2025-ci il iyunun 13-də səhər saatlarında İsrailin İrana qəfil hücumu və İnqilab
Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərinin və İran nüvə alimlərinin
aradan qaldırılması yerli və xarici ekspertlərin fikrincə, İslam Respublikası
rejiminin ən yüksək məqamlarına sızmalar olmadan mümkün olmayacaqdı.
Həmin sızmalarla bağlı hücum edən tərəf fəxr və İslam Respublikası rəsmiləri
isə biabırçı şəkildə etiraf edirlər. Bütün bunlar əslində İslam Respublikasının
xalqla apardığı 47 illik müharibənin nəticəsidir ki, bu da rejimin bir çox sahədə,
o cümlədən informasiya çöküşünə səbəb olub.
Keçmiş informasiya naziri Əli Yunesi dörd il əvvəl “Camaran” saytına
müsahibəsində demişdi:
“60-cı illərdə nüfuz etmə fərqli idi, çünki ailələr bir-biri ilə vuruşurdular və onların
bir-birinə nüfuz etməsi normal idi. Vətəndaş müharibəsi gedirdi və ona sızmaq
asan idi, lakin təxminən 10, 15 və ya 20 illik döyüşlərdən sonra ölkə terrorçu
qrupların bütün nüfuz və təsirlərindən təmizləndi. Lakin kəşfiyyat xidmətlərinin,
xüsusən də İsrailin təsir dairəsi, nüfuzu nəzərə alınmadı. Təəssüf ki, son 10 ildə
MOSSAD-ın ölkənin müxtəlif bölgələrində təsiri o həddə çatıb ki, İslam
Respublikasında bütün məmurların öz həyatları üçün qorxmağa əsasları vardır.
Təəssüflər olsun ki, təhlükəsizlik və kəşfiyyat təşkilatları onları müəyyən etmək
əvəzinə içəridəkilərin canına düşüblər.
İslam Şura Məclisinin (parlamentin) Araşdırma Mərkəzinin keçmiş rəhbəri və
Tehranın hazırkı meri Əlirza Zəkani də “casusların ətrafda dolaşdığını” və bu
vəziyyətin narahatlıq doğurduğunu bildirib.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad da iki il əvvəl verdiyi video
müsahibəsində “Kəşfiyyat Nazirliyində İsrail casuslarına qarşı mübarizəyə
cavabdeh olan ən yüksək vəzifəli şəxs özü İsrail casusu idi” demişdi.
Ali Rəhbərin Məşvərət Şurasının katibi Möhsün Rzaei də oxşar xəbərdarlıq
edərək, demişdi: “Ölkədə geniş yayılmış təhlükəsizlik çirklənməsi aşkar edilib”.
Daha sonra bu fikrinə əlavə edərək bildirmişdi: “Dünyada təhlükəsizlik
sistemləri adətən hər 10 və ya 20 ildən bir “bütün sistemi təmizləyir”, lakin biz
bunu çoxdan etmirik. Bəlkə də 30 il keçib və bu təhlükəsizlik təmizlənməsi baş
tutmayıb.”
Bütün bu ifşaedici bəyanatlara və tənqidlərə baxmayaraq, fəaliyyətləri
sorğulanan kəşfiyyat və təhlükəsizlik məmurları (xüsusilə SEPAH kəşfiyyatının
qorunmasında məsul olan şəxslər) öz vəzifələrində qaldılar. Onlar bazar
gününə, İyunun 15-ə – İran İslam İnqilabı Keşikçiləri Korpusu Kəşfiyyatının
rəhbəri Məhəmməd Kazemi, təşkilatın rəis müavini Məhəmməd Həsən
Mühəqqiq və “Qüds” qüvvələri Kəşfiyyatının rəhbəri Möhsün Baqerinin İsrailin
hava hücumu nəticəsində öldürülənə qədər – tənqidçiləri, siyasi və mülki fəalları
sıxışdırmağa davam ediblər.
Yunesi İsrailin nüfuz və təsirini son on illə məhdudlaşdırır. Amma Əli Yunesinin
bu fikrinin əksinə olaraq, İslam Respublikasının təsisatlarında xarici kəşfiyyatın
təsirui təkcə son on-on beş il ərzində baş verməmişdi, bəlkə də İslam
Respublikasının təsisatlarında onun təsiri bu respublikanın formalaşmasının
lap əvvəl günündən başlamış və indi xərçəng xəstəliyi kimi geniş yayılmış və
ictimailəşmişdir. Xarici ölkələrin İslam Respublikası qurumlarında kəşfiyyat
təsiri İran İnqilabının islamlaşmasından başlayır və Kəşfiyyat Nazirliyinin
formalaşması ilə xarici təsir struktur xarakter alır. Həssas mərkəzlərə edilən sui
qəsdlərin və hücumların əksəriyyəti yerli casuslar tərəfindən həyata keçirilib.
