Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxıb

 

Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr
müavini, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi
Rəşad Məcidin 60 illik yubileyi münasibətilə “Qala adam” (Bakı, “Zərdabi
Nəşr MMC, 2025) adlı kitab işıq üzü görüb.
Əməkdar jurnalist, “525-ci qəzet”in baş redaktor müavini Yusif Rzayevin
redaktoru olduğu bu kitabda, əsasən, Rəşad Məcidin bədii-publisistik
yaradıcılığının son beş illik mənzərəsi əhatə olunub. “Qala adam”da 2019
2024-cü illərdə müəllifin qələmə aldığı esse, məqalə və təəssürat yazıları ilə
yanaşı, tanınmış elm xadimlərinin, qələm adamlarının onun müxtəlif səpkili
mətnləri barədə düşüncələri, ciddi elmi-bədii yanaşmaları öz əksini tapıb.
“Qala adam” kitabının tərtibatçısı yazıçı, publisist Nadir Yalçın “Adam necə
qalaya çevrilir?” adlı “Ön söz”də kitabın ərsəyə gəlməsi və nəşrdə toplanan
mətnlər barədə ümumi fikirlərini bölüşüb:
“Rəşad müəllim üçün “beş” ölçü vahididir. O, sevgi şeirlərindən birində
xoşbəxtliyi təcəssüm etmək üçün belə bir misra işlədir: “Biri beş eylər…” Digər
bir şeirində də Şuşanı tərənnüm edəndə yazır: “Biri beş edəndir, güc
artırandır…” Elə bil, beş rəqəmi onun alın yazısında qərar tutub. “525”dəki “5”lər
də bunu təsdiq edər… 60 illik yubileyi münasibətilə son beş ilin Rəşad Məcidini
“Qala adam”da oxuculara təqdim etməyin zəruri olduğunu düşündük”.
Kitabın ilk bölümündə “Qələmsiz yazılanlar” yer alıb. Rəşad Məcidin illər əvvəl
“Facebook” hesabında paylaşdığı status-esselərindən ibarət “Qələmsiz
yazılanlar” adlı kitabı işıq üzü görmüşdü. Həmin kitabın əməli davamı kimi
müəllifin 2019-2024-cü illərdəki status-esselərindən seçmələr “Qala adam”ın ilk
bölümündə cəmləşib.
İkinci bölümdə isə “Qələmsiz yazılanlar”dan yazılanlar” başlığı altında Rəşad
Məcidin status-esseləri barədə təəssüratlar cəmlənib. Akademik İsa
Həbibbəyli, professor Asif Hacılı, şair, tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə
doktoru Qismət Rüstəmov, türkiyəli yazıçı-şair, tərcüməçi İmdat Avşar və
türkiyəli ədəbiyyatşünas Bəxtiyar Aslan bu status-esselərin kitab halında çap
olunması təşəbbüsünün publisistik fikir tarixindəki yeri və rolu barədə fikirlərini
bölüşüblər.
Akademik İsa Həbibbəyli “Rəşad Məcidin statusları və SMS dünyası, yaxud
sosial şəbəkə ədəbiyyatına giriş” adlı məqaləsində yazır: “Qələmsiz
yazılanlar”dakı mülahizələrindən görünür ki, Rəşad Məcid bədii-publisist
yaradıcılığı ilə birlikdə elektron mediaya da yüksək tələbkarlıqla yanaşır. Rəşad
Məcidin “qəzetini göstər, sənin kim olduğunu deyim” aforizmi mətbuat
sahəsində öz məktəbini yaratmış baş redaktorun jurnalistikada özünəinamını
ifadə edirsə, “saytını göstər, sənin kim olduğunu deyim” qənaəti də onun eyni
dərəcədə müasir elektron mediaya məsuliyyətli münasibətini nəzərə çarpdırır.
“Qələmsiz yazılanlar” məkanının əsas ünvanları olan feysbuk və instaqram
