“Professor böyük müəllimdir”

Redaktor.az tarix üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Pərviz Kazimi ilə müsahibəni təqdim edir:

– Pərviz müəllim, may ayının 7-də sizin “Elmi müəssisələrin fəaliyyəti optimallaşdırılır” adlı məqaləniz yayınlandı. Məqalədə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025 tarixli “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı da təhlil edilir. Bu optimallaşdırma Azərbaycan elminin inkişafına nə kimi təsirlər edəcək?

– Qeyd etdiyiniz sərəncam Azərbaycanda elmin inkişafı ilə əlaqədar dövlət siyasətinin ifadəsidir. Düşünürəm ki,  əsas məqsəd elmi-tədqiqat müəssisələrinin ali təhsil infrastrukturuna yaxınlaşdırmaq və inteqrasiya etmət, qarşılıqlı stimullaşdırma və saglam rəqabətin gücləndirilməni həyata keçirməkdir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə dövlət Komissiyasının sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun imzası ilə 2025-ci il aprel ayının 10-da təsdiq olunmuş “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2025-ci il üzrə Yol Xəritəsi” də respublikada elmin və ali təhsilin yeni dövrün tələblərinə uygunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdəndir.

Bu proseslər elmi tədqiqatla məşgul olanları ali təhsilə inteqrasiya etmək, elmi nailliyyətlərin tətbiqini həyata keçirmək, elmi məhsulların kommersiyalaşdırılmasını təmin etmək, informasiya proseslərinin qiymətləndirilməsini müasir metrik üsullarla həyata keçirmək və dünyada baş verən elmi-informasiya proseslərinin aktiv iştirakçısı olmaq məqsədi daşıyır.

– Optimallaşdırma ilə reytinqlərin nə kimi əlaqəsi var?

– Məqalədən də göründüyü kimi optimallaşdırma elm və təhsil müəssisələrinin potensialının gücləndirilməsinə yonəldilib. Elmi potensialın gücləndirilməsi elm və təhsil  müəssisələrimizi rəqabət qabiliyyətli edir, səmərəliliyi artırır, onların beynəlxalq akademik platformalarda göstəricilərinin yüksəlməsini təmin edir, elmi müəssisələrin cazibədarlıgı artır, beynəlxalq əməkdaşlıga geniş imkanlar yaranır.

Azərbaycanda elmin inkişafı ilə məşgul olan paralel qurumlar hesab edir ki, bir alimin ugur qazanması üçün, yəni elmi ad və elmi dərəcə alması üçün indeksləşən məlumat bazalarında iki məqalə çap etdirmək və ya nüfuzlu bir nəşriyyatda bir manaqrafiya çap etdirmək kifayət edir. Bəs bundan sonra nə olmalıdr? Alim  Ali Atestasiya Komissiyasından şəhadətnaməsini aldıqdan sonra iftixarla “elmi” kənara qoyub qürurla dövlət qurumlarında, müxtəlif ticarət müəssisələrində işləməyə başlayır. Baxmayaraq ki, o vəzifələri əldə etmək üçün elmi ad və ya elmi dərəcəyə ehtiyac yoxdur.

AAK-ın mötəbəd hesab etdiyi nüfuzlu elmi jurnallarda çap olunan bir məqalənin qiymətinin 1500 dollar, nüfuzlu nəşriyyatlarda çap olunacaq monaqrafiyanın bir dənəsinin 10 min dollar oldugunu nəzərə alsaq hər bir kəs bunu edə bilər. Alim əməyinin bu şəkildə qiymətləndirilməsi narahat edicidir.   Alim olmaq üçün iki məqalə və ya bir monoqrafiya tələbi yanlışdır. Alim mütəmadi olaraq elmi fikrin istehsalı ilə məşğul olur. Bəzən üzərində illərlə işlədiyi elmi konsepsiya yanlış da ola bilir. Ancaq bu onun elmsizliyini göstərmir.

– Yeri gəlmişkən, plagiat haqqında da məlumat verin. Plagiat hansı hallarda müəyyənləşdirilir?

– Nəzərinizdə olsun ki, gündəlik həyatımızda çox sayda plagiat edirik. Oxuduğumuz, eşitdiyimiz müxtəlif zərb-misalları, hikmətli fikirləri, aforizmləri müəllifinə isnad vermədən həyatımızın hər anında gen-bol işlədirik. Elmdə isə  uzun müddət plagiat əleyhinə tədbirlər ənənvi olaraq akademik etika ilə tənzimlənib. Hal-hazırda elmi informasiya kütləsinin çoxluğu və müasir informasiya texnologiyalarının tətbiqi ilə mətnlərin uygunlüq dərəcəsini müəyyənləşdirmək mümkündür. Lakin antiplagiat tədbirləri, onun normalaşdırılması hüquqi prosesdir və qanunvericiliklə tənzimlənməlidir. Bu  meyarlar müəllif hüquqları komitəsi ilə də əlaqələndirilməlidir.