İddia olunur ki, İslam Respublikasına təsir imkanlarının asanlığı səbəbindən
ABŞ, İngiltərə, İsrail və Rusiya kimi dövlətlər İranda öz müstəqil kəşfiyyat
şəbəkələrini formalaşdırmışlar.
İnqilab ərəfəsində xalqın SAVAK-a bəslədiyi nifrət ucbatından şah SAVAK-ın
buraxıldığını elan etmək və onun rəhbəri, on üç il SAVAK-ın rəhbəri olmuş
general Nemətullah Nəsirini həbs etmək məcburiyyətində qaldı. Amma əslində
10 SAVAK Müdirliyindən yalnız həbslər, sorğu-suallar və işgəncələr həyata
keçirən Üçüncü İdarə ləğv olundu. SAVAK-n qalan 9 baş idarələri isə 1978-ci
ilin fevral ayına qədər tam olaraq fəaliyyətlərini davam etdirdilər, inqilabdan
sonra üzlərini dəyişərək İslamçı oldular və İslam Respublikasının xidmətinə
girdilər.
Şahın getməsi ilə SAVAK-ın ümumi idarələrinin rəhbərləri hamısı İranda
qaldılar. Hətta SAVAK-ın rəis müavini general-leytenant Ələvi də İslamı qəbul
etdi. SAVAK rəislərinin islamçı və inqilabçı mahiyyəti onların şəxsi qərarı
deyildi, daha doğrusu, bu, çox güman ki, ana kəşfiyyat xidmətlərinin hazırladığı
siyasət idi və təbii olaraq, əsas planlaşdırıcılar yetişdirdikləri kadrları asanlıqla
itirmək istəmirdilər.
SAVAK (Milli Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı) 1956-cı ildə yaradılıb, onun
qorxulu qurucusu Teymur Bəxtiyar özü sonda SAVAK qurbanı olub. İşdən
çıxarılaraq Avropaya sürgün edildikdən sonra İraqa sığınmış Teymur Bəxtiyar
1960-cı ildə SAVAK-n təhlükəsizlik üzvü tərəfindən öldürülmüşdür.
İnqilabdan bir neçə gün sonra Xomeyni hökumətinin Baş naziri Mehdi Bazarqan
ölkənin təhlükəsizlik təşkilatına ehtiyacı olduğunu və əli qana bulaşmayanların
öz işlərinə qayıtmalarını söylədi. Xomeyni də deyirdi ki, “Hər bir fərdin hazırkı
vəziyyəti onun mizan-tərəzisidir”, yəni kiminsə keçmişdə SAVAK və ya inqilabçı
olmasının fərqi yoxdur; önəmli olan onların indi İslam Respublikasının
müdafiəçisi, yoxsa ona müxalif olmasıdır. Beləliklə, Xomeyninin islam hökuməti
ədalət və azadlıq axtaran qüvvələri aradan qaldırmaq üçün SAVAK-çıların
təcrübəsindən istifadə etmək üçün onları öz işlərinə qayıtdılar. SAVAK yenidən
quruldu, İranın Milli Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı olan “Savama”, daha
sonra isə ölkənin Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi olan “Vavak” adı ilə
yenidən fəaliyyətə başladı.
SAVAK-ın 8-ci idarəsinin rəisi “Raja News” saytına müsahibəsində Mustafa
Çəmranın necə şəxsən SAVAK-ın rəis müavini general-leytenant Ələvini
çağırıb onun üçün yeni təşkilat planı yazaraq işə başlaması barədə əmr
verməsini bildirir. Ələvi də bütün ümumi şöbələrin vəzifələrini təfərrüatlandıran
tam bir qrafik yazır və işə başlayır. “Savama”nın 8-ci İdarəsinin ilk işi Xalq
Mücahidləri Təşkilatının rəhbər kadrlarından olan Məhəmməd Rza Səadətini
həbs etmək idi. 8-ci şöbənin (Əks-casusluq şöbəsi) rəyi ilə Səadəti Tehrandakı
Sovet səfirliyinin əməkdaşı ilə görüşərkən həbs edilmiş və Mustafa Çəmran
onun dindirilməsində şəxsən iştirak etmişdir.
