Min təəssüflər ki, yenə də qardaş Türkiyədə anti-Səfəvi fikirləri səslənir, türkün
böyük sərkərdəsi Əmir Teymur aşağılanır…
Nə qədər ağır olsa da, bu ürək üzən, can göynədən fikirlər siyasi dairələrə də
yol açıb: necə deyərlər qaş düzəltdiyimiz yerdə göz çıxarırıq!
Heç zaman unutmağa haqqımız yoxdur ki, Çubuqdərədə də, Çaldıranda da,
uzunsürən Ağqoyunlu-Osmanlı və Səfəvi-Osmanlı müharibələrinin hamısında
tökülən qanlar qardaş qanı idi, qan qardaşları bir-birini qırırdılar. Tarixin bu acı
həqiqətləri Türk dünyası üçün olduqca ağır ibrət dərsləridir…
Unutmayaq ki, Böyük coğrafi kəşflər zamanı Yer kürəsini, o cümlədən zəngin
Şərq ölkələrini öz aralarında bölüşdürməyə çalışan Avropa ölkələri
məqsədlərinə yetmək üçün böyük türk imperatorluqlarını bir-birinin əli ilə
vururdular. Həm Səfəvi, həm də Osmanlı sarayında fəaliyyət göstərən Qərb
diplomatları eyni işi görürdülər: durmadan şirin vədlərlə iki böyük türk
imperatorluğunu bir-biri ilə müharibə vəziyyətində saxlayırdılar. Bununla həm
Avropanı Osmanlı fəthlərindən qoruyur, həm də Şərqdə öz mövqelərini
möhkəmləndirirdilər…
Real tarixi həqiqət budur ki, Çaldıran döyüşü Türk-İslam dünyasının tarixi
faciəsi, Qərb diplomatiyasının strateji qələbəsi idi. Bu döyüş türkün ümumi
düşmənlərinin qələbəsi idi. Bizim üçün isə hər iki tərəfdən qardaş qırğını idi!
Türkiyəmizdəki tarixçi dostlarıma səslənməyi özümə borc bilirəm: gəlin, böyük
Azərbaycan-türk Səfəvi imperatorluğuna bir daha “İran dövləti” deməyək!
Gəlin, yeniyetmə ikən şah taxtına oturan, böyük bir imperiya quran və öz doğma
türk dilini həmin imperiyanın dövlət dilinə çevirən, hələ XVI yüzilliyin başlarında
ümumtürk poeziyasının nadir incilərini yaradan Şah İsmayıl Xətaini İrana
“bağışlamayaq”, “İranın şiə şairi” adlandırmayaq!
Gəlin, dünya tarixinin dahi sərkərdəsi Əmir Teymuru aşağılamayaq!
Gəlin, çökmüş Səfəvi imperiyasını yadellilərin əlindən alıb dirçəldən və daha
böyük Əfşar-türk imperiyası yaradan, Hindistan fatehi Nadir şahla qürur duyaq!
Gəlin, Türk-İslam dünyasının dahi şəxsiyyətlərini təhqiramiz surətdə aşağılayıb
İskəndərləri, Böyük Karlları, Napoleonları, Böyük Pyotrları o ki, var mədh
edənlərə bir ağızdan cavab verək: Bizim də Atillamız, Əmir Teymurumuz,
İldırım Bəyazidimiz, Fatih Sultan Mehmetimiz, Uzun Həsənimiz, Şah
İsmayılımız, Yavuz Sultan Səlimimiz, Sultan Süleymanımız, Şah Abbasımız,
Atatürkümüz, Heydər Əliyevimiz var!
Gəlin, Avrasiyanın hər bir guşəsində, var olduğumuz hər yerdə ümumi
dəyərlərimiz ətrafında sıx-sıx birləşək, ümumi dəyərlərimizi bölüşdürməyək!
Bir-birimizə daha möhkəm sarmaşaq! Bunu bacarsaq, gələcəyinə böyük
ümidlər bəslədiyimiz Türk Birliyi (Türk Dövlətləri Təşkilatı) yaşadığımız həssas
dönəmdən Zəfərlə çıxacaq! Və qüdrətli Türkiyə Cümhuriyyəti Avropa Birliyinin
qapıları ağzında bu birliyə daxil olmaq üçün onillərlə gözləməli olmayacaq!
Yaqub Mahmudov,
akademik
Şərhlər bağlıdır.