haqqındakı qənaətləri onun artıq sadəcə “istifadəçi” qismində deyil, yaradıcı
statusunda elektron mətbuatın və ədəbiyyatın içində olduğunu, özünü həmin
mühitdən kənarda təsəvvür etməsinin mümkünsüzlüyünü göstərir. Yazıçı öz
əsərini çap etdirmək üçün münasib qəzet, jurnal və nəşriyyat seçdiyi kimi,
Rəşad Məcid də statuslarını və SMS-lərini yerləşdirmək məqsədilə elektron
medianı süzgəcdən keçirib, özünə uyğun olan məkanı müəyyənləşdirir”.
Digər iki bölmə Rəşad Məcidin işğaldan azad olunandan sonra Qarabağın
dilbər guşəsi olan, böyük mədəniyyəti özündə ehtiva edən Şuşaya səfəri ilə
bağlıdır. “Şuşa gör nələr eylər” bölümündə eyniadlı təəssürat yazısı öz əksini
tapıb. “Şuşa dəftəri” adlanan digər bölmədə isə daha çox şair Rəşad Məcidlə
tanış olmaq mümkündür. O, “Şuşa dəftəri” adı altında Şuşanın bəxş etdiyi
müxtəlif ovqatları özündə əks etdirən silsilə şeirlər qələmə alıb.
“Oğul Rəşad Məcid, nəvə Rəşad Məcid” bölməsi şair, publisist Şahanə Müşfiqin
qələmə aldığı maraqlı bir söhbəti yenidən oxucuların yadına salmaq üçündür.
“Qala adam”ın bu bölümündə şair, publisist Rəşad Məcidi onu öz ailəsinin –
nənəsinin, xalasının və anasının gözü ilə bir oğul, nəvə kimi qismən tanımaq
mümkün olur.
Rəşad Məcidin publisistik mətnlərinin yer aldığı “Ürəkdən gələn yazılar”
bölməsinin adı da təsadüfi deyil. Yazıçı-publisist Loğman Rəşidzadənin Rəşad
Məcidin yaradıcılığı ilə bağlı “Ürəklə yazılanlar” adlı məqaləsi var. Odur ki,
müəllifin yazıları da “Ürəkdən gələn yazılar” adı altında cəmlənib. Bu yazıların
əsas mövzusunu qocaman qələm adamları ilə bağlı xatirələr, onların
yaradıcılığı ilə bağlı müxtəlif qənaətlərlə yanaşı, işğaldan sonra Qarabağın
müxtəlif yerlərinə səfər edən müəllifin təəssüratları təşkil edir.
“60 yaşa yazı hədiyyələri” bölməsi yubiley yazılarından ibarətdir. Akademik İsa
Həbibbəyli, professor Vilayət Quliyev, yazıçı, esseist Fəxri Uğurlu, şair Vaqif
Bəhmənli, publisist Sevinc Mürvətqızı 60 illiyə həsr olunmuş yazılarda Rəşad
Məcidin portret cizgiləri ilə tanış olmaq mümkündür.
“Rəşad Məcidin sözü haqqında” son beş ildə qələmə alınmış məqalə, esselər
də “Qala adam”da yayımlanıb. Professor Cahangir Məmmədli, yazıçı-publisist
Loğman Rəşidzadə, Əməkdar jurnalist Əflatun Amaşov, türkiyəli yazıçı İmdat
Avşar, şair, publisist Şahanə Müşfiq, yazıçı-esseist Türkan Turan, şair Şəfa
Vəlinin qələmə aldığı yazılarda Rəşad Məcidin bədii yaradıcılığındakı müxtəlif
cəhətlər, onun şeirlərinin poetik məziyyətləri və bu istiqamətlərin onun
publisistik yaradıcılığına təsirləri barədə fikirlər öz əksini tapıb.
“Qala adam”ın son bölməsi “60 ilin söhbəti”dir. “Bir il Ağdam-Bakı qatarında
gecələmişəm” sərlövhəli müsahibədə işğaldan azad olunandan sonra Laçına
və Ağdama ilk dəfə səfər edən Rəşad Məcid ötən illərin yada düşən xatirələrini
və Zəfərdən sonrakı hisslərini dilə gətirib.
Ləman İLKİN

Şərhlər bağlıdır.