Şahın süqutunun səbəblərindən birinin siyasi partiyaları, qeyri-hökumət
təşkilatlarını, vətəndaş cəmiyyətini amansızcasına məhv edən, azadlıq
döyüşçülərinə ən ağrılı işgəncələr verən və şah diktaturasının əsl simvolu olan
SAVAK-ın zorakılığına qarşı xalqın nifrətinin olduğunu söyləmək mübaliğə
olmazdı. SAVAK agentlərinin öz işlərinə qayıtması, təlim keçmiş və xarici dilləri
mükəmməl bilən SAVAK-ın 2-ci və 8-ci Baş İdarələrinin agentlərinin hamısının
toxunulmaz qalması ilə İslam Respublikasının Kəşfiyyat Nazirliyi xarici kəşfiyyat
təşkilatlarının casuslarının sığınacağına çevrildi, çünki həmin təlim keçmiş
agentlər 22 il ərzində dini fikirlərini deyil, xarici görünüşlərini islamlaşdırmışdılar.
Təbii ki, həmin ilk agentlər indi ya ölüblər, ya da yarım əsrdən sonra təqaüdə
çıxıblar. Lakin son hadisələr göstərir ki, onlar vəzifələrini tərk etməzdən əvvəl
həssas təhlükəsizlik bölgələrinə təzə və təcrübəli qüvvələr yerləşdiriblər. İndi
isə Kəşfiyyat idarəsinin direktor müavini və İrandakı İsrail masasının rəhbərinin
İsrail agenti olduğu üzə çıxır.
İnqilabdan sonra, zahirən, dövlət idarələri Savakçılardan təmizləndi. Təbrizdə
isə təmizləməni “Mübariz Müsəlmanlar Hərəkatı” tərəfdarları həyata keçirdilər.
Tehranın “Qəsri Qacar” zindanında məhbus olduğum vaxtdan məni tanıyan
hərəkat üzvlərindən biri deyirdi ki, “Təbriz İnformasiya və Turizm İdarəsində
(indiki İslami İrşad İdarəsi) SAVAK üzvlərinin təmizlənməsi zamanı həmin
idarənin əməkdaşları arasında heç bir SAVAK üzvü tapılmadı və bu da çox
təəccüblü idi. Bu səbəbdən Təbrizin SAVAK dosyesinə müraciət etdik və
məlum oldu ki, İnformasiya və Turizm Departamenti SAVAK-ın özünün törəmə
qurumudur. Yəni həmin ofisdəki işçilərin siyahısında qeyri-Savakçı bir şəxs yox
idi, hamısı SAVAK üzvü idi.”
Nəhayət, bir sıra yararsız xəbərçilər SAVAK kimi idarələrdən təmizləndilər,
lakin əsas SAVAK təşkilatları, o cümlədən kəşfiyyat məlumatlarının
toplanmasına cavabdeh olan 2-ci Şöbə və əks-kəşfiyyata cavabdeh olan 8-ci
Şöbə nəinki toxunulmaz qaldı, həm də gücləndirildi və hər bir məmurun yanında
bir Hizbullah kursantı yerləşdirildi.
1980-cı ilə qədər SAVAK şah dövrünün strukturu ilə fəaliyyətini davam etdirdi,
1980-cı ildən sonra isə SAVAK-ın İslam müdafiəçiləri Baş Nazirlikdə Kəşfiyyat
və Tədqiqat Şöbəsini yaradıb inqilabın ilk onilliyinin ən qanlı illərini yaratdılar,
halbuki indi onların hamısı islahatçı olub.
SAVAK yaranana qədər ölkənin təhlükəsizlik məsələləri ordunun 2-ci
korpusunun nəzarətində idi. Lakin Tudə Partiyasının hərbi təşkilatının kəşfi ilə
1957-ci ilin martında amerikalılar tərəfindən şah hakimiyyətini qorumaq üçün
İranda qanuni olaraq SAVAK yaradıldı və onun əsas vəzifəsi İranda
kommunizm və sovet təsirinə qarşı mübarizə olaraq təyin olundu. Milli Kəşfiyyat
və Təhlükəsizlik Təşkilatının Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Amerika
modelinə əsaslanması və yalnız kəşfiyyat məsələləri ilə məşğul olması, yoxsa
İsrailin Mossad modelini seçib kəşfiyyat və əməliyyat işlərini eyni vaxtda həyata
keçirməsi ilə bağlı o zaman təhlükəsizlik rəsmiləri arasında müzakirələr gedirdi.
