Müasir İranın milli mənzərəsi və milli qüvvələr

İranda milli şuur, millətçilik ideyaları haqqında düşünərkən, onların müasir
dünyanın çox-çox xalqlarının keçdiyi təkamül yolundan fərqli bir inkişaf
keçdiyini görürük. Uzun tarixi mərhələdə “dini millət” ideyası İranda kök salıb və
bir çox xalqların həyatında iz buraxıb.
Fevral inqilabından az bir müddət sonra İran-İraq müharibəsi başlandı ki, bu
müharibəyə kütləvi şəkildə gənclərin səfərbər olunması lazım idi. Bu zaman
Xomeyni gənclərlə görüşdı onlara taxtadan kiçik açarlar təqdim edərək “bu,
behiştin açarıdır, ölərsənsə behiştə gedəcəksən” deyirdi və bu da işə yarayırdı.
Belə bir mənzərənin mümkünlüyü Xomeyni və təzə yaranmış İslam
respublikasının xidmətləri deyildi. Ölkə əhalisini kütləvi cəhalətdə saxlayan
mənfur pəhləvi rejimi idi.
İndi bu üsullar işə yaramayacaq. İranda yeni, internet nəsli yaranıb və onları
qapalı qapılar arxasında saxlamaq, onlara behiştin açarını vermək və ya
“cəmkərandan məktub” vermək artıq fayda verməz.
Bu mərhələdə İranın ən passionar gəncliyi Azərbaycan Türk gəncləridir. Bu
gənclərin qarşısında Türkiyə və Azərbaycan dövlət modelləri mövcuddur və
onların əksəriyyəti milli dəyərlərə bağlı gənclərdirlər.
İranda millətçiliyin qabarıq ifadə formalarından ən əsas olanı dil problemidir.
Tehran küçələrində danışılan fars dili Qacarlar zamanında formalaşmış bir dil
olaraq İranın hal-hazırda siyasi dövlət dilinin əsasını müəyyənləşdirir. Bu fars
dilində çox sayda türk və ərəb sözləri mövcuddur.
İranın siyasi elatası rəsmi kürsülərdə çıxış edən bir şirazlıya həsədlə qulaq
asaraq “mən də beləcə fars dilində danışmaq istərdim…” xəyallarına dalırlar.
Çünki, hələ də rəsmi kürsülərdən çıxış edənlərin ləhcəsində türk, kürd, bəluc
və ya xorasanlı olması çox zamanlar açıq-açığına hiss olunur. Ən yaxşı halda
danışanın tehranlı oldugu məlun olur ki, bu da rəsmi dil norması olaraq qəbul
edilir.
Farsların əsas dil mədəniyyəti daşıyıcıları şirazlılardır. İsfahan, Yəzd və lorların,
dil mərkəzinə yaxın olan əyalətlərində danışıq bir qədər əsas mədəni dil
daşıyıcılarından fərqlənir. Burada istifadə olunan kəlmələrlə yanaşı pafos və
ifadəlilik də rol oynayır. Məsələn tehranlılar “təşəkkür” deyər, şirazlılar
“sepəsqozarəm” deyər. Dogrudur ki, son on ildə fars millətçiləri klassık fars
sözlərini kütləvi dövriyyəyə salmaq istəsələr də geniş dəstək ala bilmirlər. Eləcə
də, İran dil qrupuna mənsub digər xalqlar da bu prosesdə iştirak etmirlər. Belə
ki, bəxtiyarilər, giləklər, mazilər və bir çox İran dilli xalqlar vahid fars dili kultuna
inteqrasiya olunmurlar, çünki, fars dilli elita onları özlərinə bərabər hesab etmir.
Şiraz ətrafı regionlarda özünü iranlı olaraq təqdim edən, əsasən müsəlman kimi
tanınan farslar gizli zərdüşt təəssübkeşləridirlər ki, onlar da səslərini çıxara
bilmirlər. Bəzən Kruuşdan, Daryuşdan danışmaq istədikdə ağızlarından vurub
geri qaytarırlar. İranın Amerikada yaşayan və özünü “cavid şah” elan edən Pza
Pəhləvi hal-hazırda fars dili təmizliyinin ən böyük təbliğatçısıdır. Fars
olmadığına baxmayaraq farslardan daha artıq canfəşanlıq edir, bu mövzunu
özünün proqramına çevirib və İranda yenidən şah olmağa çalışır.
İranda, bu gün də dominant və multikultural dil yalnız türk dilidir. Güney
azərbaycanlılarla yanaşı İranda Xorasan türkləri, qaşqailər, əfşarlar,
türkmənlər, şəhriyarilər və İranın cənubunda yaşayan, müxtəlif toponimlərlə
adlandırılan türkdillilər heç zaman qarşıdurma və düşmənçilik etməyiblər. İranın