Hal-hazırda tətbiq olunan antiplagiat tədbirləri müəssisə və təşkilatların özfəaliyyətindən başqa bir şey deyil. Məsələn, antiplagiat tədbiri məqsədi ilə AAK 10 faizdən aşagı uygunluq dərəcəsi müəyyənləşdirib. Nə üçün 10 faiz, 25 faiz deyi? İzahı yoxdur. Ciddi akademik əsərlərdə 20-40 faiz uygunluq dərəcəsi əsərin ciddiyyətinə kölgə salmır. Bəzi hallarda elmi tədqiqat işinin 10 faizi ciddi elmi nailiyyəti ifadə edir və böyük uğur hesab edilir. Bu kimi tədqiqatların elmiliyini müəyyənləşdirəcək qurum elmi şuralardır, AAK deyil.

– Hesab edirsiz ki, plagiat qiymətləndirilməsi və ya elmi adların verilməsində sui-istifadə halları ola bilməz və buna nəzarət olunmamalıdır?

– Xeyir elə düşünmürəm. Sui-istifadə halları bütün formalarda mümkündür. Onu elmi şuralarda, müdafiə şuralarında və AAK-ın fəaliyyətində də görmək olar. Neqativ halların olmaması üçün prosesin şəffaf olması vacibdir. Sui-istifadə halları “bağlı qapı arxasında” olur. Qapıları “açıq” qoymaq lazımdır. 10-15 illik elmi fəaliyyətin qiymətləndirilməsi 2-3 məmur tərəfindən bağlı qapıların arxasında baş verirsə, deməli sui-istifadə də olacaq, neqativ hallar da, rüşvət də.

Bu gün Azərbaycanda real elmi-pedaqojı fəaliyyətlə məşgul olan professorların sayı “dekorativ professorların” sayından azdır. Onlar da 80-90 yaşındadırlar. Dövlət yeni universitetlər yaradır, müxtəlif elmi istiqamətlərdə yeni kafedralar açılır. Bu kafedraları yaratmaq üçün professor və dosentlər olmalıdır. Məktəb müəllimləri ilə universitet təhsili verilə bilməz.

– Ali Atestasiya Komissiyasının fəaliyyətindən söz düşmüşkən magistr disertasiyaları AAK-ın səlahiyyətlərinə nə vaxt veriləcək?

– AAK, hal-hazırda əsasən daha yüksək elmi dərəcələr və elmi adların verilməsi ilə məşğul olur. Mən də hesab edirəm ki, bir anlaşılmamazlıq var. Magistr təhsili elmi fəaliyyətin ilk pilləsidir. Dünya təcrübəsində də magistr elmi dərəcə hesab edilir. Düşünürəm ki, magistr disertasiyasının müdafiəsi ilə əlaqədar sənədlərin verilməsi AAK-ın vəzifəsi olmalıdır. Lakin hələ də bu işlə Elm və Təhsil Nazirliyi məşgul olur. Bu sualı nazirlik əməkdaşlarına versəniz daha ətraflı cavab ala bilərsiniz.

– Son zamanlarda elmi müəssisələr və ali təhsil ilə əlaqədar mediyada bir sıra çıxışlara rast gəlirik. Hansı fikirlər inkişafı ifadə edir, hansı fikirlər populistdir ayırd etmək olmur. Bu haqda nə deyə bilərsiz?

– Razıyan sizinlə, televiziyada aspirantura təhsili ilə əlaqədar danışarkən bir kimyaçı alim deyir ki, hər şey yaxşıdı, bir filoloq deyir ki, xeyr, vəziyyət “gülməlidir”… Neft-kimya sahəsində təhsil almış gənclərimizin bu sahədə akademik karyera qurmaq istəyi təbiidir. Azərbaycan neft-kimya sahəsində ənənələri olan ölkədir və gənclərimiz bu sahənin perespektivliyi haqqında məlumatlıdır. Filolojı sahələrdə elmi karyera daha mürəkkəb prosesdir. Artıq ərəb dilini bilməyən ərəb ədəbiyyatı mütəxəssisləri, latın dillərini bilməyən latın amerika ədəbiyyatı tədqiqatçılarını çox görürük. Eləcə də fars dilini bilməyən, lakin fars dilli tarixi əsərləri, əlyazmaları araşdıran tarixçilərimiz də çoxalıb. Bir sözlə elmin inkişafı üçün diferensial strategiyalar həyata keçirilməlidir. Eyni zamanda da elmi istiqamətlərin inteqrasiyası və multi distiplinar sahələrdə olan perespektivlər təbliğ olunmalıdır.