Nəhayət, Mossad modeli qəbul edildi və SAVAK departamentlərinin ilk
rəhbərlərinin əksəriyyəti təlim keçmək üçün İsrailə göndərildi. Qayıdandan
sonra onlar İranda Mossad kimi bir təşkilat qurdular, şahın süqutuna qədər onu
idarə və inkişaf etdirdilər. O cümlədən SAVAK-ın tərkibində müstəqil gizli
təşkilatlar yaratdılar. Şah Müfəttişlərinin hesabatlarından birində deyilir: Ölkənin
cənubunda yerləşən SAVAK rəhbəri ayrıca kəşfiyyat şəbəkəsi yaradıb və öz
fəaliyyətini mərkəzə bildirmir!
Kəşfiyyat Nazirliyindəki sızma SAVAK-a və onun Amerika-İsrail köklərinə gedib
çıxırsa, İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat təşkilatındakı sızma da
onun ideoloji quruluşu ilə bağlıdır. İnqilab Mühafizəçilərinin (SEPAH-ın) ilkin
qüvvələri ümumiyyətlə proletariatdan ibarət olan İnqilab Komitələrinin
üzvlərindən – həm amerikalılara, həm də İnqilab Keşikçilərinə işləyən ABŞ
səfirliyində yerləşən komitənin rəhbəri Maşallah Qəssab kimi tanınan Maşallah
Kaşani və ya Tehranın Barforuşan meydanındakı “lat”lardan (azğın) və İnqilab
Keşikçiləri Korpusunun ilk rəhbəri olmuş Möhsün Rəfiqdust kimi insanlardan
təşkil olunurdu. Komitənin digər üzvləri böyük şəhərlərin kənarlarından,
ümumiyyətlə kənd mənşəli idilər. Onların əksəriyyəti üçün ortaq məxrəc onların
siyasi olmaması və şəxsi maraqlardan çıxış edərək yeni hökuməti
dəstəkləmələri idi.
Zaman keçdikcə SEPAH-ın ideoloji könüllülərinin əksəriyyəti İran-İraq
müharibəsində öldürüldü. Amma İran-İraq müharibəsindən sonra iddia
olunduğu kimi ideoloji ordu yaratmaq üçün Hizbullah üzvlərindən SEPAH-a cəlb
olunma davam etdi. Xomeyni işə qəbulla bağlı müsahibəsində “Əvvəlcə
öhdəlik, sonra ixtisas” dediyi üçün ərizəçiyə sadə dini suallar verilir və ərizəçinin
yaşadığı məhəllə məscidində onun keçmiş fəaliyyəti soruşulurdu. Bu yolla,
kiminsə Hizbullah görünüşü yaratması və SEPAH-da işə qəbul olunmaq üçün
bir neçə səhər yerli məscidə getməsi kifayət edirdi.
Aydındır ki, xarici kəşfiyyat orqanları üçün öz istədikləri şəxsləri ideoloji korpusa
sızdırmaq çox asan iş idi. Yerli mollanın arxasında namaz qılmaq, ekstremist
şüarlar səsləndirmək, cihad və şəhadət təbliğatı aparmaq içəri girən casuslar
üçün problem deyildi. Bu gün SEPAH-ın Kəşfiyyat Təşkilatı ən
korrupsiyalaşmış və sızıntılarla dolu təhlükəsizlik qurumlarından birinə çevrilib
və hakimiyyət mübarizəsi onu daxildən məhv edir. Yaşıllar Hərəkatdan sonra
on üç il təşkilata rəhbərlik edən İnqilab Keşikçiləri Kəşfiyyat Təşkilatının başçısı
qaniçən Hüseyn Taeb, tabeliyində olanlar qarşısında çıxışı zamanı demişdi ki,
“Sistem indi xaricdən deyil, daxildən təhdid olunur”. Bununla da o, İran millətini
İslam Respublikası rejiminin düşməni hesab etmiş və onunla mübarizə
aparılmalı olduğunu bildirmişdir.