bütün türkdilli qrupları üçün Təbriz doğma şəhərdir və Azərbaycan ata
yurdudur. Məsələn, şəhriyarilər Tehranın cənubunda yaşasalar da onların
dillərini rahat anlamaq olmur. Lakin, bu zaman çox səliqə ilə Tehran fascasına
keçərək qarşılıqlı ehtiramı qoruyurlar. Yeri gəlmişkən qeyd edək ki,
Şəhriyarilərin ləhcəsi Dərbənd azərbaycanlılarının ləhcəsinə çox yaxındır.
Belə olduğu halda problemə çevrilən mövzu nədir və Azərbaycan türkcəsinin
dominantlığına mane olan səbəblər haradan qaynaqlanır?
Əvvəla, qeyd etdiyimiz kimi Qacarlardan qalmış və özünü tehranlı kimi təqdim
edən bir qrup “pedəri bozorge mən tork bude” (mənim babam türk olub) deyərək
irançılıq ideyalarını yayan marginallardır. İkincisi, təxminən say etibarı ilə elə bu
qədər də pəhləvilər nəslindən olan və ya pəhləvilər zamanı dövlət qurumlarında
“xoş günlər görmüş” vəzifəli şəxslərin övladlarıdır. Üçüncüsü, din xadimləridir
və onlara ərəb dilini bilməklə yanaşı İran cografiyasında olan təsir dairəsində
vahid kommunikasiya dili lazımdır və buna görə də irançılıq ideyalarının aktiv
təbligatçılarıdırlar. Dördüncü qrup İranın ucqarlarından gələrək müxtəlif yollarla
İran İslam Respublikasının müxtəlif qurumlarında özlərinə yer tutmuş, özlərinin
uşaqlıq və gənclik illərində yaşadıqları komplekslərdən qurtararaq yeni həyatını
irançılıqla ifadə edənlərdir. Bu qrup, həyatı boyu tehranlı olmaq arzusunda olub
və nəhayət arzusuna çatanlardırlar. Bu qrupa məxsus bir kürd əsilli tehranlı
Kürdüstandan gələn böyük qardaşını qarşılamaq üçün avtovağzala oğlunu
göndərir və qardaşının kürd milli paltarında gələcəyini bildiyində sakitcə
oğlunun qulağına deyir: “Əmini apar evə, paltarını dəyişdirsin, sonra çıxın adam
içinə”.
Qeyd olunan qruplar İran cəmiyyətində əhalinin təxminən beş faizini təşkil edir.
Faiz olaraq az olsalar da bu qruplar cəmiyyətdə nüfuzu, yüksək mövqeyi olan,
sərvətli, mülkiyyətli və təsir imkanları olan kateqoriyadır. Bu qrupun
nümayəndələri qarışıqlıq vəziyyətində qaçmağa, sərvətləri üçün daha sakit
məkanlarda məskunlaşmağa təmaüllüdürlər.
İranın böyük milli hərəkat potensialı yenə də, həmişəki kimi azərbaycanlılardır.
Onlarla yanaşı, Kürdüstanda, Xuzustanda, Bəlucistanda da ciddi milli oyanış
özünü göstərməkdədir.
İranın milli regionlarının iqtisadi potensialı zəif olduğundan demək olar ki, bütün
əyalətlər mərkəzdən asılı vəziyyətdədirlər və bu da mərkəzə bağlılıq şəraiti
yaradır, milli qruplaşmaların genişlənməsinə ciddi mane törədir. İqtisadiyyat 45
ildir ki, embarqo, beynəlxalq təcrid altındadır və iqtisadi idarəetmə, bank
sistemi, pul tədavülü feodal dövrü üsulu ilə idarə olunur.
İranda geniş milli hərəkatın məyusedici əsas amilləri də məhz bundadır. Kürd
milli hərəkatı əsasən əşirətlərin insan potensialına və İraq kürdlərinin maliyyə
dəstəyinə söykənir. İranın cənubunda yaşayan ərəblər uzun müddət mərkəzin
repressiyalarından yaxa qurtarmaq üçün təşkilatlanıb və ərəb ölkələrinin geniş
dəstəyini alıb. Bəluclar Pakistandakı bəluc muxtariyyatının dəstəyinə arxalanır.
Xorasanda milli hərəkat klassik sünnü islam cərəyanlarına əsaslanır və çox
radikal silahlı qüvvələrə malikdirlər.
Göründüyü kimi, dağılmaqda olan İran İslam Respublikasında kimin daha ayıq
və öngörən olması yaxın zamanlarda üzə çıxacaq. Burada, hiyləgər və bir
cilddən başqa cildə girməyi yaxşı bacaran İranın ənənəvi din xadimləri
faktorunu da nəzərdə tutmaq lazımdır.


Pərviz Kazımi,
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru

Şərhlər bağlıdır.