Populist yanaşmalardan bir nümunə də göstərim. Professor adını daşıyan bir məmur müsahibə zamanı iddia edir ki, “Şpringerdə” monoqrafiyası çıxmış alimlərə professor adı vermək olar… Araşdırmalar isə göstərir ki, o məmurun özünün belə bir manaqrafiyası yoxdur, lakin başqaları üçün bunun vacib olduğunu iddia edir. Bu halda aparıcı ondan soruşmur ki, Şpringer də, Skopus da və AAK-ın mötəbər hesab etdiyi indeksləşən məlumat bazaları özəl qurumlardır və bütün xidmətləri pulludur. Eyni zamanda pulsuz olan Türkiyənin çox qiymətli məlumat bazası “ULAKBİM” ilə əlaqələr və əməkdaşlıqlar haqqında heç  bir addım atılmır.

– Siz məqalənizdə yazırsınız ki, bu optimallaşdırmanın nəticəsində Gəncə, Sumqayıt və Naxçıvan universitetlərinin akademik potensialı artacaq. Bu özünü nə şəkildə göstərir? 

– Qeyd olunan universitetlərin 2023-cü ildən açıqlanan H indeksi reytinqi kifayət qədər yüksəkdir və son 2 ildə də dinamik inkişaf edir. İnkişafın dinamikasını qoruyub saxlamaq üçün akademik persanalın da inkişafı və  dayanıqlığı təmin olunmalıdır. Ali təhsil ilə əlaqədar qüvvədə olan qanunvericiliyə görə universitetlərdə dərs deyən müəllimlərin elmi dərəcələri olmalıdır. Konkret vəziyyətlər üçün elmi şuraların qərarı ilə perspektivli gənc mürəxəssislərə dərs demək icazəsi verilir. Əgər elmi dərəcəsi olan yoxdursa, perspektivli gənc tədqiqarçı da yoxdursa, o hallarda “istədikləri üçün”, və ya “istəmədən” məktəb müəllimi avtomatik universitet müəlliminə çevrilir. Etiraf edək ki, elmi dərəcəsi olan mütəxəssislərin təhsildə iştirakı təhsilin keyfiyyətini müəyyənləşdirir. Əksər hallarda bu belədir.

– Nazirlər Kabinetinin yol xəritəsini qeyd etdiniz. Beynəlxalq reytinqlərimizlə bağlı nə deyə bilərsiniz?

– 2017-ci ildən başlayaraq Azərbaycanın elmi müəssisələri və xüsusilə də ali məktəblərinin reytinqləri dinamik şəkildə artmaqdadır. 2023-cü ildən açıqlanmağa başlayan Azərbaycan milli H indeksi reytinqlərin sistemləşməsində əhəmiyyətli rol oynadı. Müxtəlif elmi istiqamətlərdə əldə etdiyimiz uğurlar, tanınmış alimlərimiz və onların İF (təsirlilik) meyarlarını bu cədvəllərin əsasında müəyyənləşdirmək mümkündür.

Tez-tez suallar verilir  ki, ən yaxşı universitetimiz hansıdır? Beynəlxalq reytinq cədvəllərinə əsasən cəsarətlə demək olar ki, mültidistiplinar universitetlərimiz sırasında Bakı Dövlət Universiteti ən irəlidə olan universitetdir. Həqiqətən də Bakı Dövlət Universiteti milli sərvətimizdir. Lakin sahəvi universitetlər sırasında Azərbaycan Dillər Universiteti beynəlxalq reytinqlərdə daim nüfuzlu yerlərdən birini tutur. İqtisadiyyat yönümlü universitetlər içərisində UNEC-in beynəlxalq reytinqi bir neçə ildir ki, yüksəkdir və inkişaf dinamikası görsənir. Mükəmməl qiymətləndirmə deyilən bir metodika yoxdur. Multidistiplinar universitetləri sahəvi universitetlərlə müqayisə etmək yanlışdır.

– Pərviz müəllim,  “dekorativ professorlar” dedikdə kimi və nəyi nəzərdə tutursunuz?

– Bu, iki cümlə ilə və ya yalnız sözlə ifadə olunacaq durum deyil.  Sənədlə, isnadla və əsaslandırılaraq göstərilməlidir. Psixolojı durumdur  və PR hadisəsi olaraq baxılmalıdır. Professor böyük müəllim deməkdir. Əgər o tədris prosesinin iştirakçısı deyilsə bəs onda necə professordur? Bu barədə ayrı bir zaman geniş müzakirə aça bilərik.

Aytəkin TOFİQQIZ

 

 

 

 

 

 

Şərhlər bağlıdır.