Ağıllı və sistemli adamdır. Onun əsas xüsusiyyətlərindən biri azadlığı sevməsi
və fərqli düşüncəyə sahib olmağıdır. Nə qədər optimist olsa da, azadlıq onun
qırmızı xəttidir. O, bunun üçün daim mübarizə aparmağa hazırdır. Sakit,
təmkinlidir. Duyğularını, hisslərini hər adama bildirən deyil. Amma şən, gülərüz,
mərd birisi olduğu üçün ətrafdakılar tərəfindən çox sevilir…
Deyir ki:- “Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən
hadisələrlə maraqlanan əcnəbi dostlarımı o vaxt ölkəmizə dəvət edirdim.
Onların çoxunu öz maşınınla qarşılayıb, özümün və qohum-əqrəbanın evində
yerləşdirərdim. Eyni zamanda Qarabağ probleminə dair xeyli sayda
materiallarla təmin edirdik. Həmin zaman bu tədbirlərlə əlaqədar gələn
jurnalistlərdən biri də Tatyana Çaladze idi. Onunla biz Xocalı faciəsinə dair
“Əsrin genosidi” adlı bir kitab hazırlamaq qərarına gəldik. Bu işlərə görə mən
öz “Jiquli” markalı maşınımı onun istifadəsinə verdim. Onu da deyim ki, bu işləri
hansısa xüsusi fond üzərindən etmirdim, elə ailə dolanışığından ayırıb
görürdüm. Kitab üçün Bərdədə qalıb işləmək lazım gəldi. Xanım hər dəfə maşın
üçün etibarnamənin vaxtı qurtaranda müraciət etməli olurdu. Mənim də başqa
bir maşınım var idi. Ona görə də növbəti dəfə müraciət edəndə ona birdəfəlik
etibarnamə verdim. Bunu da böyük qəhrəmanlıq saymıram. Azərbaycan üçün
iş görmək niyyətində olan hər bir insana imkanım dərəcədə kömək etməyə indi
də hazıram…”
Xeyirxah və nəzakətlidir. Hər zaman başqalarına kömək etmək və nəyisə
öyrətmək üçün çox həvəslidir. Məsuliyyətlidir, məntiqlə hərəkət etdiyinə görə iş
həyatında çox vaxt uğur qazanır. Təbiətcə analitikdir, insanları diqqətlə
nəzərdən keçirməyi xoşlayır. Liderlik keyfiyyətləri var…
“Mən özüm uzun illər jurnalistikada olmuşam. Hazırda da işinin əsas hissəsi
media ilə bağlı olan bir təşkilata rəhbərlik edirəm. Mən özümü jurnalistlərin
dostu yox, onların mövcud olduğu ailənin üzvü hesab edirəm. Dost ailədən
kənar olur. Mediada olanlar bizim jurnalistika təcrübəmizdən az xəbərdardırlar.
Öz dövrü üçün kifayət qədər populyar olub, yüksək tirajla çıxan “Ədəbiyyat və
incəsənət” qəzetinin şöbə müdiri idim. Jurnalistikada kifayət qədər aktiv
olmuşam. Vaxtilə Azərbaycana 100-dən artıq əcnəbi jurnalistin səfərini təşkil
etmişəm. Hətta onların səngərlərdə əsgərlə görüşünə də şərait yaratmışam.