Casus təşkilatların İslam Respublikasının qurumlarına sızmaq cəhdləri ilə
yanaşı, ölkə daxilində və xalq arasında xarici ölkələrlə könüllü əməkdaşlıq
etmək üçün çoxsaylı daxili səbəblər də var, o cümlədən: – Yüz minlərlə iranlı İslam Respublikasından qisas almağa təşnədir. Çünki 300
minə yaxın iranlı ailənin hər birinin bir və ya bir neçə ailə üzvlərinin İslam
Respublikası tərəfindən öldürülməsi ilə bağlı qanlı xatirələri var. Onlar könüllü
olaraq İslam Respublikasına zərər vurmaq üçün xarici casus təşkilatları ilə
əməkdaşlıq edib məlumat verirlər və hətta bu əməli millətini molla zülmündən
qurtarmaq üçün etdiyi xidmət hesab edirlər. Bu insanlar anonim və ya naməlum
deyillər. – Əhalinin 60 faizini yoxsulluq həddinin altına salan İslam Respublikasının
siyasətlərinin yaratdığı acınacaqlı vəziyyət informasiyanın minimal pul
müqabilində satışına zəmin yaratdı. Cəmiyyətin aşağı təbəqələri dolanışığını
təmin etmək üçün özlərinin böyrək, göz kimi bədən üzvlərini satmağa məcbur
oldular. Bu şəxslər özlərini və uşaqlarını doyurmaq üçün əcnəbilər üçün
məlumat toplamağa məcbur olurlar. Casusluq ittihamı ilə həbs edilən və edam
edilən sərhəd kəndlilərindən bəziləri İran cəmiyyətinin ən kasıb şəxsləri
sırasındadır. – Ölkənin çoxsaylı kəşfiyyat orqanları arasında rəqabət və böyük maliyyə
resurslarına çıxış əldə etmək, ölkənin siyasətini və iqtisadiyyatını nəzarətdə
saxlamaq, rəqibləri sıradan çıxarmaq kəşfiyyat orqanlarının bir-birinə qarşı
çevrilməsinə və onların köməyindən istifadə etmək üçün əcnəbilərə üz
tutmasına səbəb olur. Yerli mətbuatda da gördüyümüz kimi, hər bir fraksiya
digərini casusluqda, xarici düşmənlərlə əməkdaşlıqda ittiham edir. – İranda 16 müstəqil kəşfiyyat təşkilatı və qurumu vardır. Kəşfiyyat Nazirliyi ilə
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı arasında həyata
keçirilən parallel işdlərdən başqa, digər kəşfiyyat qurumları da öz yolları ilə
gedir, şəxsi və ya qrup maraqlarını təmin etmək üçün bir-birlərinə və xalqa qarşı
tələlər qururlar. Giriş-çıxışı dəqiq məlum olmayan bu kəşfiyyat qurumlarının hər
biri böyük büdcəli bir mollanın nəzarəti altında fəaliyyət göstərirlər. Onlar xarici
təsirlə mübarizə aparmaq əvəzinə, onlar üçün zəmin yaradırlar və bütün
imkanlarını isə cəmiyyətə nəzarət etmək, qadınları hicaba girməyə məcbur
etmək, insanların normal həyat sürməsinə mane olmaq üçün sərf edirlər. Bu
kəşfiyyat qurumları və onları təqib edənlərin əsas vəzifələri milli maraqları
qorumaq olduğu halda bütün enerjilərini ideoloji qayğılara və xalqı sıxışdırmağa
sərf edir və bunun müqabilində İslam Respublikasının ölkə daxilindən zərər
görməsinin qarşısını aldıqlarını iddia edirlər. – Ölkənin beynini sürgünə göndərən və müxaliflərə qarşı dözümsüzlük nümayiş
etdirən İslam Respublikası səkkiz milyona yaxın insanın, İran əhalisinin onda
bir hissəsinin xaricə sığınmasına səbəb olub. “İran Hizbullahındır, bəyənməyən
getsin” siyasəti ölkə işlərinin siyasi cırtdanların əlinə keçməsinə səbəb olub,
xaricdəki səkkiz milyon iranlı İslam Respublikasına müxalif olan ölkələr üçün
sonsuz informasiya mənbəyinə çevrilib, əsas media orqanı da İrandan kənarda
yaranıb. Bu milyonluq, savadlı və dünyəvi qüvvə güzəranını təmin etmək üçün
xarici ölkələrdə işləyir, bəziləri isə İslam Respublikasından məhrum olduqlarının
qisasını almaq üçün könüllü olaraq xarici dövlətlərlə əməkdaşlıq edirlər.
Belə nəticəyə gəlmək olar ki, İslam Respublikasında kəşfiyyat və təhlükəsizliyin
təməl daşı əvvəldən əyri qoyulub. Ona görə də kəşfiyyat və təhlükəsizlik
sistemində heç bir milli maraqlar yox idi və söhbət nə olursa olsun, həyata
keçməmiş ideoloji arzulardan və nəyin bahasına olursa olsun İslam rejimini
qorumaqdan gedirdi. Görünür, nə qədər ki, bu ideoloji rejim hakimiyyətdədir,
yad təsirlə mübarizə imkanları olmayacaq.
Mənbə:İran-emrooz.net
Təqdim etdi: Səməd Bayramzadə
Şərhlər bağlıdır.