx əməkdaşlıq etməyə başlayırlar. Bu təşkilatın xətti ilə Bəhramın ifasında 2
val buraxılır.
Bəstəkar Fikrət Əmirovla çox yaxın dost olublar. UNESCO-nun siyahısına
düşmə xəbərini də Bəhram müəllimə ilk dəfə Firkət Əmirov xəbər verib.
“O, olmasın, bu olsun” filmindəki toy səhnəsindəki tarzən rolunu Bəhram
Mansurov canlandırıb. Filmdə o, böyük muğam ustadı Xan Şuşinskini müşayiət
edib.
Deyilənə görə Bəhram Mansurovun adı sağlığında bir neçə dəfə fəxri ad
siyahısından çıxarılıb. Bu səbəbdən də bir neçə dəfə infarkt da keçirib. Oğlu,
bəstəkar Eldar Mansurov müsahibələrinin birində bu məsələyə toxunaraq deyir:
“Atam bu kimi məsələlərin fikrini çəkən adam olmayıb. Düzdür, xoşagəlməz hal
idi. Təsəvvür edin ki, 1956-cı ildə ona əməkdar artist, 1978-ci ildə, iyirimi iki
ildən sonra isə xalq artisti adı verilib. Atamın bütün tələbələri xalq artisti
olmuşdu, o isə yox. Yəni müəyyən adamlar vardı ki, onu vururdular, ad
almasına imkan vermirdilər. Adamlar vardı ki, atama doğurdan da yaxşılıq
etmək istəyirdilər, adların siyahısı açıqlanan gündən bir gün əvvəl zəng vurub
xəbər edirdilər ki, sabah adın siyahıda çıxacaq. Səhəri gün atam qəzeti alırdı,
görürdü ki, adı siyahıda yoxdur”.
Ölümündən iki həftə əvvəl həkimlər ona təcili əməliyyat təyin ediblər. Evindən
son dəfə çıxanda qayıdıb yarım saat tar çalıb. Sonra tarını divardan asaraq
deyib: “İllərin dostu, bir də səninlə iki həftədən sonra görüşəcəyik”. Lakin
Bəhram Mansurov əməliyyatdan sağ çıxsa da, sonradan vəziyyəti pisləşir və
1985-ci il mayın 14-də dünyasını dəyişir. Yasamal qəbiristanlığında dəfn
olunur.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2011-ci ildə Xalq artistinin
anadan olmasının 100 illiyi qeyd edilib. Sənətkarın oğlu, çağdaş dövrümüzün
tanınmış bəstəkarlarından olan Eldar Mansurov atasının 100 illiyinə ithaf etdiyi
“Mansurovlar” adlı kitabda nəslin 300 illik bir zaman kəsiyində keçdiyi yolu
ətraflı şəkildə təcəssüm etdirib.
Bu gün də unudulmaz sənətkarın yaratdığı ölməz sənət inciləri neçə-neçə gənc
tarzənin yetişməsinə təkan verir, yol göstərir. Hər dəfə ona qulaq asanda
nədənsə yada ölməz Şəhriyarın bu misraları düşür: “Tardan özgə qalmadı yari
vəfadarım mənim”. Tar sənətimiz, muğamlarımız yaşadıqca ölməz
sənətkarımız Bəhram Mansurov da xatırlanacaq…
Yeganə BAYRAMOVA

Şərhlər bağlıdır.