Eyni zamanda, Azərbaycanda təhsil alan əcnəbi tələbələri də müharibədən
zərbə alan regionlara aparmışıq. Bizim layihədə əsasən yazmaq qabiliyyəti
olan insanlar iştirak edirdilər. Onların gördükləri haqqında esse yazmaqları
vacib idi. Onlar eyni zamanda məcburi köçkünlərin yaşayış şəraiti ilə də tanış
oldular, Xocalı faciəsinin şahidlərini dinlədilər, qıçını qolunu itirmiş müharibə
iştirakçıları ilə ünsiyyətdə oldular. Mən hesab edirəm ki, Azərbaycan
jurnalistikasına bundan böyük xidmət ola bilməz.”- söyləyir…
O, 1961-ci ilin fevral ayının 1-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı
kəndində anadan olub. 1968-1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd
məktəbində orta təhsilə yiyələnib. 1979-1981-ci ilərdə Sovet ordusu sıralarında
hərbi xidmət keçib. 1982-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat
İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə oranı
müvəffəqiyyətlə başa vurub. Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər
İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının
mətbu orqanı olan “Ədəbiyyat və incəsənət” qəzeti ilə əməkdaşlıq edib. 1989
1993-cü illərdə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə
rəhbərlik edib. 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF)
qurucusu və sədridir. 1996-cı ildən BMT-nin MDB ölkələri üzrə həyata keçirdiyi
QHT konfransının və “Marşal” Mərkəzinin Cənubi Qafqaz regionu üzrə tədqiqat
qrupunun fəal üzvüdür. Prezident seçkiləri ilə əlaqədar “Seçki-2008” Qeyri
Hökumət Təşkilatları Koalisiyasının əsas təsisçilərindən biri kimi, BAMF
seçkilərdə demokratik prinsiplərin bərqərar olmasında, müşahidəçilik
missiyasının uğurla həyata keçirilməsində yaxından iştirak edib. Beynəlxalq
Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan
Mətbuat Şurası sədrinin müavinidir. Bəli, söhbət Umud Rəhimoğludan gedir…
Deyir ki:- “Uşaq vaxtından şeir yazıram. Orta məktəbi oxuduğum illərdə ilk
şerlərim Füzuli rayonunun “Araz” qəzetində çap olunub. Dövri mətbuatda
kifayət qədər şeir çap etdirmişəm. Müharibə, təşkilatdakı gərgin iş tempi
yaradıcılığıma ciddi mane oldu. Amma hesab edirəm ki, bu yazılar nə vaxtsa
üzə çıxacaq. Müxtəlif mövzulara baş vurmuşam, bunların arasında məhəbbət,
vətənpərvərlik, fəlsəfi düşüncələr var. Poeziya təbdən asılıdır…”
Heç vaxt cansıxıcı olmayıb və fəaliyyətsiz qalmayıb. Macəra həvəskarı olsa da,
həyatını daimi yeniliklərə həsr edir. Risk etməyi bacarır. Həqiqətin üzə çıxması
uğrunda mübahisə etməkdən çəkinmir. İnsanları sevir, amma sevgisini necə
göstərəcəyini dəqiq bilmir. Nə qədər optimist olsa da, azadlığı uğrunda
mübarizə aparmağı xoşlayıt. Onun emosiyalarını görmək elə də asan deyil,
bunun üçün, necə deyərlər, hissiyatı güclü adam olmaq lazımdır…
“Xarici ölkələrdə yaşayan kifayət qədər dostlarım var. Və onlar müxtəlif
istiqamətlərdə çalışan adamlardı. Bu dostluğun əksəriyyəti təsadüflər üzərində
qurulub. İnsan gərək həmişə ölümü unutmasın və çalışıb kimlərəsə əl tutsun.
Mənim həyat prinsipim bu olub. Bəlkə də çevrəmdə həmişə böyük insanlar olub
deyə, əsl həyat fəlsəfəsini düzgün mənimsəmişəm. Bir yox, bir neçə prezident
dostlarım var, bunları danışmağı xoşlamıram. Orta məktəb, əsgərlik
yoldaşlarım də mənim üçün çox qiymətlidir…”- söyləyir.
İşıqlı adamdır, iştirak etdiyi tədbirlərdə xoş söz söyləməkdən çəkinmir. Bu da
onun ürəyiaçıq, mərd, qısqanclıqdan uzaq olduğundan xəbər verir. İlqar
Əlfioğlunun 70 illiyi ilə əlaqədar Mətbuat Şurasında təşkil edilən tədbirdə iştirak
edərkən, bunun bir daha şahidi oldum. O qədər gözəl danışdı ki, yubiliyarın
yaradıcılığını səxavətlə izah edə bildi. Xülasə, haqqında söhbət açdığım Umud
Rəhimoğlu sözün əsl mənasında dəyərli ziyalılarımızdandır…
Şərhlər bağlıdır.